Yuxular nədən xəbər verir?

 
Yuxular nədən xəbər verir?


Yuxuların informasiya dilini açmaqla biz... həyata keçməyən arzularımızı, şüuraltı istəklərimizi başa düşə bilərik.

Tanrı özünü insanlara yuxuda əyan edir?!...

Ana təbiətin orijinal ideyası olan röyanı millətindən, dinindən, irqindən asılı olmayaraq bütün insanlar görür. Uzaq keçmişdə insanlar yuxu prosesini dərk edə bilmədikləri üçün röyadakı hadisələri reallıq, mövcud olan bi şey kimi qəbul edirdilər. Onlar parlaq, emosional, rənglərlə bəzədilmiş yuxu epizodlarını gerçəklikdən ayıra bilmirdilər. Yuxuda özlərini müxtəlif zamanlarda, məkanlarda və formalarda görən qədim insanlar “ruhun” olmasına və onun yuxu zamanı bədəni tərk edərək dünyanı azad səyahət etməsinə inanırdılar.
Afrikalı xristian filosofu Kvint Tertullian yazırdı: “Demək olar, hamıya aydındır ki, Tanrı özünü insanlara ən çox yuxuda əyan edir”. “Quran”, “Tövrat”, “İncil” və digər müqəddəs dini kitablarda çin olmuş yuxuların yada salınması, mələklərin yuxularda görsənməsi, Peyğəmbər yuxularının şərh edilməsi bütün dinlərdə yuxuya inamın olduğunu göstərir. Bəzi tədqiqatçılar hesab edir ki, Peyğəmbərlər, onlara Allah vergisi verilməsi barədə ilk informasiyanı da məhz yuxu vasitəsilə almışlar. Məhəmməd Peyğəmbər yuxunu mənəvi və ruhi həyata qapı hesab etmişdir. Bütün müsəlmanların, o cümlədən millətimizin müqəddəs bayramı olan Qurban bayramının yaranmasının kökündə də məhz yuxu durur.

Qızlar yuxularında qismətlərini görürlər...

Yuxuya inam keçmişdə insanların məişət və sosial-siyasi həyatlarına əhəmiyyətli təsir edərək müxtəlif dinlərin, adət-ənənələrinin təşəkkülündə də çox mühüm rolu olub. Qədim Azərbaycan xalqının tarixi abidələrində, adət-ənənələrində, folklorunda, nağıllarında, dastanlarında, əfsanələrində, filmlərində yuxunun əhəmiyyətli təsirinə və yuxuya inam elementlərinə rast gəlmək olar. Məsələn, “Bir qalanın sirri”, “Tütək səsi”, “Yuxu”, “Qaynana” kimi bir sıra kino filmlərimizdə, “Koroğlu”, “Aşıq Qərib”, “Aşıq Valeh”, "Əsli-Kərəm" kimi dastanlarımızın demək olar ki, əksəriyyətində yuxu səhnələri öz əksini tapıb.

Xalqımızın ən sevimli bayramlarından biri olan Novruz bayramı ərəfəsində, el arasında olan inama görə axır çərşənbə axşamı susuz duzlu kökə yeyib yatan qıza yuxuda kim su verirsə, yaxud həmin axşam alma yeyib cecədə olan toxumlardan on dənəsini yastığın altına qoyub yatan qızın yuxusuna kim girirsə, həmin adam o qızın qisməti olur. Başqa bir inama görə, axır çərşənbə axşamı ürəkdə niyyət tutub yatan qız, gecə yarısı durub şam yandıraraq güzgüyə yaxınlaşarsa güzgüdə öz gələcək həyat yoldaşının surətini görə bilər. Müşahidələr göstərir ki, həqiqətən belə yuxulardan sonra öz səadətini tapan insanlar heç də az deyil. Əgər belə olmasaydı yəqin ki, yuxuya inamlar bu günə qədər gəlib çıxmazdı.

Çin çıxmış yuxular

Yuxuların çin çıxmasına dair tarixdə çoxlu sayda misallar da var. Eynşteyn etiraf edirdi ki, həqiqətən, onun bir çox kəşfləri yuxu görmənin nəticəsi olub və məhz nisbilik nəzəriyyəsi də yuxudan doğulub. Bəzən ayıqlıqda məntiqi təfəkkürlə həll olunmayan problemlər yuxuda öz həllini tapır. Məşhur Rus kimyaçısı D.Mendeleyevin elementlərin dövrü sisteminin strukturunu yuxuda “görməsini” belə izah edir: “Yuxuda mən gördüm ki, elementlər özləri necə lazım olan yerlərə oturaraq cədvəl yaradırlar. Yuxudan ayılan kimi mən onları kağıza köçürdüm. Düzəliş yalnız bir yerdə lazım oldu”.

Hökmdarların şah yuxuları

Digər bir kimyaçı, benzolun molekulyar strukturu problemi üzərində çalışan F.A.Kekul yuxuda quyruğu ağzında olan ilan gördükdən sonra, sübut etdi ki, benzolun molekulyar strukturu halqa şəklindədir. Bəşəriyyət tarixində bir sıra siyasi və hərbi xadimlər üçün yuxunun vacib informasiya mənbəyi olması faktları da mövcuddur. Keçmişdə, demək olar ki, bütün məşhur hökmdarların, padşahların, çarların, knyazların xüsusi yuxu yozanları var idi. Onlar döyüşə, yürüşə və ya ova hazırlaşdıqları ərəfədə gördükləri yuxulardan hadisələrin uğurlu və ya uğursuz olacağı barədə müəyyən mənada informasiya alırdılar. Məsələn, Makedoniyalı İsgəndər öz yuxularını yazdırırdı və onların bəzilərini hətta açıq şəkildə bəyan edirdi. Rəvayətə görə, Çingizxanın gördüyü iki yuxu onun sonrakı həyatının bütün istiqamətlərini müəyyənləşdirmişdir. Birinci yuxu vasitəsilə ona Monqolları idarə etmək, ikinci ilə isə zəbt etmək yolu ilə öz hakimiyyətini genişləndirmək göstərişi verilir. Bu çağırışa əsasən, Çingizxan yürüş yurüş dalınca edərək qarşısı alınmayana kimi öz imperiya dairəsini Dneprə qədər genişləndirmişdi.

Yuxunun elmi cəhətdən tədqiqatları

Elm artıq sübut edib ki, hətta yatanda yuxu görmədiklərini təkid edən insanlar da vaqiə görürlər, sadəcə, onlar ayılanda öz gördüklərini yada sala bilmirlər. Yuxu haqqında, müxtəlif fərziyyələr olsa da, onlardan elmi cəhətdən tam təsdiqini tapanı hələ ki, yoxdur. Ən geniş yayılmış fərziyyə isə odur ki, insana yatmaq onun istirahəti, daha doğrusu orqanizmin gün ərzində itirdiyi enerjini bərpa etmək üçün lazımdır. Adam yatıb durduqdan sonra özünü gümrah hiss etdiyi üçün bu fərziyə müəyyən qədər inandırıcı görünür.
Yuxunun elmi cəhətdən tədqiqatları, əsasən, fizioloji, elektrofizioloji və psixoloji istiqamətlərdə daha çox inkişaf edib:

Fizioloji tədqiqatlar

Fizioloji tədqiqatlar göstərir ki, insanın ayıqlıq dövründə sinir hüceyrələrinin bioenergetik potensialının sərf edilməsi və qıcıqlanma qabiliyyətlərinin zəifləməsi baş beyinin böyük yarım kürələr qabığında tormozlanma əmələ gətirir. Tormozlanmanın tədricən beyinin daha dərin hissələrinə və orta beyinə yayılması yuxu əmələ gətirir. Yuxulama zamanı əvvəl fikrin aydınlığı yox olur, sonra şüur itir, daha sonra əzələlər boşalır və sonda vegetativ orqanların fəaliyyəti zəifləyir. Belə funksional sakitlik halında sinir hüceyrələri öz bioenergetik səviyyələrini bərpa etməyə başlayır. Əgər ayılma momentinə qədər yuxu tam mükəmməl olursa, onda əsəb hüceyrələri aktiv fəaliyyətə hazır olur.

Elektrofizioloji tədqiqatlar

1953-cü ildə əslən Rusiyadan olan Çikaqo Universitetinin alimi N.Kleytman və onun aspirantı Y.Azerinski tərəfindən laboratoriya tədqiqatları zamanı elektroensefaloqram vasitəsilə yuxunun bir neçə fazası müəyyən edilmişdir. Məlum olmuşdur ki, yuxu, növbə ilə bir-birini əvəz edən səthi, ləng, dərin və tez yuxu fazalarının cəmidir. Axırıncı faza gözlərin sürətli hərəkəti ilə müşayiət olunduğu üçün ona həm də REM (ing. REM rapid eyes movements - gözlərin iti hərəkəti) yuxu deyirlər. Yuxu fazaları ardıcıllıqla bir-birini əvəz edərək orta hesabla hər 1,5 saatdan bir yenidən əvvəlki sıra ilə təkrarlanır. Bu zaman yuxu fazaları arasında intervallar dəyişir. Məsələn, REM yuxu birinci dəfə 5-15 dəqiqə davam edirsə, sonrakı fazalarda 30-40 dəqiqə davam edir. Maraqlıdır ki, insanın yuxu görməsi məhz REM yuxu fazasına təsadüf edir. Gözlərin sürətli hərəkəti bu faza üçün o qədər xarakterikdir ki, onu hətta kənardan yatanın qapanmış göz qapaqlarının titrəməsindən də müşahidə etmək olar. Belə qəribəliyinə görə REM fazaya bəzən “paradoksal” yuxu da deyirlər. Bu faza həm də ona görə paradoksaldır ki, yatanın beynində insanın ayıqlığı üçün xarakterik olan sürətli elektrik dalğaları əmələ gəlir. “Paradoksal” yuxu zamanı yatanı qəfil oyatsan o, mütləq röya gördüyünü deyəcək.

Yuxunun psixoloji araşdırılmaları

Yuxunun psixoloji cəhətdən öyrənilməsi psixoanalizin atası Ziqmund Freydin adı ilə bağlıdır. Alimin əsas xidmətlərindən biri yuxu tədqiqatlarında diqqəti şüursuzluq probleminə yönəltmək olub. Onun fikrincə, yuxunun keşiyində hansı isə bir “senzura” durur. Bu senzura “üzə çıxan qadağan fikirləri” müxtəlif simvollarla əvəz edir. Röyada olan bütün mənasız, məntiqsiz, cəfəng yuxu simvol obrazlarına görə məsuliyyəti məhz beyindəki “senzura” aparatı daşıyır. Z.Freyd iddia edirdi ki, azad assosiasiya yolu ilə qarmaqarışıq yuxuları analiz etmək mümkündür, lakin bu zaman elə informasiyalarla üzləşmək olar ki, onların açıq müzakirə obyektinə çevrilməsi arzuolunmaz hallara gətirib çıxarda bilər. Çünki, belə informasiyalar, adətən, elə yuxu görənin özü üçün də xoşagəlməz olur, ona görə də belə fikirlər inadla şüurdan sıxışdırılıb çıxardılır.

İş yuxu görəndə deyil, yuxu yozandadır

Ümumiyyətə, yuxular iki cür olur: dərk olunan və başa düşülməyən. Dərk olunan yuxu adından göründüyü kimi insana müəyyən mənada aydın olur. Başa düşülməyən yuxularda isə informasiyalar kodlaşdırılmış şəklində olur. Həmin kodları açmaq hər adamın iş deyildir. Bu işlə şamanlar, mollalar, kahinlər və peşəkar yuxu yozucuları məşğul olurlar. Yuxuların informasiya dilini anlamaq üçün bu gün bütün dünyada, demək olar ki, hər dildə yuxuları yozan müxtəlif kitablar var. Onların əksəriyyəti qədimlərdən üzü köçürülmüş, az hissəsi isə müasir yuxu kitablarıdır. Bəzi yuxu yozanlar isə yuxuları şərh etmək üçün öz üsullarını, təcrübələrini, müxtəlif prinsip və yanaşmalarını istifadə edirlər. Xarici ölkələrin bəzilərində yuxu yozanlar birbaşa xüsusi telefonlar, televiziya və radio kanalları vasitəsilə canlı yayımda insanların yuxularını izah edir, onlara gördükləri yuxuların mənasını başa salırlar.

Yuxuda gizlənən informasiyanı izah etmək üçün hazırda ən çox istifadə edilən kitablardan Millerin, Freydin, Vanqanın, Nostradamusun, Svetkovun, Devid Loffanın, Yuriy Lonqonun, Assiriya, Müsəlman, Rus, bunlardan əlavə, məhəbbət, mətbəx və s. yuxu yozma kitablarını göstərmək olar. Lakin bu kitablardan istifadə edərkən hər şeyi nəzərə alınmalıdır. Çünki, məzmunca oxşar yuxular, yuxu görən adamın həyat tərzindən, sosial vəziyyətindən, cəmiyyətdə mövqeyindən, vəzifəsindən, cinsindən, yaşından və s. parametrlərdən asılı olaraq müxtəlif informasiyalar verə bilər. Aydındır ki, böyük vəzifəli adamın yuxusuna girən hər hansı bir obraz, fəhlənin yuxusundakından tam fərqli məna verəcək. Yaradıcı adam üçün yeni uğurlar vəd edən bir yuxu, avara adam üçün böyük uçurum vəd edə bilər.

Yuxu sirrini açan doqquz açar

Məşhur rus həkimi İ.M.Seçenov yuxunu görünən təsəvvürlərin görünməmiş kombinasiyası kimi adlandırmışdır. Ona görə də, bu kombinasiyanı açmaq üçün bir sıra məsləhətlərə əməl etmək məqsədəuyğun olar. Belə ki, peşəkar yuxu tədqiqatçısı Robert Moss özünün “Yuxuların qapısı” əsərində bu qapını açmaq üçün doqquz açar təklif edir. Professor məsləhət görür ki, ilk növbədə ayılan kimi yuxunun məzmunun olduğu kimi bir kağıza köçürəsən, yaxud maqnitofon lentinə səslə yazasan. Belə etmədikdə yuxu elementlərindən çoxu sonradan yaddan çıxır və yuxunu düz yozmaq mümkün olmur. Yuxunu analiz edərkən insan yuxudan aldığı ilk təəssürata fikir verməli, sonra yuxu elementləri arasında ağlına gələn ilk assosiasiyanı qeyd etməli, onun gerçəkliklə oxşarlığını aparmalı, əgər bir şey alınmırsa, yuxunu tam dərk edənə kimi təkrarən eyni yuxuya qayıtmağı öyrənməlidir. Bundan əlavə, insan yuxu personajları ilə dil tapmağı və onlarla dialoq aparmağı bacarmalı, özünün yuxuda hansı rolda olduğuna fikir verməli, yuxu simvollarını sonsuz sayda tədqiq etməklə öz simvollarının mənasını dəqiqləşdirməlidir. Məsələn, hər dəfə eyni simvolu görəndən sonra nə baş verir? gün necə keçir? kim gəlir? və s. İnsan konkret bir röyanın onun şəxsiyyətinin hansı hissəsini təmsil etdiyini müəyyənləşdirməlidir. Misal üçün, vaqiədə görülən “ev” obrazı insanın şüuraltisını təmsil edə bilər, əgər bu evin təmirə ehtiyacı varsa, onda insan öz xarakterinin, yaxud hər hansı orqanın “təmirə” ehtiyacı olduğu barədə düşünməlidir. Sonda Robert Moss məsləhət görür ki, insanlar yuxuda olan informasiyaya ciddi yanaşmalı, müdrik və yaradıcı ruhda onların həyata keçirilməsinə çalışmalıdır.

Tanınmış Amerika filosofu R.U.Emerson deyirdi ki, təcrübəli adam vaqiələri gələcəyi görmək üçün yox, özünü dərk etmək baxımından analiz edib öyrənir. Röyalar bizə özümüz və həyatımız haqqında həqiqətləri deyir. Onların informasiya dilini açmaqla biz öz daxili aləmimizə də yol açırıq. Yuxu, hətta nə qədər dəhşətli olsa belə ondan qorxmaq lazım deyil, əksinə, biz yuxularımızla yoldaşlıq edib onu daha dərindən öyrənməklə tədricən öz həyata keçməyən arzularımızı, şüuraltı istəklərimizi başa düşə bilərik və bizə gizli surətdə əziyyət verən problemlərdən azad olarıq.

Vüqar Haqverdiyev


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 00:26
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
4OXXXXX QEWENGDIR .....!YAZAN ELLERIVIZ VAR OLSUN ..MARAQLIDIR!

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 25 fevral 2011 18:35
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

YazYamuru

  • 21 yanvar 2011 03:53
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
MƏN YUXULARIMI ÇOOOOOXX SEVİRƏM VƏ İNANIRAM MƏNƏ YUXULARIM YOL GÖSTƏRİR ŞƏXSƏN SƏHVİMİ DÜZÜMÜ!!!!!!! winked

--------------------



L_SimuS

  • 20 yanvar 2011 01:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur maraqli xeber ucun
<><><><><><><><><>
:::::::::::::::::::::::::::::::::::
<><><><><><><><><>
:::::::::::::::::::::::::::::::::::
<><><><><><><><><>

sevgim

  • 19 yanvar 2011 19:14
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
yuxu tutdu meni bunu oxuyana kimi wink

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

JISTEN TIMBERLAND

  • 19 yanvar 2011 18:52
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
xox pis xox pis ele oxuyanacan yuxuya getdim

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

Kisa_Kiss

  • 19 yanvar 2011 16:16
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
smile спасибо

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 42

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}