Bağlı qapı (I hissə)

 
Bağlı qapı (I hissə)

“Servantes” oteli başqalarının bəyənməyəcəyi yarıqaranlığı, sakitliyi, boşluğu ilə xoşuna gəlmişdi. Təsadüfi yol yoldaşı gəmidə ona bu oteli təriflədi və dedi ki, o, şəhərin mərkəzində yerləşir. Və budur, artıq Montovideoda, Petrone özünə düz ikinci mərtəbənin holluna çıxan vannalı otaq götürdü.
Elə açarlar asılmış taxta lövhəyə baxarkən o başa düşdü ki, otel demək olar ki, boşdur. Qonaqlar onu cibinə qoymasın deyə hər bir açara böyük mis nömrə bərkidilmişdi. Lift hollda, jurnal köşkünün və telefon siyahısının yanında, onun qapısından bir neçə addımlıqda dayanırdı. İsti, az qala qaynar su gəlirdi və bu, az da olsa, boğanaqlığı və yarızülməti adama unutdururdu. Hərdən göyərçinin gəzişdiyi kiçik pəncərə qonşuluqdakı kinoteatrın damına açılırdı. Hamam otağında hava nisbətən təmiz, pəncərə daha böyük idi, lakin orada da baxışlar divara dirənirdi, otağın damı üzərindəki kiçicik göy parçası isə gərəksiz görünürdü. Mebel xoşuna gəldi – çoxlu yeşiklər, siyirmələr və xüsusən nadir olan çoxsaylı asılqan.
Mehmanxana müdiri - hündür, arıq, keçəl – qızıl sağanaqlı eynək taxırdı və bütün uruqvaylılar kimi, bərkdən və cingiltili səslə danışırdı. O dedi ki, ikinci mərtəbədə çox sakitlikdir, yalnız bir, qonşu nömrə tutulub və otağın sakini olan qadın işdən gec qayıdır. Ertəsi gün Petrone həmin qadınla liftdə üz-üzə gəldi; o, qadını iri sikkə kimi əlində tutduğu nömrə açarından tanıdı. Portye hər ikisindən açarı alıb taxta lövhədən asdı, qadınla isə məktublar barədə danışdı. Petrone görə bildi ki, o, hələ cavandır, bütün yerli qadınlar kimi, çirkin və pis geyimdədir.
O, təxmini hesabladı ki, mozaika təchizatçıları ilə müqavilə bağlanılması təxminən bir həftə çəkəcək.
Axşamüstü o, əşyalarını yerləşdirdi, kağızları sahmana saldı, hamamda yuyundu və gəzintiyə çıxdı, sonra isə idarəyə yollandı. Danışıqlar gecəyədək uzandı, arada vaxt tapıb kafedə içki içdilər və şəxsi evdə şam yeməyi yedilər. Otelə onu saat ikidə gətirib çıxardılar. O yorulmuşdu və yatağa girən kimi yuxuladı. Saat doqquzda o, yataqdan qalxdı və hələ yarıyuxulu halda düşündü ki, gecənin yarısında uşaq səsindən oyanmışdı.
Oteldən çıxarkən o, portye ilə (o, alman ləhcəsi ilə danışırdı) bir-iki kəlmə söhbətləşdi, ondan avtobus marşrutları və küçə adlarını öyrənərək, dağınıq baxışlarla nömrəsinə aparan holla göz gəzdirirdi. Onun qapısı ilə qonşu qapı arasında pyedestala Miloslu Veneranın zövqsüz nüsxəsi qoyulmuşdu. Heykəldən sonra, böyürdə, hər yerdə olduğu kimi, kürsü və jurnal stolu qoyulmuş kiçik qonaq otağına giriş görünürdü.
Söhbət ara verdikdə sakitlik kül dumanı kimi mebel və mərmər döşəməyə çökürdü. Lift dözülməz halda guruldayır, eynilə bu cür qəzet xışıldayır, kibrit çöpü çıqqıldayırdı.
Müşavirə axşama yaxın bitdi. Petrone 18 iyul küçəsi ilə gəzişdi, sonra isə Müstəqillik meydanındakı kafedə şam yeməyi yedi. Hər şey yaxşı gedirdi və ola bilsin ki, Argentinaya qayıdış vaxtı güman etdiyindən də yaxındı. O, Argentina qəzeti, bir qutu nazik qara siqar aldı və otelə getdi. Otelin düz yanındakı kinoteatrda iki, artıq baxdığı film nümayiş olunurdu; amma o, ümumiyyətlə heç yerə getməyə həvəsli deyildi.
Mehmanxana müdiri onunla salamlaşdı və ona daha bir mələfə dəstinin lazım olub-olmadığını soruşdu. Onlar bir qədər söhbətləşdilər, siqar çəkdilər və sağollaşdılar.
Yatmazdan əvvəl Petrone özü ilə götürdüyü sənədləri səliqəyə saldı və tənbəlliklə qəzetə göz gəzdirdi. Mehmanxanada dözülməz sakitlik vardı; Soriano küçəsindən keçən tək-tük tramvaylar bir anlığa sükutu dağıdırdı, lakin bundan sonra yenə ölü sükut çökürdü. Petrone sakitcə və həm də tələsmədən qəzeti zibil səbətinə atdı və dağınıq halda güzgüyə baxaraq əynini soyundu.
Yetərincə köhnə güzgülü şkaf qonşu nömrəyə açılan qapının qarşısını tutmuşdu. Bu qapını görərkən Petrone heyrətləndi – bundan əvvəl gözü ona heç sataşmamışdı. O anladı ki, bina otel üçün nəzərdə tutulmayıb; köhnə idarə və mənzillər həmişə ucuz mehmanxanalara çevrilir. Onun qaldığı bütün digər mehmanxanalarda da (o isə çox səyahət edirdi) ikibaşlı və utancaq şəkildə, sanki əliylə döşünü, yaxud qarnını örtən qadın kimi, ya bağlı, ya da bağlanmamış, ya şkafla, masayla, ya da asılqanla qarşısı örtülmüş qapı aşkarlanırdı. Bununla belə, istər gizlət, istər gizlətmə, qapı yeri şkafdan hündür idi. Nə vaxtsa onu açaraq içəri giriblər, onu bağlayıblar, çırpıblar və indi də ona, divara oxşamayan laya ömür veriblər.
Petrone təsəvvürünə gətirdi ki, qapının o biri tərəfində də şkaf var və qonşu nömrədəki qadın da bu qapı haqqında düşünür.
O yorulmamışdı, lakin möhkəm yuxuladı, təxminən üç saat yatdı və qəribə bir hisslə yuxudan oyandı. Sanki nə isə pis bir şey, xoşagəlməz hadisə baş vermişdi. O, işığı yandırdı və gördü ki, saat əqrəbləri üçün yarısını göstərir. İşığı yenidən söndürdü. Və bu vaxt qonşu otaqda çağa ağladı. Əvvəlcə o heç nə anlamadı, hətta sevindi də. Deməli, ötən gecədə də ona uşaq ağlaması narahat etmişdi. Hər şey aydındır, o yanılmamışdı, yenidən yuxuya getmək olar. Lakin bu zaman beynində başqa bir fikir yarandı; Petrone astaca çarpayıda oturub işığı yandırmadan qulaq asmağa başladı. Bəli, uşaq səsi oradan, qapının arxasından gəlirdi. Bu səs qapının arasından, çarpayının ayaqlarından süzülüb içəri keçirdi. “Bu necə olur? Orada uşaq ola bilməz; mehmanxana müdiri qətiyyətlə dedi ki, qadın təkdir və bütün günü işdə olur. Ola bilsin ki, o, uşağı gecə qohum qadından, yaxud rəfiqəsindən geri alıb... Bəs dünən?”
İndi o bilirdi ki, o vaxt da heç nəyə oxşamayan bu – dolaşıq, zəif, yalvarışlı, sanki uşaq xəstə olduğu üçün gah inləyişlə, gah da zarıltılı ilə kəsilən ağlama səsini eşidib. Yəqin ki, o, bir neçə aylıqdır – axı çağalar bərkdən, gücdən düşənədək ağlayır qışqırırlar.
Petrone nədənsə təsəvvürünə gətirdi ki, bu, hökmən oğlan uşağıdır: sısqa, xəstə, büzüşmüş, zəiflikdən güclə tərpənən. Buna görə də gecələr diqqəti cəlb etmədən ağlayır, utanaraq şikayətlənir, zarıldayır. Bu qapı olmaya, kimsə uşaqdan xəbər tutmazdı – yalvarışlı səslər divarı dələ bilməzdi.
Nahar vaxtı siqar çəkə-çəkə Petrone hələ də onun haqqında düşünürdü. Yuxusuz gecələr gündüz işləməyə mane olur, uşaq səsi isə onun yuxusuna iki dəfə haram qatmışdı. İkinci dəfə lap pis: qadın səsi – çox sakit, bilərəkdən aydın – yatmağa heç imkan vermirdi. Çağa bir dəqiqəlik susur, sonra qısa ah-zar acı yalvarışla əvəzlənirdi. Qadın yenə mənası bilinməz sözləri pıçıldayır, cismani, yaxud mənəvi ağrıdan, həyat, yaxud ölüm qorxusundan əldən düşmüş körpəni ana sevgisilə ovsunlayırdı. “Əcəb işdir, mehmanxana müdiri mənə aldadıb”, - deyə oteldən çıxarkən Petrone düşündü. Eşitdiyi yalan onu qəzəbləndirirdi və o bunu gizlətmədi. Mehmanxana müdiri isə onu dinlədikdə heyrətləndi.
- Uşaq? Siz səhv edirsiniz. Bizim oteldə südəmər uşaq yoxdur. Sizinlə yanaşı otaqda tənha qadın qalır, - mən ki sizə demişdim.
Petrone o dəqiqə cavab vermədi. İkisindən biriydi: ya mehmanxana müdiri həyasızcasına yalan danışır, ya da yerli akustika onunla səfeh zarafat etmişdi.
Həmsöhbəti ona bir qədər çəp baxırdı, sanki bütün söhbətin mövzusu onu qıcıqlandırırdı. “Yəqin, düşünür ki, mən cəsarətsizlikdən tələb etmirəm ki, məni başqa nömrəyə köçürsünlər”, - deyə Petrone fikirləşdi. Hər şey qətiyyətlə danıldıqda inad etmək çətindir, sadəcə, mənasızdır........

Bağlı qapı (I hissə)


Geri dön

_keleBek_)

  • 10 fevral 2014 18:15
  • Məqalə: 63
  • Şərh: 3033
  • Bal:
tewekkurlerr

--------------------

GuNaY_83

  • 4 fevral 2014 22:34
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Sag olun meqale ucun.

--------------------

SlaDkaya Deliwka

  • 3 fevral 2014 13:52
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
мəqaւəyə görə тəşəккürւər...

Roya_____

  • 1 fevral 2014 13:14
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurlerr

tasteful girl

  • 25 yanvar 2014 21:40
  • Məqalə: 1
  • Şərh: 810
  • Bal:
{awards}
guzellllllllllllllllllllllll

melek_19

  • 16 yanvar 2014 02:44
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Sag olun meqale ucun.

--------------------

aska rico

  • 15 yanvar 2014 23:55
  • Məqalə: 158
  • Şərh: 7181
  • Bal:
{awards}
tesekkurler

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 15 yanvar 2014 21:40
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Oxuyacam secilmelere atdim

--------------------
(^_*)

DUYGULARIM

  • 15 yanvar 2014 21:39
  • Məqalə: 106
  • Şərh: 1008
  • Bal:
{awards}
Hər şey qətiyyətlə danıldıqda inad etmək çətindir, sadəcə, mənasızdır....

--------------------

Mən olmasamda,həyat davam edəcək...

вคɴค iкiмizi คɴlคт ❤

  • 15 yanvar 2014 21:36
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Cox sagolun tesekkurler))))

^^Nazlı Şeytan^^

  • 15 yanvar 2014 20:54
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
saolun...!

Qaska_Quli

  • 15 yanvar 2014 20:35
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkk ellerive sagliggg

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}