Qadınlarla əlaqəli 60 sual[II hissə]

 
Qadınlarla əlaqəli 60 sual[II hissə]

Sual 15: Əgər qadından adəti üzrə heyz vaxtı bir gün qan ifraz olarsa və sonrakı gün qan ifrazı tamamilə dayanarsa, qadın nə etməlidir?

Cavab: Görünür ki, bu hal (yəni qan ifrazının müvəqqəti dayanması) tam təmizlənmək sayılmır və qadın heyz halında olaraq qalır. Bəzi elm əhli isə deyir ki, qadından bir gün qan ifraz olarsa və sonrakı gün dayanarsa, qan ifraz olduğu gün namazı tərk edir, qan ifraz olmadığı gün isə qüsl alıb namazını qılır. Bu hal on beş gündən artıq davam edərsə, qan istihazə hökmü daşıyır. Belə halda qadın ifraz olan qandan təmizlənib hər namaz üçün ayrıca dəstəmaz almalıdır. Bu rəy imam Əhmədin (Allah ona rəhmət etsin) məzhəbində məşhur rəydir.


Sual 16: Heyzin son günlərində qadından qan ifrazı dayanarsa, lakin əksər qadınlarda heyzin qurtarma əlaməti olan ağ rəngli maye ifraz olmazsa, qadın namaz qılıb oruc tutmalı, yoxsa heyzin qurtarma əlaməti olan ağ rəngli mayenin ifraz olmasını gözləməlidir?

Cavab: Əgər qadından heyzin sonunda heç zaman ağ maye ifraz olmamışsa, qan ifrazının dayandığı vaxtdan qüsl alıb ibadətinə davam etməlidir. Lakin heyzin sonunda həmişə ağ maye ifraz olmuşsa, qadın ağ mayenin ifrazını gözləməli və sonra qüsl alıb ibadətlərini yerinə yetirməlidir.


Sual 17: Heyzli və ya nifaslı qadına zəruri halda (məsələn, müəllimə və ya tələbədirsə) Quranı əzbərdən və ya üzündən oxumaq olarmı?

Cavab: Ehtiyac olan zaman heyzli və ya nifaslı qadının Quran oxuması icazəlidir. Lakin savab qazanmaq niyyəti ilə Quran oxumasına əksər alimlər icazə vermir. Buna görə də çəkinməsi daha üstündür.


Sual 18: Qadının paltarına heyz qanı dəyməzsə, heyzdən qurtardıqdan sonra həmin paltarı dəyişməsi lazımdırmı?


Cavab: Xeyr, paltarı dəyişməsi lazım deyil. Çünki heyz qanı bədəni yox, sadəcə dəydiyi yeri nəcasətləndirir. Buna görə də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) qadınların paltarına heyz qanı dəydikdə onu yumağı və sonra o paltarda namaz qılmağı əmr edərdi.


Sual 19: Qadın Ramazan ayında nifas olduğuna görə yeddi gün oruc tutmayıb. Sonrakı ilin Ramazan ayına qədər xəstə olduğu üçün həmin o yeddi günün qəzasını tuta bilməyib. Artıq üçüncü Ramazan yaxınlaşır. Qadın nə etməlidir?


Cavab: Əgər qadın orucun qəzasını həqiqətən xəstəliyi üzündən tuta bilməyibsə, ona günah yoxdur, nə zaman bacarsa, onda da qəzasını tutmalıdır. Lakin üzrsüz səbəbdən qəza orucunu ikinci Ramazana qədər gecikdirməsi düzgün deyil. Aişə (Allah ondan razı olsun) demişdir: “Mənim Ramazanda qəza orucum olardı və mən onu ancaq Şaban ayında (yəni sonrakı ilin Ramazanına bir ay qalmış) tutmağı bacarardım.” Bu hədisə əsasən qadın qəza orucunu üzrsüz olaraq tutmayıbsa, günah daşıyır. Həmin qadın tezliklə Allaha tövbə etməli və yaxın bir zamanda qəza orucunu tutmalıdır. Lakin üzrlü səbəbdən qəzanı nə qədər gecikdirsə, günah qazanmır.


Sual 20: Bəzi qadınlar ötən ilin Ramazan ayından olan qəza orucunu tutmayıblar. Hazırda növbəti Ramazan ayı başlayır. Onlar nə etməlidir?

Cavab: Həmin qadınlar tezliklə tövbə etməlidirlər. Çünki üzrsüz səbəbdən ötən Ramazan ayının qəzasını gələn ilin Ramazan ayına qədər gecikdirmək olmaz. Aişə (Allah ondan razı olsun) demişdir: “Mənim Ramazanda qəza orucum olardı və mən onu ancaq Şaban ayında (yəni sonrakı ilin Ramazanına bir ay qalmış) tutmağı bacarardım.” Bu dəlildir ki, qəzanı növbəti Ramazandan sonraya saxlamaq olmaz. Odur ki, o qadınlar tezliklə tövbə etsinlər və Ramazan bitən kimi ötən ilin qəza orucunu tutsunlar.


Sual 21: Əgər qadın zöhr namazının vaxtı girdikdən sonra, namazı qılmadan öncə heyz olarsa, təmizləndikdən sonra o namazın qəzasını qılmalıdırmı?

Cavab: Bu məsələdə alimlər arasında ixtilaf var. Bəzi alimlər deyir ki, qadına heyzdən təmizləndikdən sonra həmin namazın qəzasını qılmaq lazım deyildir. Çünki o səhlənkarlıq etməyib və zöhr namazının vaxtı uzun olduğuna görə onu vaxtı girən kimi qılmayıb. Bəzi alimlər isə qəzanın qılınmasını Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bu hədisinə görə lazım görür: “Kim namazın bir rükətinə (vaxtı çıxmazdan əvvəl) yetişərsə, artıq həmin namaza yetişmiş olar.” Ona görə yaxşıdır ki, qadın təmizləndikdən sonra hər ehtimala görə həmin namazın qəzasını qılsın. Çünki bir namazın qəzasını qılmaq heç bir çətinlik törətmir.


Sual 22: Əgər hamilə qadından doğuşdan bir və ya iki gün əvvəl qan gələrsə, qadın bu səbəbdən namazı və orucu tərk etməlidirmi?


Cavab: Əgər qadın ondan gələn qanla bərabər doğuş sancıları da hiss edərsə, namazı və orucu tərk edir. Çünki bu qan nifas qanıdır. Lakin qadın doğuş sancıları hiss etməzsə, namazı və orucu tərk etmir. Çünki gələn qan onun ibadətinə mane olmur.


Sual 23: Oruc tutmaq niyyəti ilə heyzin qarşısını almaq üçün qəbul edilən həblər haqqında nə deyə bilərsiniz?

Cavab: Mən qadınları bundan çəkindirirəm, çünki həmin həblərin çox zərərli olması tibdə də sübut edilmişdir. Həmçinin heyz Allahın qadınlara yazdığı qədərdir və onlar bununla razılaşmalıdırlar. Belə ki, heç bir maneə olmadığında qadın oruc tutmalı, maneə yarandıqda isə Allahın yazdığı qədərdən razı qalaraq, iftar etməlidir.


Sual 24: Əgər qadın nifasdan təmizləndikdən iki ay sonra az-az qan damcıları görərsə, nə etməlidir?

Cavab: Qadınların heyz və nifas problemləri sahilsiz dənizə bənzəyir. Bunun başlıca səbəblərindən biri heyz və ya hamiləliyin qarşısını almaq üçün istifadə edilən həblərdir. Doğrudur, qadınlar yaranan vaxtdan bu cür problemlər mövcuddur, ancaq indiki zamanda elə məsələlər qarşıya çıxır ki, insan həmin məsələlər qarşısında aciz qalır. Lakin ümumi qayda odur ki, qadın heyz və ya nifasdan təmizləndiyindən əmin olarsa (yəni, heyzin sonunda qadınlara məlum olan ağ maye ifraz olarsa), ondan sonra gələn sarı və ya bulanıq maye, yaxud tər onun ibadətinə heç bir maneə törətmir. Bu, qadının namaz qılıb oruc tutmasının qarşısını almır. Ummu Ətiyyə (Allah ondan razı olsun) belə rəvayət etmişdir: “Biz (heyzdən sonra gördüyümüz) sarı rəngli və ya bulanıq mayeni heyzdən hesab etməzdik.” Bu hədisə əsasən, qadın təmizləndiyindən əmin olarsa, ondan sonrakı ifrazat heç bir maneə törətmir, qadın namazını qılıb orucunu tutmalıdır. Ərinin onunla yaxınlıq etməsi də icazəlidir.

Lakin qadın gərək tələsməsin. Çünki bəzi qadınlar qan dayanan kimi tam təmizlənməsindən əmin olmamış qüsl alıb namaza başlayır. Səhabə qadınlar heyzdən qurtarmalarından əmin olmaq üçün möminlərin anası Aişədən (Allah ondan razı olsun) soruşduqda, o onlara ağ mayeni görənə qədər tələsməməyi tövsiyə edərdi.


Sual 25: Bəzi qadınlarda qan ifrazı arada bir-iki gün dayanır, sonra yenidən davam edir. Bu halda qadın namaz və oruc kimi ibadətləri necə etməlidir?

Cavab: Çox alimlərin fikrinə görə, qadın adəti üzrə heyzi qurtaran vaxtdan qüsl alıb ibadətinə davam edir. Ondan iki və ya üç gün sonra ifraz olan qan isə heyz qanı sayılmır. Çünki, alimlərin fikrinə görə, qadının ən az təmizlik müddəti (yəni iki heyz arasında olan müddət) on üç gündür. Bəzi elm əhli isə deyir ki, qadından qan gəldikdə, heyz halında hesab olunur, qan dayandıqda isə təmizlik halında hesab olunur.


Sual 26: Ramazan gecələrində qadının məsciddə namaz qılması əfzəldir, yoxsa evində? Xüsusən, məsciddə dini mövzular danışılarsa? Məsciddə namaz qılan qadınlara tövsiyəniz nədir?

Cavab: Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) hədisində qadınlara xitab olaraq belə deyilir: "Evləri onlar üçün daha xeyirlidir" Bu hədisə əsasən deyə bilərik ki, qadının evdə namaz qılması məsciddə qılmasından daha xeyirlidir. Həmçinin qadının bayıra çıxması çox vaxt fitnələrə səbəb olur. Elə buna görə də yaxşıdır ki, qadın namazları evində qılsın və məsciddə olan dərslərə kaset vasitəsilə qulaq assın. Məsciddə namaz qılan qadınlara tövsiyəmiz odur ki, evlərindən çıxdıqda tam örtünsünlər, açıq-saçıq, bərbəzəkli geyimlərdən və ətirlənməkdən tamamilə uzaq olsunlar.


Sual 27: Qadının Ramazan ayında oruclu ikən yeməyin dadına baxmasının hökmü nədir?


Cavab: Oruclu qadın, əgər ehtiyac olarsa, yeməyin dadına baxa bilər, lakin daddığını udmamalıdır.


Sual 28: Qadın hamiləliyin əvvəlində avtomobil qəzası nəticəsində güclü qanaxmadan uşaq salarsa, orucunu aça bilərmi, yoxsa orucuna davam etməlidir? Əgər orucunu açarsa, günah qazanırmı?

Cavab: İmam Əhmədin (Allah ona rəhmət etsin) dediyi kimi deyə bilərik ki, hamilə qadın heyz olmur. Qadının hamilə olması heyzin kəsilməsi ilə bilinir. Elm əhli dediyinə görə, Uca Allahın hikmətindəndir ki, O heyzi ana bətnində rüşeymə qida olaraq yaratmışdır. Lakin ola bilər ki, bəzi qadınlar hamiləlik dövründə adəti üzrə, hamiləlikdən əvvəl olduğu kimi heyz olsun. Belə olduqda qadın heyz vaxtı qadağan olan şeylərdən uzaq olmalıdır. Ümumiyyətlə, hamilə qadından ifraz olan qan iki növ olur.

Birinci növ qan heyz hökmü daşıyır. Belə ki, əgər qadın hamilə olduqdan sonra adəti üzrə hər ay heyzi davam edərsə, bu, onun orucunu pozur və bu müddətdə namaz qılması da qadağan olur. Çünki hamilə qadının heyzi hamilə olmayan qadının heyzi ilə eyni hökmü daşıyır. Lakin qadın hamilə olduqdan sonra hər ay adəti üzrə heyz olmazsa və sonradan hamiləlik dövründə müxtəlif vaxtlarda heyz qanından fərqli olan qan ifraz olarsa, bu qan heyz qanı yox, damarlardan gələn qan sayılır və qadının orucuna heç bir təsir göstərmir.

İkinci növ qan isə hər hansı bir hadisə (yıxılmaq, ağır şey qaldırmaq və s.) nəticəsində ifraz olan qandır ki, bu da heyz qanı sayılmır. Buna görə də bu qan qadının oruc tutmasına və namaz qılmasına mane olmur. Lakin qadın baş verən hadisələrdən hər hansı biri nəticəsində uşaq salarsa və bu hal rüşeymin insan şəklində formalaşmasından sonra baş verərsə, ifraz olan qan nifas hökmü daşıyır və nifasdan qurtarana qədər namaz qılmaq və oruc tutmaq qadağan olur. Ancaq bu hal rüşeymin ana bətnində tam formalaşmasından əvvəl baş verərsə – elm əhli deyir ki, formalaşmanın ən az müddəti 81 gündür – ondan sonra ifraz olan qan nifas qanı sayılmır. Buna görə də qadın namazına davam etməlidir və oruc tutması da düzgündür.


Sual 29: Bir qadın soruşur ki, bir il öncə hamiləliyinin üçüncü ayında uşaq salmış və təmizlənənə qədər namaz qılmamış, sonra eşitmiş ki, namazı tərk etməsi düzgün olmayıb və namazı tərk etdiyi günlərin sayını da dəqiq bilmir. İndi o nə etməlidir?


Cavab: Elm əhlinin dediyinə görə, əgər qadın üç aylıq uşaq salarsa, namazı və orucu tərk edir. Çünki əvvəlki cavablarda deyildiyi kimi, əgər rüşeym artıq formalaşıbsa ondan sonra gələn qan nifas qanı sayıldığı üçün namaz qılmaq və oruc tutmaq qadağan olur. Lakin qadın 81 gündən əvvəl uşaq salarsa, ifraz olan qan nifas yox, xəstəlik qanı hökmü daşıyır və bu qan qadının namaz qılmasına və oruc tutmasına mane olmur.

Beləliklə, qadın uşaq saldığı vaxtı dəqiqləşdirməli və əgər səksən bir gündən tez uşaq salıbsa, tərk etdiyi namazların qəzasını qılmalıdır. Tərk etdiyi namazların sayını bilmirsə, təxmini olaraq ən çox sayı götürməlidir.


Sual 30: Bir qadın soruşur ki, üzərinə oruc vacib olandan (həddi-buluğa çatandan) bəri hər il Ramazan oruclarını tutmuş, lakin heyz olduğuna görə oruc tutmadığı günlərin qəzasını sonradan tutmamışdır. Qəza etdiyi günlərin sayını da bilmir. Belə halda qadın nə etməlidir?

Cavab: Mömin qadınlar arasında belə halların olması bizi təəssüfləndirir. Belə hallar ya elmsizlik, ya da səhlənkarlıq üzündən baş verir ki, bunların da hər ikisi acınacaqlı haldır. Elmsizliyin çarəsi oxuyub-öyrənmək, səhlənkarlığın çarəsi isə Uca Allahdan lazımınca qorxmaq, hər bir əməlimizə Onun nəzarət etdiyini bilmək və Onu razı salan əməllərə can atmaqdır. Buna görə qadın etdiyi əməldən tezliklə tövbə edib, Uca Allahdan bağışlanma diləməli və qəzasını tutmadığı oruclarının sayını yada salıb əvəzini tutmalıdır. Bununla da qadının üzərindən günah qalxmış olar. Ümid edirik ki, Uca Allah onun tövbəsini qəbul edər.


Sual 31: Əgər qadın namazın vaxtı girdikdən sonra heyz olarsa, təmizləndikdən sonra həmin namazın qəzasını qılmalıdırmı? Həmçinin əgər qadın namazın vaxtı çıxmazdan əvvəl heyzdən təmizlənərsə, həmin namazı qılması vacibdirmi?

Cavab: Birincisi: Əgər qadın namazın vaxtı girdikdən sonra heyz olarsa təmizləndikdən sonra həmin namazın qəzasını qılmalıdır. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim namazın bir rükətinə (vaxtı çıxmazdan əvvəl) yetişərsə, artıq həmin namaza yetişmiş olar.” Ona görə də qadın namazın vaxtının çıxmasına bir rükətlik vaxt qalmış heyz olarsa, lakin o vaxta qədər həmin namazı qılmamışdırsa, təmizləndikdən sonra onun qəzasını qılmalıdır.

İkincisi: Əgər qadın namazın vaxtı çıxmazdan əvvəl heyzdən qurtararsa, təmizləndikdən sonra həmin namazın qəzasını qılmalıdır. Həmçinin günəşin çıxmasına bir rükətlik vaxt qaldığı halda heyzdən qurtararsa, fəcr namazını, günəşin batmasına bir rükətlik vaxt qalmış heyzdən qurtararsa, əsr namazını və gecənin yarısının tamam olmasına bir rükətlik vaxt qalmış heyzdən qurtararsa, işa namazının qəzasını qılmalıdır. Lakin qadın gecənin yarısı keçdikdən sonra heyzdən qurtararsa, təmizləndikdən sonra işa namazının qəzasını yox, fəcr namazının vaxtı girdikdən sonra yalnız fəcr namazını qılmalıdır. Uca Allah buyurur: “Təhlükə sizdən sovuşduqda isə, namazı lazımi qaydada qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.”


Sual 32: Əgər qadın namaz əsnasında heyz olarsa, nə etməlidir və heyz müddətində tərk etdiyi namazların qəzasını qılmalıdırmı?

Cavab: Əgər qadın namazın vaxtı girdikdən sonra, (məsələn: günorta namazı girdikdən yarım saat sonra) heyz olarsa, təmizləndikdən sonra həmin namazın qəzasını qılmalıdır. Çünki namazın vaxtı girən zaman o, təmiz halda idi. Uca Allah buyurur: “Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.”

Heyz olduğu vaxtda tərk etdiyi namazların qəzasını isə qılmır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Məgər (qadın) heyz olduğu zaman namazını və orucunu tərk etmirmi?” Həmçinin elm əhli ittifaq etmişdir ki, heyz müddətində tərk edilən namazların qəzası qılınmır. Lakin təmizləndiyi vaxtda hər hansı bir namazın vaxtının çıxmasına bir rükət namaz qılacaq qədər vaxt qalarsa, o zaman həmin namazı qılmalıdır. Məsələn: Günəşin batmasından öncə təmizləndikdə, əsr namazını; günəş çıxmazdan öncə təmizləndikdə isə, sübh namazını qüsl aldıqdan sonra qılmalıdır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim namazın bir rükətinə (vaxtı çıxmazdan əvvəl) yetişərsə, artıq həmin namaza yetişmiş olar.”


Sual 33: Bir nəfər sual verərək deyir: “Mənim anamın altmış beş yaşı var. Artıq on doqquz ildir ki, o, dünyaya uşaq gətirmir. Hal-hazırda üç ildir ki, onun qanaxması var və bu, bir xəstəlikdir. Qarşıdan Ramazan ayı gəlir, bu halda onun necə etməsi barədə yol göstərmənizi xahiş edirik.”

Cavab: Bu cür qanaxması olan qadın, xəstəlikdən öncəki vaxtlarda adəti üzrə heyz olduğu günlərdə namazı və orucu tərk etməlidir. Məsələn: Qadın hər ayın əvvəlində yeddi gün heyz olurdusa, xəstəlik olan müddətdə də hər ayın əvvəlində yeddi gün namazı və orucu tərk edir. Bundan sonra isə qüsl alıb, ibadətinə davam edir. Lakin hər namazın vaxtı girdikdə xüsusi yuyunub təmizlənməli və qan ifrazının qarşısını bir şeylə müvəqqəti alıb, namazını qılmalıdır. Həmçinin nafilə namaz qılmaq istədikdə də bu cür edə bilər. Belə bir halda çətinlik olduğuna görə qadın zöhr namazını əsrlə, məğrib namazını isə işa ilə birləşdirə bilər. Yəni gün ərzində beş dəfə yox, üç dəfə namaz qıla bilər. Təkrar olaraq qeyd edirəm ki, qadın hər dəfə xüsusi olaraq yuyunmalı və qan ifrazının qarşısını aldıqdan sonra dəstəmaz alıb namaz qılmalıdır. Lakin namazları qısaltmır. Zöhr namazını dörd rükət, əsr namazını dörd rükət, məğrib namazını üç rükət, işa namazını dörd rükət fəcr namazını isə iki rükət qılır. Zöhr namazı ilə əsr namazını birləşdirib istər zöhrün vaxtında, istərsə də əsrin vaxtında qıla bilər. Eləcə də məğrib namazı ilə işa namazını birləşdirib istər məğribin vaxtında, istərsə də işanın vaxtında qıla bilər. İstəsə, həmin dəstəmazla nafilə namazları da qıla bilər.


Sual 34: Heyzli qadının Məscidül-həramda xütbə və hədislərə qulaq asması düzgündürmü?

Cavab: Heyzli qadının hər hansı bir məsciddə oturması qadağandır. Lakin məsciddən keçməsi, yaxud məscidə girib oradan bir şey götürməsi icazəlidir. Muslimin rəvayət etdiyi hədisdə belə deyilir: “Bir dəfə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun) namaz xalçasını gətirməyi əmr edir. Aişə (Allah ondan razı olsun) deyir: “Xalça məsciddədir, mən isə heyzəm”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) deyir: “Heyzin sənin ixtiyarında deyil.”

Heyzli qadın məscidə qan düşməməsindən əmin olarsa, oradan keçə bilər. Lakin oturub qalması qadağandır. Buna dəlil Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bütün qadınlara bayram namazına çıxmağı əmr etməsidir. Lakin Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) heyzli qadınlara namaz qılınan yerdən uzaq olmağı əmr edir. Bu da heyzli qadının məsciddə oturub dərsə, xütbəyə qulaq asmasının qadağan olmasına dəlildir.


Geri dön

cingiz muradov

  • 22 dekabr 2011 17:19
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
tewekkurler

Yusif

  • 9 fevral 2011 12:48
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tewekkurrrrrrrr

nilayka

  • 5 fevral 2011 14:19
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler smile

--------------------

Ulya

  • 5 fevral 2011 13:49
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 59

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}