“Wikileaks”

 
“Wikileaks”

Hakimiyyətlə bp arasında 10 milyardlıq müdhiş qalmaqal
Rövnəq Abdullayev “bp-Azərbaycan” prezidentini tutdurmaqla hədələyib, qarşı tərəf ABŞ səfiri ilə görüşündə onun haqqında təhqiramiz ifadə işlədib; Xəzərdəki neft quyusunda fəlakət olub və bilmədiyimiz daha nələr...


ABŞ-ın məxfi diplomatik sənədlərini ələ keçirərək yaymaqda davam edən “WikiLeaks” saytı dünən Azərbaycana dair daha bir şok sirrin üstünü açıb. Məlum olub ki, iki il əvvəl bp şirkəti ilə Azərbaycan hakimiyyəti arasında kəskin münaqişə olub. Bu münaqişə nəticəsində Britaniya şirkəti iqtidara təzyiq edib və qəsdən “Şahdəniz” yatağında qaz hasilatını iki dəfəyədək azaldıb, həmçinin “Azəri-Çıraq-Günəşli” yatağına dair müqavilənin şərtlərini birtərəfli qaydada dəyişdirərək prezident İlham Əliyevin ABŞ səfiri ilə görüşdə dediyi kimi, “Azərbaycanın neftini oğurlayıb”.

Bu sensasion məqamlar 2007-ci il oktyabrın 9-da ABŞ-ın Bakıdakı səfiri Enn Dersinin Dövlət Departamentinə və digər qurumlara göndərdiyi məxfi teleqramda öz əksini tapıb. Teleqramın mətnini ABŞ-a aid məxfi sənədlərin yayılmasında “WikiLeaks”lə tərəfdaşlıq edən qəzetlərdən biri - “The Guardian” yayıb.

bp ilə problem nədən yaranıb?

Teleqramdan məlum olur ki, səfir Enn Dersi həmin il oktyabrın 8-də prezident Əliyevlə bir saatlıq görüş keçirib. Görüş Vilnüsdə keçiriləcək enerji sammiti ilə bağlı olub. “Prezident Əliyev Vilnüsdə yüksək səviyyədə görüş ərəfəsində enerji sahəsində mövcud olan problemlərə dair danışıb. ”bp bizim neftimizi oğurlayır" deyə, o kəskin formada bildirib, şirkətin Azərbaycana təzyiq göstərmək istədiyini deyib, bildirib ki, bp “Azəri-Çıraq-Günəşli” yatağından əldə ediləcək gəlirlərin “Hasilatın pay bölgüsü” müqaviləsinə əsasən 2010-cu ildən etibarən 80-nin 20-yə nisbətində bölünməsini ləngitmək istəyir, həmçinin “Şahdəniz” yatağında qaz hasilatını 3 milyard kubmetrdən 1.4 milyard kubmetrə qədər azaltmaqla hədələyir. Prezident deyib ki, bp bunu etsə, Gürcüstan ziyan çəkəcək, çünki Azərbaycan bu qış Gürcüstana qazla kömək edə bilməyəcək. O bildirib ki, Gürcüstanın baş naziri bp ilə məsələni yoluna qoymaq üçün Vaşinqtonun köməyini təmin edəcəyinə söz verib. O, bp-nin danışıqları bərpa etmək üçün oktyabrın 19-dək vaxt istədiyini da bildirib. “Əgər qaneedici cavab verilməsə, Azərbaycan belə qənaətə gələcək ki, bp bizim neftimizi oğurlayır” deyə, prezident bildirib.
Prezident İ.Əliyev enerji məsələsinə dair səfirlə söhbətində deyib ki, Azərbaycan ötən qış olduğu kimi, bu qış da Gürcüstanın qaz təchizatına kömək edəcək. O, Gürcüstanın baş nazirinin Bakıya sentyabrın 27-dəki səfəri zamanı bunu bir daha onların diqqətinə çatdırdığını bildirib. Lakin prezident deyib ki, Azərbaycan hökumətinin bp ilə bəzi problemləri var. Bu üzdən Azərbaycan hökuməti “Azəri-Çıraq-Günəşli” yatağından gəlirlərin bölüşdürülməsi və “Şahdəniz” yatağı ilə bağlı bp ilə danışıqları dayandırmalı olub: “İndi bp bizə siyasi təzyiq göstərməyə çalışır və Azərbaycana verdiyi qazın həcmini 3 milyard kubmetrdən 1.4 milyard kubmetrə qədər azaldacağını bildirir. Lakin bundan ancaq Gürcüstan ziyan çəkəcək. Çünki ”Şahdəniz"dən hasil olunan qaz bu ölkəni təmin etməyə bəs etməyəcək. Əgər bp Azərbaycana verdiyi qazı azaltsa Gürcüstan da daha az qaz alacaq" deyə, prezident ABŞ səfirinə bildirib. Əliyev deyib ki, Gürcüstanın baş naziri Bakıya səfəri zamanı bu problemlə tanış olduğunu deyib və vəd edib ki, Vaşinqtonla bu barədə danışacaq, çalışacaq ki, ABŞ bu işdə kömək etsin.
Əliyev söhbətə davam edərək deyib ki, əgər bp düzgün mövqe tutsa, o zaman Gürcüstanın qazla təchizatında heç bir problem olmayacaq: “Lakin bp ilə bağlı situasiya xoşagəlməzdir. Hesablamalarımıza görə, onlar ”Hasilatın Pay Bölgüsü" (PSA) müqaviləsi üzrə gəlirlərin bölünməsində bizi aldadırlar. Azərbaycan hökuməti hesab edir ki, gəlirlərin bölüşdürülməsi nisbəti bu ilin ikinci kvartalından başlayaraq dəyişməli idi. Lakin onlar bizim neftimizi oğurlayırlar, birtərəfli qaydada müqavilənin şərtlərini elə dəyişdirirlər ki, gəlirlərin bölüşdürülməsi nisbəti 2010-cu ildə baş versin. ARDNŞ bu məsələ ilə bağlı “bp -Azərbaycan” prezidenti Bill Şrederlə danışıb. bp müzakirələrə qayıtmaq üçün oktyabrın 19-dək vaxt istəyib" deyə, prezident bildirir. (Şərh: “bp-Azərbaycan” şirkətində noyabrın 9-na qədər bp prezidentinin səfəri ilə bağlı heç bir informasiya yox idi. Şərhin sonu: Enn Dersi) Prezident Əliyev daha sonra davam edir: “Əgər müsbət cavab almasaq, biz belə qənaətə gələcəyik ki, bp bizim neftimizi oğurlayır, hansı ki, bu neft Azərbaycana məxsusdur. Çünki bp istəyir ki, gəlirlərin 8020 nisbətində bölünməsini 2010-cu ilə qədər uzatsın. Gürcüstanla bağlı situasiya da bununla bağlıdır”.

Türkiyəyə qırmızı işıq

Daha sonra söhbət Türkiyə-Azərbaycan qaz danışıqları ətrafında gedir. Həmçinin Azərbaycan prezidenti bildirib ki, Türkiyənin onun ərazisindən nəql olunacaq Azərbaycan qazının 15 faizini öz tələbatı üçün götürməsini nəzərdə tutan sxemdən də narazıdır. Çünki bu sxem onu tələb edir ki, Azərbaycan Avropadakı müştərilərlə qaz alqı-satqı müqaviləsinin şərtlərini Türkiyəyə açmağa məcbur olsun, həmçinin Azərbaycan qazının 15 faizini Türkiyə özü Avropaya satsın. “Tranzit barədə müqavilə bizim üçün o dərəcədə təcili deyil ki, Türkiyənin əsassız tələblərini qəbul edək”, - deyə prezident bildirib. Dersinin teleqramında deyildiyinə görə, prezident daha sonra məlumat verib ki, Azərbaycanın Yunanıstanla qaz alqı-satqı müqaviləsi var; İtaliya ilə də tezliklə danışıqlar başlayacaq. “Biz imkan verə bilmərik ki, Türkiyə Azərbaycanla Avropanın enerji tərəfdaşlığını əngəlləsin” deyə, o bildirib. Prezident əlavə edib ki, Türkiyənin şərtləri qəbul edilsə, Azərbaycan pul itirməli olacaq; onun dediyinə görə, Türkiyənin təklif etdiyi şərtlər heç bir başqa tranzit müqaviləsində yer almır: “Belə çıxır ki, Türkiyə qazımızın 15 faizini bizim bazarlarda satmaq istəyir. Bu ədalətli deyil. Biz razılaşdırılmış qaydada tranzit tariflərini ödəməyə hazırıq. Həm də bunu ən yaxşı beynəlxalq praktikaya uyğun həyata keçirməyə hazırıq. Türkiyə ilə danışıqlarda bizim mövqelərimiz kifayət qədər güclüdür. Əgər onlar razılaşmanı əngəlləsələr, məsuliyyəti üzərlərinə götürmüş olacaqlar. Nazir həmişə deyir ki, Türkiyə zəruri addımları atacaq, ancaq heç vaxt heç nə etmirlər. Biz təzyiqləri qəbul etmək fikrində deyilik”. Prezident daha sonra səfirə bildirib ki, əgər mümkün olsa ABŞ bu məsələ ilə bağlı Türkiyə ilə danışsın: “Türkiyə hər şeyi almaq istəyir. Onlar başa düşmür ki, Azərbaycan artıq Yunanıstanla saziş bağlayıb, tezliklə İtaliya ilə danışıqlara başlayacaq. Azərbaycan istəyir ki, Türkiyə ilə tranzit razılaşması ən yaxşı beynəlxalq praktikaya əsaslansın, ancaq Türkiyə özündən nəsə yeni şey icad etməsin” deyə, o bildirir. Azərbaycan prezidenti daha sonra deyib ki, ABŞ-ın bu məsələdə tərəflərə texniki yardım göstərmək niyyətini alqışlayır.

Prezident yenə Rusiyadan şübhələnib

İ.Əliyev daha sonra bildirib ki, onun qənaətinə görə, Türkmənistan Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsində maraqlı görünür, ancaq istəyir ki, bunu Rusiyadan gizli saxlasın: “Azərbaycan Türkmənistana öz infrastrukturlarını təklif edərkən maksimum konstruktiv davranıb və ancaq tranzit ölkəsi kimi fəaliyyət göstərmək istəyir. Lakin Azərbaycan bu məsələdə Türkmənistanla növbəti addım atmayacaq. Biz onlardan daha çox bu layihənin reallaşmasını istəyə bilmərik”. Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun qazı sərhəddə satmağa hazır olduqları barədə bəyanatını xatırladaraq deyib: “Lakin mənə aydın deyil ki, o hansı sərhədi nəzərdə tutur? Rusiya, İran, yoxsa Xəzər dənizini? Azərbaycan Odessa-Brodı-Plotsk neft kəmərini də həqiqətən siyasi səbəblərə görə dəstəkləyir, çünki bu kəmərin keçdiyi Ukrayna, Gürcüstan, Polşa bizim dostlarımızdır. Biz bu layihə ilə bağlı Vilnüsdə konkret addımlar atmağı təklif edəcəyik” - deyə, prezident bildirir.
Görüşdə Əliyev onu da bildirib ki, Litvanın baş naziri Valdas Adamkus ötən ay onunla görüşündə deyib ki, Qazaxıstan Vilnüsdəki enerji sammitinə qatılmayacaq. Enn Dersinin teleqramına görə, Əliyev daha sonra məyusluqla bildirib ki, Azərbaycan-Qazaxıstan yüksək səviyyədə toplantısını keçirmək ideyası Nazarbayevə məxsus idi. Lakin bu istiqamətdə sonradan heç bir addım atılmadı. Enn Dersinin şərhi: “Əliyev Türkiyə, Türkmənistan və xüsusən bp ilə bağlı müzakirələr haqda danışarkən açıq-aydın məyus görünürdü və sərt ifadələrdən istifadə edirdi. Həmçinin o Qazaxıstanın enerji məsələsində danışıqlardan yayınmasından da məyusluğunu ifadə etdi. Söhbət zamanı dedi ki, Azərbaycanın Avropaya qaz nəql etmək marağı stratejidir. O, həmçinin açıq şəkildə Rusiyaya işarə edərək dedi ki, Azərbaycan qaz probleminə görə artıq regionda başqalarından asılı deyil. Əliyevi əmin etmək vacibdir ki, ABŞ Vilnüs sammitində Cənub enerji dəhlizinə sadiq olduğunu nümayiş etdirəcək, bu məsələdə Azərbaycanla yaxın tərəfdaşlıq edəcək, Türkiyə, Türkmənistan, bp ilə müzakirələrin yoluna qoyulmasında kömək edəcək”. Səfir daha sonra əlavə edib ki, bp ilə ARDNŞ arasında danışıqların gedişi və Azərbaycanın qış aylarında Gürcüstanı qazla təmin etmək qabiliyyəti barədə ayrıca teleqram göndərəcək.
Enn Dersi bp ilə Azərbaycan hakimiyyəti arasında hökm sürən gizli qarşıdurma ilə bağlı ikinci teleqramı 2007-ci il oktyabrın 22-də göndərib. Hansı ki, Azərbaycan hakimiyyətinin bp-yə verdiyi vaxt başa çatıb və şirkət neft bölgüsü ilə bağlı ARDNŞ və dövlət başçısı ilə danışıqlar aparıb. Bu teleqramdan məlum olur ki, şirkətlə anlaşma əldə etmək mümkün olmayıb və Azərbaycan tərəfi bp-yə ultimatum verib. ARDNŞ prezidenti Rövnəq Abdullayev xəbərdarlıq edib ki, şirkət mövqeyindən geri çəkilməsə, Azərbaycan prezidenti məsələni xalqa açıqlayacaq, bp-ni 10 milyard dollarlıq nefti oğurlamaqda ittiham edəcək və beynəlxalq məhkəməyə müraciət edəcək.


Geri dön

Sergio Ramos

  • 21 dekabr 2010 01:31
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
maraqsız olub deyəsən

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 63

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}