1 milyon dollar qazanmağın ən asan yolu!

 
1 milyon dollar qazanmağın ən asan yolu!


Zəng edin və dərhal bütün problemləriniz həll ediləcək! Üstəlik, 1 milyon pul əldə edəcəksiniz!

TV falçılıq: bunun TV zarafat olduğunu yəqin ki, kimsə deyəcək.

Təxminən bir ilə yaxın müddət gözlədim. Onu ki, bir kimsə çıxıb bunun ya komedi-şou olduğunu deyəcək, ya da "kameraya əl yelləyin, bu, bir TV verilişi idi" deyib, bu sərsəm zarafata son qoyacaq. Bəlkə də hansısa elmi mərkəzin böyük sınağıdır bizi keçirirlər. Yoxlayırlar ki, bu cəmiyyət sərsəmliyə necə reaksiya verir, hara qədər həssasdır? Sonuncu versiyadan çəkinib, bu yazını yazıram. Məni üzürlü sayın, özümü sonradan "səfeh" rolunda görmək istəmirəm.

Şəkər tozu gələcəkdən xəbər verir

Demək belə: kanalların birində falçılar məclisi qurulmuşdu. Tipik psixopatlar şousu. Hərəsi bir nağıl danışdı. Kofe elə gəldi, cadu belə getdi, mən dahiyəm, filankəsin bəxtini açdım, bir sözlə, it gəldi, örkən apardı. Həmin məclisin aktivlərindən biri diqqətimi cəlb etdi. Özü yox. Şizofreniya xəstəliyinin bütün simptomlarını özündə cəmləşdirən birisinin açıq efirə buraxanların məharəti. Uzun mübahisələrdən sonra bəlli oldu ki, öncəgörücüdür (sözü necə hörmətdən salırlar e -müəl.) və ənənəvi üsullarla deyil, (burada bir pauza verib, belələri ilə eyni havanı udub, eyni torpağın üstündə gəzib, söhbət edib, dəli olmadığımıza görə böyük Yaradana dua edirik), şəkər tozu ilə fala baxır (İlahi-pərvərdigarə, nədir günahımız?-müəl.). Söhbəti uzatmağa dəyməz yəqin ki, razılaşarsınız. Bu yaxınlarda internetdə növbəti gəzişməm zamanı şoka düşdüm. Həmin kanalda TV-yə çıxan bu cavan oğlanın PR-ı ilə rastlaşdım. Eləmədim tənbəllik, vaxtımın yarım saatını buna hədər etdim, lakin sonda da bu yazı ərsəyə gəldi. Oxucusu olan saytda beləsini reklam etmək fikrindən çox-çox uzaq olub insanın adını çəkmirəm. Məni düz başa düşün. Adını belə düz yaza bilməyən, "Mən insanlarda ləkə istəmirəm. Çalışıram pisi də yaxşı edim, düz yola çəkim. Çox insanları düz yola qaytarmışam, şəfa vermişəm, ruzi-bərəkətləri aşıb-daşıb", "Mənim illər əvvəl dediklərim bu gün öz təsdiqini tapır", "Şəkər tozunun üstündə nələri görürəmsə, onu deyirəm" sitatlarını dilinə gətirən adam haqda yazmaya bilmərəm. Bu belə. Elə ona görə də, TV-dəki falçı hoqqabazlıqları, Zirəddinin qurduğu mükəmməl PR və şəkər tozu ilə fala baxan bu xəstə soydaşımızın cavanlığını nəzərə alaraq, bibilərimin, xalalarımın, qonşu Fatmanisə xalanın avamlığını görüb bu yazını yazıram. Daha doğrusu, öncəgörənlərin, fitri istedadların "ekstra gücləri" mane olmasa, ekstrasensorika haqda fikirlərimi sizinlə bölüşəcəm.

Amma əvvəldən elan edirəm. Mənim dinlə, millətlərlə qonşumuz Qədir demiş, davam yoxdur. Mənim davam ekstrasenskimilərlədir. Həm də o kəslərlə ki, bir ana "mən inanıram Zirəddin mənim övladıma kömək olacaq" deyib, son ümidlərini Uca Tanrıdan üzüb belələrinə bağlayır. O ananın şeytana uymasına səbəb o ekstrasenskimilərdir. Mənim davam ara həkimlərilədir. Elmin bacarmadığını, elmin susduğu bir şeyi öz üzərinə götürüb, insanların hər şeyini əlindən alan fırıldaqçılarladır. Mənim davam avamçılıqladır, cahilliklədir, savadsızlıqladır. Biz bundan danışacağıq.
Başlayaq.

Uşaq doğmaq, gələcəyini bilmək, nikahda və ticarətdə uğur qazanmaq istəyənlərin nəzərinə!

- 10 ildir doğa bilmirəm. Mənə kömək et!
- Uşağım danışmır... Sən Allah, yardım et.
- Gecə ruh görürəm... Məni bu bəladan qutar.
- Qızım bu il məktəbi bitirir. Nə deyə bilərsiz?
- Qızıllarım itib.
- Ərim Moskvadadır. Kömək et evə qayıtsın!
Əzizlərim, hörmətli oxucular, sizcə, bu nədir? Psixiki pozğunluğu olan insanın sayıqlamasımı? Peyğəmbərə müraciətmi? "Komedy- show"dan seçmələrmi? Desəm inanmazsınız. Bu, azı həftədə bir dəfə ümidini ekstrasensə, baxıcıya, görücüyə bağlamış sıravi azərbaycanlının TV vasitəsilə ağlaşmasıdır.

Əslində, bu binəvaları qınamaq olmur. Belələrinin vətəni olan Azərbaycan-falçı, cadugər, ekstrasens, öncəgörənlərin və türkəçarə hoqqabazlarının poliqonuna çevirilib. Təbii ki, insanlar bir növ ekstrasens sürüsünün böyük reklam yalanının tapdağı altındadır. Falçılar, cadugərlər, ekstrasenslər telekanallarda söz sahibləridirlər. Ekstrasenslər, falçılar, cadugərlər sadəlövh insanları qum üstündə cizgi çəkməklə, əl içinin xətlərini oxumaqla, balıqqulağı, kofe, fincan, güzgü və s. janqlyor alətləri ilə özlərinə inandırmağa məcbur edirlər. Gələcəyini bilmək, nikahda və ticarətdə uğurları (uğursuzluq o qədər vacib deyil) öyrənmək, itirilmiş əşyalarını tapmaq istəyi isə tək cahil insanda olmur. Bəzən savadlı, ağlı başında olan alimin də sehrbaza üz tutması faktlarına da rast gəlinir. Rusların yaxşı bir sözü var. Deyirlər ki, "inam biliyin bitdiyi yerdən başlayır".

"Onun alnına yazılıb", "taleyi belə imiş", "onun bəxti gətirmir" və ya "köynəkdə doğulub", "bəxti gətirir", "taledən qaçmaq olmaz" və s. bu cür deyimlər bütün xalqlarda mövcud olsa da, biz azərbaycanlılar kimi ifrata varan, totemlər, idöllər quraşdıran ikinci bir xalq yoxdur.
Razılaşıram ki, "tale", "qismət", "alın yazısı" ifadələrinə ifrat yanaşmanın dini köklərlə də bağlılığı var. Cadu və bədnəzər dində etiraf edilir. İslamın özündə də bəzi ritualları həyata keçirməklə baş verə biləcək situasiyanı dəyişmək, müəyyən hərəkətlərə korreksiya vermək üçün "istixarə" deyilən ritualı yəqin ki, heç kim dana bilməz. Rusiyadan bura transfer olunan Zirəddin məhz buna istinad edib "məfatihül hacat", "məfatuhul cinan"ı nümunə gətirir. Demək istəyirik ki, ekstrasensorikanı dini sübutlarla rədd etmək bu baxımdan məntiqə uyğun deyil. Amma din deyir ki, şeytana qulluq etmə, yaradanını tək bil və əhli-beyt Aleyhimussalimi sev.

Gecə vaxtı dırnaq tutmaq və ya küçəyə atmaq olarmı?

Bu millət ki, qara pişiyin yoldan keçməsinə, gecə vaxtı dırnaq tutmağa, ev süpürməyə qorxu ilə yanaşır, bundan başqa, "qaşıq düşəndə qonaq gəlir", "gecə vaxtı güzgüyə baxmazlar", "vələsdən beşik düzəltməzlər", "qəbristanlığı əl ilə göstərməzlər", "dırnağı küçəyə atmaq günah hesab edilir", "yuxuda toy görsən, yas olar", "süfrəyə duz dağılanda evə dava düşür", "stəkanda çay çöpü dik dayananda qonaq gələr" deyimlərinə hələ də inanır, onda cadukünün, ekstra-fırıldaqçının, baxıcının meydan sulamasında qeyri-adi heç nə axtarmaq lazım deyil.

Nədir səbəb? Bəlkə psixika ilə bağlı bir şeydir. Bəlkə gözəgörünməz mənfi enerjili məxluqlar doğrudan da var, bizə normal yaşamağa imkan vermirlər? Bəlkə bütün günahlar cahillikdə, avamlıqdadır? Çünki düşünmək, təfəkkür etmək əqli fəaliyyətdir. Bu fəaliyyət insandan ağlını istifadə edərək düşüncə proseslərini tənzimləməsini, nizamlamasını tələb edir.
Yalnız mövhumat bunların hamısına son qoyur, qarşısını alır, insanın rasional və məntiqlə düşünməsinə əngəl törədir. İnsanı əfsanələrə, sehrə və şişirdilmə, uydurma şeylərə inanmağa sürükləyir və onlardan asılı edir. Bu cür düşüncələrə dalan, dərinə gedən insan öz ümidlərini əfsanələrə bağlayır. Əqli fəaliyyət artıq hazır nəticələr üzərində düşünməklə kifayətlənir, inkişafa göz yumur və bundan uzağa getməkdən aciz qalır. Bax elə bu minvalla sehrbaz, cadugərlər insanları istismar edir və iddia edirlər ki, qeyb haqqında və əşyaların gizli aspektləri ilə əlaqədar elmə sahibdir. Beləliklə, sehrbaz, falçı və cadugərlər ağıldan zəif insanları istismar etməklə öz işlərini genişləndirirlər. Cəmiyyət isə belə bombardmana həssasdır, lakin müqavimətsizdir. Zəif yerdən vurulan zərbə daha təsirli və effektli olur.

Mətbuat falçılara niyə "ayı xidməti" göstərir?

Mətbuat isə öz işindədir, yəni "ayı xidməti"ni göstərməkdədir. TV-də gündəlik reklam olunan görücü və bilici fırıldaqlarını da bu siyahıya əlavə edin. Qəzet səhifələrində, elanlarda "Beynəlxalq diplom laureatı, şəfaverici psixoloq öz xidmətini göstərir", "həkim bioenergetik nikah problemlərini həll edir, seksual problemləri aradan qaldırır, biznesdə uğurlara yardımçı olur", "beynəlxalq diplomlu həkim- bioenergetik onurğa, ürək-damar, sinir sistemindəki problemləri dərmansız müalicə edir", cadu-pitinin tapılması və ləğv edilməsi, mənfi enerjili adamlardan qorunmaq, gözdəymənin götürülməsi və s. xidmətləri ilə "obıvatel" beyini yuyulursa, günahın bir ucu da mətbuata gedib çıxır. Əgər jurnalist ağzı köpüklənə-köpüklənə, gözlərini döyə-döyə "sizcə qlobal iqtisadi böhran şəraitində Azərbaycanın yaxın gələcəyi necə olacaq? Qarabağ probleminin həllini necə görürsünüz" sualı ilə ekstrasenslərə, falçılara müraciət edirsə, ən böyük avamlığı, cəhalətin səbəblərini başqa yerdə axtarmaq lazım deyil. Bir halda ki, qəzetdə hansısa cadukün "Mənim fəaliyyətim azmışları düz yola qaytarmaq, Allahın mömini kimi insanları çirkin əməllərdən uzaq etmək, insan qəlbini pisliklərdən təmizləmək, ruhani inkişaf etdirməkdən ibarətdir. Bu, Allah tərəfindən verilmiş vergidir" - deyib özünü reklam edirsə və bu, reaksiyasız qoyulursa, demək, vəziyyət acınacaqlıdır. Axı bir deyən lazımdır ki, ay bəni insan, vergi, yəni həqiqi vergi, görmə qabiliyyəti, sağaltma qabiliyyəti, Allahla ünsiyyət yalnız və yalnız Allah Təala tərəfindən seçilmiş insanlara verilir. Bu da elə bir yolla, möcüzə ilə edilir ki, həmin insanlar bütün bəşəriyyətə müqəddəs kimi bəlli olurlar. Onda bu məntiqlə Vanqa, Nostradamus, Messinq, əstəğfrüllah, peyğəmbər olublar ki?

Ruhlarla hansı dildə danışırlar?

Mənim qismətimdən rastıma ekstrasens, falçı zad da çıxmayıb, bir soruşum ki, ay ekstrasens qardaş və ya bacılar, o ruhlarla, gözəgörünməz qüvvələrlə hansı dildə danışırsınız? Azərbaycan dilindən başqa dil bilməyən milli ekstrasensimiz, əzizim, bir deyə bilərsənmi, "ruh dili" hansı dil qrupuna bənzəyir? Azərbaycan dilinə oxşarlığı varmı? Bəlkə ivrit dilindədir? Ya sanskritdir, puştun, urdu, qottentoq, hansıdır?

Etiraf etmək lazımdır ki, bəli, hər bir insanın yükgötürmə (o yükdən deyil haa-müəl.) qabiliyyəti var. Kimlərdəsə bu özünü bir az qabarıq büruzə verir, başqasına nisbətən hadisələri dərk etmək, hesablamaq sürətli olur. Ona görə biri Motsart, başqa biri Leonardo da Vinçi, Eynşteyn, lap götürsək Əliağa Vahid olur, başqa biri orta satisitik vətəndaş, digəri qul-qaravaş, ən pis halda isə zibillikdə eşələnən, veyil, sərgərdan. Yəni, demək istəyirik ki, bu, ilahi vergi deyil. Belələrinə ən yaxşı halda yaxşı alim, bacarıqlı işçi, istedadlı şair, rəssam, bəstəkar deyirlər.

"Ekstra qüvvələr" niyə başqa elmləri açmırlar?

Yeri gəlmişkən, lap yerinə düşər əgər soruşsaq, niyə riyaziyyatçı, gen mühəndisliyi, kimya, atom energetikası, Kvant fizikası, informasiya texnologiyaları üzrə ekstrasenslər olmur, yalnız təbabət üzrə ekstrasenslər hədsiz çoxdur? Yəni, niyə elə bir ekstrasens tapılmır ki, tutaq ki, "p-n keçiddə yaranan monokristallaşma haqda" illərdən bəri yığılıb qalan müddəanı ortaya atsın və bu elmdə yeni cığırın əsasını qoysun. Niyə? Sual açıqdır.

Gəlin bir sınaq-test keçirək.
İddia edirəm ki, ekstrasensəm. Səhər saat 7-8 arasında dünyaya gəlmişəm, 42 ölçülü ayaqqabı geyinirəm, boyum 1,78 m-dir, qonşumun adı Qədirdir, ona görə də əlimdə biotok var, intuisiyam da öz yerində ( burada saytın redaktorunda mənim də xəstə olduğum haqda şübhələr yaranır-müəl.). İnanmırsınız? Elə isə, aşağıdakı bəndləri oxuyun. Özünüzü yoxlayın:
1. səm beyondasan.
2. bu yazını oxuyursan.
4. oxuyursan amma beyon sözünün mənasını başa düşmədin.
5. heç fikir vermədin ki, 3-cü bənd yox idi.
6. indi yoxladın.
7. fikirləşirsən ki, diqqətli deyilsən, amma yenə beyon sözü ağlından çıxmır.
Əgər dediklərimdə hər şey düz çıxdısa, şoka düşüb eləməyin, sadəcə yadınızdan çıxarmayın: işləməyən saat da gündə iki dəfə düz göstərir.

Bilmək istəyirsinizmi uşağınız böyüyəndə kim olacaq?

Nəyisə deyib onu faktla sübut etmədinsə, o fakt deyil, yaxşısı budur heç demə.
Təxminən iki-üç il əvvəl bir astroloq gecələr dolamışdı bu avamları barmağına. Yadınızdadır yəqin. Studiyaya zəng olurdu: "İt ilinin qaz bürcündənəm, oğlum dana, qızım ördəkdir, onlara baxardınız", ya da "səhər saat 5-ə işləmiş doğulmuşam, deyirlər ayağım ruzilidir. Nə deyərdiniz?". Yəni, bu sayaq suallar kifayət qədər idi. Əlbəttə, astroloq yaxşı bilirdi ki, ağıllı adam ona zəng eləməz. Zəng edibsə, deməli, avamdı və onu aldatmağa nə var ki?

Bir dəfə bozbaşa atdığı duzun miqdarını təzəcə müəyyən etmiş bir arvad zəng eləmişdi. "Qardaş, sana qurvan olum, qızım hamilədir. Uşağı olacaq. O uşağın baxtına baxardın". İnsan nə qədər avam və düşüncəsiz ola bilər ki, astroloqdan belə şey soruşsun. Səfehliyin, avamlığın, mövhumatın həddini müəyyən etməkdə bütün vasitələrin susduğu bir fenomenal sual idi. İndi baxın astroloq nə cavab verdi? "Xanım, o uşağın ingilis dilinə marağı olacaq, onu böyüyəndə dillər universitetinə qoyarsınız". Bax, belə. Di get. "Fitri istedadı" görürdünüzmü? Kişi 17 il sonranı görür e. Əmindir ki, 17 il sonra da ingilis dili dəbdə olacaq, ona görə də cinsi belə bəlli olmayan uşağı artıq ingilis dilində oxudur. Əhsən!

Əminliklə deyirəm, belə verilişlərə ümid bağlayanlar ya xəstələrdir, ya da orta məktəbdə müəllimin stoluna "knopka" qoyan, kitab oxumaqdansa "xatirə dəftəri" yazan, nəsil-nəcabətindən ötürülən kodlarla partanın üstünü cızan azərbaycanlılardır.

Buna oxşar verilişlər getdikcə artır. Hazırda da yayımlananlar var. Dəhşətli dərəcədə ürəkbulandırıcıdır. Hər dəfə nə isə fenomenlə rastlaşırsan. Beləcə verilişlərdən qeydlər etməklə, seyrçilərin səfeh suallarını dəftərin bir küncünə köçürməklə bu yazıya bir duz qatmaq istəmişəm.
Xülasə, keçək sayıqlamalara.

Dərdiniz var? Nə problem var ki, zəng vurun, həll edək!

Televizorun pultu əlimdə idi. Çevirirdim kanalları. Birdən gözüm ekstrahoqqabazların verilişinə sataşdı. Verilişə bir cavan oğlan çağırılmışdı. Dialoqun əvvəlini eşitməmişdim. Ancaq dedilər:
- Müəssisə işləyir?
- Xeyr, bağlayıblar
- Nəsə mən bağlı hiss etdim.
Hesab etdim ki, yəqin dialoqun əvvəlində başqa söhbət olub, yoxsa bu cavan oğlan ona qulaq kəsilənləri bu qədər ələ salmaz. Elə bu söhbət qurtarmışdı ki, ikinci zəng oldu. "Yoldaşım belindən şikayətlənir". (Burada bir salavat zikr edirik). Ekstrasens də təxminən bizim salavatımıza adekvat cavab verdi: "Həkimə müraciət etsin". Görəsən, bu cavabı almaq üçün insan mütləq universitet bitirməlidir? Buna görə kontur xərcləməyə, gecə yuxusuz qalmağa ehtiyac varmı? Eyni qəbildən olan başqa bir zəng oldu. "Bizim övladımız yoxdur. Bu barədə xahiş edirəm". Cümlənin arxası yoxdur. Görəsən, bu xanım nəyi xahiş edirdi? Doğrudan bir az ətraflı fikirləşmək lazımdır bu haqda. Redaktorun senzurası icazə versəydi, böyük məmnuniyyətlə, ürəyimizdən keçənləri yazardıq. Təəssüf ki, biz ictimai yerdəyik və bu portal hörmətli saytdır.

- Övladınız gec olacaq.
- Həkimlər bir səbəb görmürlər.
- Çalışın, yaxşı həkimə müraciət edin. Həkim köməyi olmasa, xeyri yoxdur.
(salavat zikr edirik bizi Yaradan böyük Tanrıya)
Növbəti sayıqlama:
- Bacım qızı 4 ildir ərə gedib, uşağı olmur. Bax, görüm! (suala bax, imperativə bax!-müəl.)
- Mən heç nə hiss etmədim, heç nə deyə bilmərəm.

Növbəti zəng. Bir xanım zəng edib deyir ki, qızı gecələr narahat yatır. Elə bil yuxuda onu boğurlar(?). Bunu özünə dərd edib, ekstrasensə müraciət edən adamdan nə gözləyəsən? Gerisinə qulaq asın: "Qohumlarımız gildə bir neçə dəfə qalıb. Orada da belə olub. Deyirlər revmatizmadandır(?). Analiz vermişik. Həkimlər diaqnoz qoymayıb". Bir az fikirə gedən, səfeh suallarla özünü sığortalayan ekstrasens cavab tapdı: "Müəyyən qüvvələr var. Onların adlarını mən TV ilə deyə bilmərəm". Bax, buna deyərəm bacarıq. Ekstrasenslik yox ha, vəziyyətdən çıxmaq bacarığı.

Ev, torpaq alqı-satqısını mütləq ekstrasenslə həll edin!

Bundan sonra "X" rayonundan göndərilən məktub oxunur. Təxminən "Səbuhi nə vaxt düzələcək?" cümləsi ilə bitir. İndi ekstrasensin cavabına baxın: "Bu qadın problem içərisindədir". Aparıcı "qadın deyil" düzəlişini edir. Ekstrasens isə öz işindədir: "Problem yoldaşındadır".
Beləcə, veriliş davam edir.
Burada bir haşiyəyə çıxım. Qeyd etdik ki, bizimkilər ekstrasenslərə falçı, cadukün kimi baxırlar. Bu verilişə zəng edən dolma bükən xalalar, kartof qızardan bibilər ekstrasens-falçı assosiasiyalarını beyinlərindən kənar edə bilmirlər. "Qızımın taleyi haqda baxın. Adı Turanədir", "bax görüm mən sabah neyləyəcəm?", "obyekt var, bax gör satılacaq?", "qadan alım, işlərim düz gətirmir, bax görüm kim cadu eləyib?", "qardaşım iş görmək istəyir. Alınacaq ya yox?" və s. belə suallar hədsiz çox olur. Davam edək. Situasiyaları sıralayaq, feyziyab olun.

1. Zəng gəlir.
- Ağamusa, anasının adı Şərqiyyə. İşlərim düz gətirmir. Alınmır.
- Mən hiss edirəm ki, işləriniz düz gətirmir (öz aramızdır, yaman tapdı - müəl.).
- Elə onun üçün zəng etmişəm.
- Bir müddət gətirməyəcək. Əlin gətirmir, ətrafdakılar səni cin-şeytan sifətində görürlər.
- Ha-ha-ha. Doğrudur.
2. Məktub oxunur. "Hamıya yaxşılıq edirik, əvəzində pislik görürük. Əlibala adında biri torpağı alıb nə pulu verir, nə torpağı qaytarır. Bax gör, qaytaracaq?"
- Qarışıq fikirdir. Torpağın qaytarılması bir müddət uzanacaq. Mən məhkəmə görürəm. (görəsən, torpaq mübahisəsini başqa cür də həll edirlər? -müəl.)
3. İndi oxuyacağınız dialoq başqa aləmdir. Diqqətli olmağınız məsləhətdir. TV dili ilə desək, ürəyi xəstələr, həssaslar ekranlardan kənar dayansınlar.
- A bala, elə bil xəttə ayrı adam düşüb e. Hə. Qoşdunuz? Mənim bel ağrılarım var. O haqda məlumat ver. 1963-cü ildə anadan olmuşam.
- Belinizdən xəstə yatmısınız. Sümüklərin birləşən yerində zədə var. Sizi çox incidir. Məsləhət görərdim rentgen vasitəsilə müəyyənləşdirəsiniz.
- Mənə deyirlər Masallıya get. Gedim? Xeyir edər?
- Əlbəttə edər.
Necədir? Yaşamaq mümkündür?
4. Bir xanım zəng edib həyat yoldaşının yeni işə başlamasından danışdı. Öyrənmək istəyir ki, xeyirli olacaq, ya yox? Sanki, iqtisadi məsələlər üzrə ekspertlə danışır. Ekstrasens müflisləşmə haqda soruşdu. Xanım cavab verdi ki, olub. İndi mütəxəssisin cavabındakı dürlü kəlmələrə diqqət yetirin: "İşə başlayacaq. Yaxşı olacaq. Borc görürəm. Narahat olmayın. İki problemi olacaq. Sənəd problemi və maliyyə problemi". Bizneslə məşğul olanın başqa nə problemi olmalıdır ki? Bəlkə, Sinay problemi olmalı idi, ya Dalay Lamanın Tibetə qayıtma perspektivi müzakirə edilməli idi? Lap ləzgi toyundakı qanqaraçılıqla bağlı məşhur lətifəni yada salır. Belə cavabı kimə verərlər və ya kim verər?

5. Oxşar avantüraya daha bir misal. Bir qadın zəng edib uşağının yeriməməsindən şikayətlidir. Cavab: "Bir azdan danışacaq". Mükəmməl cavabdır. Görəsən, uşaq bir azdan başqa nə etməlidir? Gəmi ilə dəniz səyahətinə çıxmalıdır, ya BMT-nin İnsan Hüquqları Komissarlığında məruzə etməlidir? Təbii ki, gəzəcək, danışacaq.

6. Yəqin ki, bura qədər verilişdə ekstrasens yox, küçədən keçən bir hoqqabazın hərzələmələrini hiss etmisiniz. Səbirli olun, konkret sübut gəlir. Bir qadın zəng edib:
- Səhhətim barədə narahatlığım var. 1965-ci ildənəm.
- Dava-dərman olur? Ürəyinizdədir xəstəlik?
- Xeyr (bir səhv - müəl.)
- Baş?
- Xeyr. (iki səhv- müəl.).( pauza yaranır). Eksrafırıldaqçının çətinə düşdüyünü, tapmadığını görüb özü deyir:
- Gözümdədir.
- Fərqi nədir, o da başda yerləşir də. Müalicə düz getmir. Gözünüzü təbii yollarla müalicə edin.

Bir məqamı qeyd edim. Cənablar, mənə cavab verən tapılarmı görəsən, özünü ekstrasens sayan bəndə niyə zəng edənin sualına dərhal cavab vermir, yəni sualı eşitmədən. Axı, ekstrasensin əsas bacarığı yaxından və ya uzaqdan insan ürəyindən keçəni, ağlına gələni oxumaqdır. Niyə bizim ekstrafırıldaqçılar sualı eşidir, hələ bir nə vaxt anadan olmasını soruşur. Bəlkə nə baş verəcəyini də soruşub öyrənsinlər?

Ərini geri qaytarmaq istəyən qadınlar nə etməlidir?

Şəxsi fikirlərimdir. Hesab edirəm ki, bu tip şeylərə inanan insanın ərinin beli ağrayacaq, arvadı doğmayacaq, qardaşının biznesdə əli gətirməyəcək, atası rəhmətə gedəcək, hələ bir az da o tərəfə keçəcək. Ay bədbəxt, biznesdə işin düz gətirmirsə, get başqa işlə məşğul ol, inək otar, qoyun sağ. Əgər belində, qarnında, başında ağrı varsa, həkimə müraciət elə. Günah işlətməyin az deyil, hələ özünü də biabır edirsən, bu da az deyilmiş kimi, kontur da xərcləyirsən. Heç adam da ərini efirdə axtarar, ekstrasensin köməyinə ehtiyac duyar? Get güzgüdə özünə bax, ay xanım. Problemi özündə axtar.

Bilirsiniz, Azərbaycan mətbuatında dəst-xəttini, fikirlərini çox bəyəndiyim bir yazar daha dəqiq deyir: bir millət ki, kitabı tualetə qoyursa, kağızını büküb içinə tum tökürsə, millətin problemini başqa yerdə axtarmaq lazım deyil. Düz deyilib.

İranda müharibə hələ də davam edirmi?

TV ilə vaxitlə reklam olunanlardan biri də Səbuhi İmanovdur. O, Səbuhi İmanov ki, "Gələn ilin martında İranda müharibə başlayır" açıqlamasını vermişdi və belə proqnozları hədsiz çoxdur. Bu müsahibə 15.09.2007-ci il tarixdə götürülüb. Müsahibədən bir fraqment xatırlatmaq yerinə düşər:
- Hamının həyəcanla gözlədiyi ABŞ-İran müharibəsi haqda nə deyə bilərsiniz?
- İranda müharibə baş verəcək. Amma bu, ABŞ-la olmayacaq. Müharibəni Qərbi Avropa dövlətləri başlayacaq. Özü də ki, bu söhbətlər 2008-ci ilin yazında qızışacaq. Bu müharibə də uzun müddət çəkəcək. Amma bu müharibədə İran məğlub olmayacaq. Çünki bu böyük müharibədə böyük Rusiya və Çin dövlətləri İranla olacaqlar.
Təkrar edirəm, bu müsahibə 2007-ci ildə götürülüb. Belələri TV-yə çıxıb, insan taleyini həll edirlər.

Hələ bir xanım da var idi. Onunla bağlı bir ekstra-faktı xatırladım, söhbəti qapayaq. Demək, əlindəki dolmanı bükməmiş, işini yarımçıq qoyub tez-tələsik verilişə zəng edən bir xanım dərdini danışdı:
- Xanım, mən neyləyim, yoldaşım mənə xəyanət edir.
- Yoldaşınızın adı nədir ?
- Adı Qabildir.
- Boş söhbətdi, o, sizə elə gəlir (?)
- Xanım, necə yəni, mən özüm gecə yad qızla danışanda görmüşəm, qızın səsini eşitmişəm.
- Boş söhbətdi, adı Qabildirsə (?) o, xəyanət eləmir. Vəssallam.
Bismark demiş, burada məktubu bitirərdim və siz gülərdiniz. Təəssüf ki, boxçada hələ paylaşmadığım ekstra-hədiyyələrim var.

1 milyon dollar qazanmaq istəyirsiniz? Bu, çox asandır!

Söhbətimizin sonunda özündənrazı, mənəm-mənəm deyən bütün ekstrasenslilərə, parapsixoloqlara, falçılara, cadukünlərə müraciət edirəm.
Hörmətli, ekstra-gücü olanlar! Bizim birlikdə, yəni səninlə mənim, 1 milyon dollar udmaq şansımız var. Axı, sizlər hər şeyi bacarırsınız. Axı sizin ilahi gücünüz var. Belə qüdrətə malik (Allaha taala keçsin günahımızdan-müəl.) insan indi qeyd edəcəyimiz xırda- para işlərin öhdəsindən gəlməsi su içim kimi bir şeydir. Bu, nağıl deyil, izah edirik.
ABŞ-da "Ceyms Rendi Fondu" fəaliyyət göstərir. Anomal hadisələr haqda ayrı-ayrı şəxslərin və təşkilatların təqdim etdikləri faktların elmi araşdırılması ilə məşğuldur. Fond 1996-cı ildə keçmiş illüzionist Ceyms Rendi tərəfindən təsis olunub. Fondu dünyaya tanıdan onun təklif etdiyi eksperimentlərdir. Fond bu sahədə bacarığı olan şəxslərə hazırlanmış xüsusi sınaqlardan keçməyin müqabilində pul mükafatı elan edib. İlk dəfə 1000 dollar təklif edən fond, sonradan bu məbləği 10 000-ə, 2002-ci ildən isə milyon dollara qaldırıb. İndi mən özünə güvənən həmyerlimizin ABŞ-a getmək, Fond rəhbərliyi ilə görüşmək, yarışda iştiraka qədər bütün proseduru öz üzərimə götürürəm. Qalır bizim ekstra-gücü olanın bir şərti yerinə yetirməsi: əgər qalib gələ bilməsə, bizim xərclədiyimiz pulun 10 qat artığı qaytarılacaq. Bu cür eksperimentlər, sponsorluqlar bütün dünyada mövcuddur, necə deyərlər ki, təcrübədən keçirilib. Elə isə buyurun. Biz hazır.

Qaldı Fondun sınaqlarına, bəli bu barədə qısaca da olsa məlumat verməliyik. İl ərzində 50-80 nəfər "mənəm-mənəm" deyən ekstrasens yarış üçün müraciət edir.
Şərtlər çox sadədir:
- Əgər ekstrasens gələcəkdən xəbər verdiyini iddia edirsə, demək növbəti lotereya tirajında düşəcək çəlləklərin nömrələrini tapa bilər.
- Əgər stəkanı, qabı-qaşığı fiziki güc tətbiq etmədən yerindən oynada bilirlərsə, onda levitasiya- yəni torpaqdan bir neçə sm. qalxmağı da bacararlar.
Bu müsabiqənin marağı ondadır ki, bura hamı qatıla bilər.

Fikir oxuyanlar, analiz və cihazsız diaqnoz qoyanlar, gələcəkdən xəbər verənlər, görücülər, levitasiya, telekinez ilə məşğul olanlar, daha kimlər, kimlər…
1 milyon dollar az pul deyil. Ona görə də özündə azacıq güc görənlər yetirirlər özlərini Floridaya Rendinin yanına. Belə faktlar çoxdur. Onlardan bir-ikisini xatırladacam.
Dörd il öncə Litvadan iki qadın özlərini sınamaq üçün gəliblər. Təklif ediblər ki, Rendinin özündə sınaq aparsınlar. Əl gəzdirməklə Rendinin bədənində olan bütün xəstəliklərin adlarını çəkiblər. Əslində, bu xəstəliklərə Rendi yaşında olan ahıl insanların 90%-ində rast gəlinir. Xanımların diaqnozları tibbi avadanlıqların köməyi ilə yoxlanılıb. Məlum olub ki, bu xəstəliklərin heç biri Rendidə yoxdur. Qadınlar rentgenin və USM-in cavablarından bərk qəzəbləniblər: tibbi cihazlar insan aurasını tam görə bilməz. Təbii ki, bu cür "cığallıq" edənlər müsabiqəni qeyd-şərtsiz tərk ediblər. Amma az keçmir ki, həmin qadınlardan biri Estoniya prezidentinin şəxsi ektrasensi təyin olunur. Bu da prezident.

Acqarnına fala baxmayın!

Başqa bir meksikalı isə milyon dolları aparmaq üçün özü ilə boş çemodanla gəlib. O, UNO ilə görüşəndən sonra bədəninin nur saçdığına əmin imiş. Bunu yoxlamaq üçün küçədən keçən iki nəfəri qaranlıq otağa salıb, meksikalını tapmağı məsləhət görüblər. Təbii ki, qaranlıq otaqda işıq saçan adama rast gəlinməyib. Meksikalı vəziyyətdən çıxmaq üçün "səhərdən yemək yemədiyini" bəhanə gətirir. Belə bəhanə gətirənlər az deyillər. Biri "həftənin cümə günü mənə düşmür" deyib, başqa birisi "planetlərin düzülüşünü", digəri isə havanın çiskin olmasını bəhanə gətirib.
Bu bəhanələr bilirsiniz nəyə oxşayır? Aydın məsələdir ki, dünyanın ən məşhur pianoçusu, skripkaçısı belə solo-konsertin 100% uğurla keçəcəyini deyə bilməz. Bu, normal hissdir. Amma virtuoz sənətkarın səhnəyə çıxıb "skripka çalmaq yadımdan çıxıb" dediyinə heç kim rast gəlməyib. Bax yuxarıda sadalanan bəhanələr buna oxşayır. Bunlar da ekstra-bəhanələrdir.

Rendi deyir ki, mən bu pulu ödəməyə, belə bir insanın mövcud olduğunu gözümlə görməyə hazıram. Təki belə adam ortaya çıxsın. Belə adam tapılarsa, bu, özü inqilabdır. Bax, mən də bu inqilabın baş verməsinin tərəfdarıyam. Necədir, gedirik, milyon qazanmağa? Şəkər tozu ilə fala baxan cavan oğlan, ruhlarla danışan xala, iki ölkə arasında müharibə olacağını iddia edən əmi, gücünüz çatar, mərcə girməyə? Sual açıqdır.
Bir daha qayıdıram söhbətimizin əvvəlində qeyd etdiyimiz şəkər tozu ilə fala baxan oğlanın faciəsinə. Tam ciddi deyirəm, əgər bu zarafatdırsa açıqlayın, tamaşaçıları bu qədər intizarda saxlamayın. Biz də çıxardaq sizi bu siyahıdan. Yoxsa, belə "ciddilik" ya ağıldan kəmlərdə olur, ya da ekstra-fırldaqçılarda.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 23:49
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
QEWENG XEBERDI YAZAN ELLERIVIZ VAR OLSUN ....................!..MARAQLIDIR.

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 27 may 2011 15:15
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
mən bələ şeylərə inanmıram Allah bələ işlər görəni cəzalandırır heç inanmiram falçılıga

mən bələ şeylərə inanmıram Allah bələ işlər görəni cəzalandırır heç inanmiram falçılıga

--------------------

,,kepenek,,

  • 2 fevral 2011 16:36
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
falciya inanan avvam insandir am

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

nilayka

  • 2 fevral 2011 13:05
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkur edirem xebere gore fellow

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 55
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 409
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}