İmanın əsasları-15

 
İmanın əsasları-15


Mələklərə iman gətirməyin yeri, necəliyi və dəlilləri

Mələklərə imanın yeri

İslam dinində mələklərə iman gətirmək imanın rüknlərindən biri sayılır. Onsuz iman iman sayılmır. Bunu Uca Allah Öz kitabında,

habelə Onun elçisi də Sünnəsində bildirmişdir. Uca Allah buyurur: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər“ (əl-Bəqərə, 285). Bu ayədə Uca Allah göstərir ki, mələklərə iman gətirmək imanın digər rüknləri kimi, Allahın rəsuluna nazil etdiyi, ona və ümmətinə vacib buyurduğu bir məsələdir.

Uca Allah başqa bir ayədə buyurur: “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən... şəxslərdir“ (əl-Bəqərə, 177). Bununla da Uca Allah bu xüsusiyyətlərə iman gətirməyi yaxşı əməl sayaraq onları saleh əməllərin əsaslarından, imanın rüknlərindən olduğunu bildirmişdir.

Bunun əksi olaraq Uca Allah bildirmişdir ki, bu rüknlərə küfr edən Allaha küfr etmiş olur. O buyurur: “Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür“ (ən-Nisa, 136). Bu ayədə Uca Allah bu rüknləri inkar edənləri küfr sözü ilə və dərin bir azğınlıqla vəsf etmişdir. Bu da mələklərə iman gətirməyin imanın əzəmətli bir rüknü olduğunu göstərir və onu inkar etmək insanı islam ümmətindən çıxarır. Sünnədə də buna dair çoxlu dəlillər vardır. Onlardan biri də İmam Muslimin "Səhih" əsərində Ömər ibn Xəttabdan (r.a) rəvayət etdiyi məşhur hədisdir. Ömər (r.a) belə rəvayət edir: “Bir dəfə biz Peyğəmbərin (s.a.s) yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbərlə (s.a.s) üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!” Peyğəmbər (s.a.s) buyurdu: “İslam (odur ki,) Allahdan başqa (haqq) məbud olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən”. Adam: “Doğru söylədin!”– dedi. (Ömər ibn Xəttab dedi:) “Biz ona təəccüb etdik, o həm soruşur, həm də təsdiq edirdi. Sonra o dedi: “Mənə iman haqqında xəbər ver”.

Peyğəmbər (s.a.s) buyurdu: “(İman odur ki,) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və Axirət gününə iman gətirəsən, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən”. Adam: “Doğru söylədin!”– dedi. (Sonra) soruşdu: “Mənə ehsan haqqında xəbər ver.”

Peyğəmbər (s.a.s) buyurdu: “(Ehsan odur ki,) Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən. Sən Onu görməsən də, (bil ki,) O səni görür”. Adam soruşdu: “Mənə Qiyamət saatı haqqında xəbər ver”. Peyğəmbər (s.a.s) buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir”. Adam soruşdu: “Mənə onun əlamətləri haqqında xəbər ver”. Peyğəmbər (s.a.s) buyurdu: “(O vaxt) ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən.” Ömər dedi: “Sonra o çıxıb getdi. Mən bir müddət (yerimdəcə) donub qaldım. Sonra Peyğəmbər (s.a.s) məndən soruşdu: “Ey Ömər, sual verənin kim olduğunu bilirsənmi?” Mən: “Allah və Onun rəsulu daha yaxşı bilir!”– dedim. Peyğəmbər (s.a.s) buyurdu: “O, Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdi.” ("Səhih Muslim", 8)
Bu əzəmətli hədis dinin bütün əsaslarını və dərəcələrini özündə ehtiva edir. Həmçinin bu hədis İslam dinini öyrənmək üçün əvəzolunmaz bir yoldur. Bu hədisdə ən əzəmətli mələk olan Cəbraillə bəşəriyyətin ən xeyirlisi Peyğəmbər (s.a.s) arasında baş vermiş dialoq vasitəsilə dinimiz insanlara öyrədilir. Gərək müsəlmanlar bu hədisə xüsusi diqqət yetirsinlər və dini öyrənmək və öyrətmək yolunda sələflərimiz kimi ona müraciət etsinlər. Hədisdə mələklərə imanın da imanın rüknlərindən olduğu göstərilir. Burada bunun zikr olunmasında

məqsəd də bu idi. Daha doğrusunu Allah bilir.

Mələklərə necə iman gətirmək lazımdır.

Mələklərə iman özündə bir neçə məsələni birləşdirir ki, bəndənin bunları həyata keçirməsi labüddür ki, iman da olsun.

1. Onların varlığını qəbul etmək və onları təsdiq etmək. Az öncə qeyd etdiyimiz dəlillərdən də məlum olur ki, mələklərə iman imanın

bir rüknüdür və onsuz iman olmur.

2. Onların sayının həddən çox olmalarına və saylarının Allahdan başqa heç kimin bilmədiyinə iman gətirmək. Uca Allah buyurur: “Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir” (əl-Müddəssir, 31). Yəni sənin Rəbbinin mələklərdən olan qoşunlarının sayını yalnız O Özü bilir. Bu da onların sayının çox olduğundan xəbər verir. Bunu bəzi sələflər də demişlər. Buxari və Muslimin Malik ibn Sasadan (r.a) İsra

gecəsi haqqında rəvayət etdikləri uzun hədisdə Peyğəmbər (s.a.s) demişdir: “Sonra mənə Beytul-Məmuru göstərdilər. Soruşdum: “Bu nədir, ey Cəbrail?” Dedi: “Bu Beytul-Məmurdur. Hər gün onun içinə yetmiş min mələk girir. Oradan çıxdıqdan sonra bir daha ora qayıtmırlar.” ("Səhih əl-Buxari", 3207; "Səhih Muslim", 164) Muslimin "Səhih" əsərində Abdullah ibn Məsud (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Qiyamət günü Cəhənnəm gətiriləcəkdir. O zaman onun yetmiş min noxtası olacaq. Hər bir noxtadan yetmiş min mələk onu dartacaqdır.” ("Səhih Muslim", 2842) Bu iki hədis mələklərin nə qədər çox olduqlarını göstərir. Əgər təkcə Beytul Məmura hər gün yetmiş min mələk daxil olur, sonra da ora geri dönmürlərsə, Qiyamət günü Cəhənnəmi bu qədər çox sayda mələklər gətirəcəksə, görün başqa işlərə müvəkkil edilmiş mələklərin sayı nə qədərdir. Həmin mələklərin sayını isə yalnız onları Yaradan bilir.
3. Mələklərin Allah yanında yüksək məqama, hörmətə, şərəfə sahib olmalarını etiraf etmək. Uca Allah buyurur: “Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır. Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər” (əl-Ənbiya, 26-27). O, həmçinin buyurur: “Bu səhifələr elçilərin əllərində –möhtərəm və müti olanların əllərindədir” (Əbəsə, 15-16). Bu ayədə Uca Allah mələklərin möhtərəm qullar olduqlarını bildirməkdədir. Uca Allah buyurur: “Əgər onlar təkəbbür göstərsələr, bilsinlər ki, sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər” (Fussilət, 38). Ayədə buyurulur ki, mələklər Allahın yanındadırlar və usanmadan Ona ibadət edirlər. Bu da onların şərəfli olmalarını göstərir. Uca Allah Öz kitabında bir çox yerlərdə mələklərə and içir. Bunun özü də onların Allah yanında olan şərəfini göstərir. O buyurur: “And olsun göylərdə və yerdə səf-səf duranlara, imansızları qətiyyətlə qovanlara və Zikri oxuyanlara!” (əs-Saffət, 1-3). O, həmçinin buyurur: “(And olsun) haqqı nahaqdan ayırdıqca ayıranlara və zikri çatdıranlara” (əl-Mursələt, 4-5). Allahın Kitabını mütəmadi oxuyan hər kəsə məlumdur ki, orada mələklərin möhtərəm qullar olmaları barədə müxtəlif növ və müxtəlif üslubda çoxlu sayda dəlillər vardır.

4. Quran və Sünnədə gələn bütün dəlillərə əsasən mələklərin bir-birilərindən üstün olmaları, fəzilət və Allah qatında olan məqam baxımından onların eyni səviyyədə olmamaları etiqad edilməlidir. Uca Allah buyurur: “Allah mələklərdən də elçilər seçir, insanlardan da.

Həqiqətən, Allah Eşidəndir, Görəndir!” (əl-Həcc, 75). Həmçinin buyurur: “Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər” (ən-Nisa, 172). Uca Allah xəbər verir ki, bəzi mələklər elçi seçilir və Ona yaxın olurlar. Bu da həmin mələklərin qeyrilərindən üstün olmalarını göstərir. Ən əfzəl mələklər Allaha yaxın olub Ərşi daşıyan mələklərdir. Allaha yaxın olan mələklərin ən fəzilətlisi isə Peyğəmbərin (s.a.s) duasında adları çəkilən üç mələkdir. Peyğəmbər (s.a.s) gecə namazını bu dua ilə başlayardı: “Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göyləri və yeri Yaradan, qeybi və aşkarda olanı Bilən Allahım!...” ("Müsnəd Əhməd", 6/156; "Sünən ən-Nəsai", 3/173) Bu üç mələkdən daha əfzəli Cəbraildir. O elçilərə vəhyi çatdırmağa müvəkkil olunub. Gördüyü vəzifənin şərəfinə görə özü də şərəfli hesab olunur. Uca Allah onu Öz Kitabında başqa mələklərini vəsf etmədiyi adlarla qeyd edib. Uca Allah onu ən gözəl ad və sifətlərlə vəsf edib. Uca Allah buyurur: “Onu sadiq ruh Cəbrail endirdi“ (əş-Şüəra, 193). O, həmçinin buyurur: “O gecə Rəbbinin izni ilə mələklər və Ruh Cəbrail hər işə görə yerə enirlər“ (əl-Qədr, 4). Bu adı Uca Allah başqa bir ayədə Özünə aid edərək belə qeyd edir: “Biz Öz Ruhumuz Cəbraili onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu.” (Məryəm, 17).
Başqa bir ayədə Uca Allah bu adı Müqəddəs adı ilə birgə qeyd edir: “De: Müqəddəs Ruh Cəbrail onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir” (ən-Nəhl, 102).

Təfsir alimlərinin rəyinə görə Müqəddəs deyildikdə ayədə Allah nəzərdə tutulur. Uca Allah onu, həmçinin, vəsf edərək buyurur: “Həqiqətən, bu, göndərdiyimiz möhtərəm bir elçinin sözüdür. O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır” (ət-Təkvir, 19-21). Həmçinin buyurur: “Bunu ona çox qüvvətli olan öyrətdi – gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü” (ən-Nəcm, 5-6). Bu ayələrdə Uca Allah Cəbraili elçi, möhtərəm, qüvvətli, Onun yanında xüsusi yerə malik, səmalarda itaət olunan, vəhyə etibar olunmuş və gözəl simalı adlandırmışdır.

5. Müsəlmanlar mələkləri özlərinə dost tutmalı, onlara düşmən mövqedə olmamalıdırlar. Uca Allah buyurur: “Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır“ (ət-Tövbə, 71). Mələklər də bura daxildirlər, çünki onlar da Allaha itaət edən möminlərdir. Uca Allah onlar barəsində belə buyurur: "Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır" (ət-Təhrim, 6). Həmçinin, Uca Allah mələklərin möminlərə və Peyğəmbərə (s.a.s) dost olduğunu bildirir. O buyurur: “Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun

dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır“ (ət-Təhrim, 4). O, həmçinin buyurur: "Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər" (əl-Əhzab, 43). Başqa bir ayədə o buyurur: “Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!“ (Fussilət, 30). Mələklərin möminləri sevmələrinə, onlara yardım etmələrinə, onları dəstəkləmələrinə və onlar üçün bağışlanma diləmələrinə görə möminlərin də mələkləri özlərinə dost tutmaları vacibdir. Uca Allah mələklərə qarşı düşmən mövqedə olmaqdan çəkindirərək buyurur: "Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir" (əl-Bəqərə, 98). Rəbbimiz xəbər verir ki, mələklərə düşmən olmaq Allaha düşmən olmaqdır. Çünki mələklər Onun əmrlərindən və hökmündən əsla çıxmırlar. Odur ki, kim onlarla düşmənçilik edərsə, öz Rəbbi ilə düşmənçilik etmiş olur.
6. Etiqad edilməlidir ki, mələklər məxluqdurlar və onlar yaratmaq, idarə etmək, işləri yoluna qoymaq kimi qüdrətə malik deyillər.

Onlar Allahın əsgərləridir və yalnız Onun əmrlərini icra edirlər. Bütün işlər Allahın əlindədir və bu işdə Onun heç bir şəriki yoxdur. Eləcə də hər hansı bir ibadət növünü mələklərə yönəltmək yolverilməzdir. Əksinə, ibadət Rübubiyyətdə, Üluhiyyətdə və ad və sifətlərdə heç

bir şəriki və oxşarı olmayan, həm mələkləri, həm də bütün məxluqatı yaradan Allaha olmalıdır. Uca Allah bunu bəyan edərək buyurur: “O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı

əmr edərmi?” (Ali İmran, 80). Həmçinin buyurur: “Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır. Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər. Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər. Onlardan kimsə: “Mən Ondan başqa bir məbudam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq“ (əl-Ənbiya, 26-29).

Uca Allah bu ayələrdə xəbər verir ki, O, kimsəyə mələklərə ibadət etməyi buyurmayıb. Bu əməl küfr olduğu halda Allah bunu necə əmr edə bilər. Həmçinin, Uca Allah mələklərin Allahın qızları olduğunu iddia edənlərin iddialarının batil olduğunu da bəyan edir və Özünü bunlardan təmizə çıxarır. Həmçinin, ayədə bildirir ki, mələklər hörmətli qullardır, onlar yalnız Allahın əmrlərini yerinə yetirirlər, Onun qorxusundan əsim-əsim əsirlər və yalnız Allahın razı qaldığı tövhid əhlindən olan kəslər üçün şəfaət diləyirlər. Sonda isə Allah bildirir ki,

üluhiyyəti iddia edən hər kəsin yeri yalnız Cəhənnəmdir. Bundan da aydın olur ki, mələklər sadəcə Allahın qullarıdır, güc və qüdrət isə

yalnız onların Rəbbi və onların Xaliqi olan Allaha aiddir.

7. Quran və Sünnədə adları xüsusi olaraq qeyd olunan mələklərə, təfsilatı ilə iman gətirmək. Onlardan bəziləri aşağıdakılardır:

Cəbrail, Mikail, İsrafil, Malik, Harut və Marut, Ridvan, Munkər və Nəkir və digərləri. Həmçinin, dəlillərdə vəsfləri ilə qeyd olunan mələklər də belədir: hazır duran və nəzarət edən mələklər kimi. Bəzən mələklər vəzifələri ilə də qeyd olunurlar. Misal olaraq ölüm mələyini

və ya dağlar mələyini göstərmək olar. Bəzi mələklərin vəzifələri ümumi olaraq qeyd olunur: Ərşi daşıyanlar, əməlləri yazan möhtərəm

mələklər, məxluqatı qoruyanlar, bətinlərdə olanları qoruyanlar, Beytul Məmuru təvaf edənlər, gəzib dolanan mələklər və başqaları kimi.

Bu cür adları, vəsfləri, vəzifələri və xəbərləri qeyd olunan mələklərə təfsilatı ilə iman gətirmək və təsdiq etmək gərəkdir. Bu barədə

növbəti fəsildə söhbət açacağıq. Quran və Sünnədə gələn dəlillərə əsasən mələklər barəsində etiqad olunması vacib olan məsələlər bunlardır. Daha doğrusunu Allah bilir.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"


Geri dön

Gr-Az

  • 13 dekabr 2014 23:05
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
Allah razi olsun

♔ sinყσriτα ♔

  • 12 dekabr 2014 21:42
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun!!!

Aylowka)))

  • 12 dekabr 2014 19:10
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Bilirdim amma bu qeder etrafli bilmirdim cox sagolun Allah razi olsun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

G♥S

  • 12 dekabr 2014 18:46
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

^^YeRaZKa MeLeK^^

  • 12 dekabr 2014 18:11
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi qalsin

--------------------

Elya Alieva

  • 12 dekabr 2014 18:08
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
savabni gorun amin insAllah

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 12 dekabr 2014 17:40
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
ILK SERH MENDEN ALLAH RAZI OLS7UN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}