Çəhrayı Zolaqlı Varlıq (4. hissə)

 
Çəhrayı Zolaqlı Varlıq (4. hissə)


Ümumiyyətlə, insan məqsədinə çatacağını güman edəndə, istənilən maneəni aşmağa müvəffəq olur və bu vaxt əlavə güc gəlir, ikinci nəfəs açılır, uğura gedən yol isə qısalır…

Bu gün mən, bir daha bunun şahidi olmuşdum. İndi yolun yarısından çoxunu geridə qoymağımıza baxmayaraq, mənə elə gəlirdi ki, sanki uzun zamandır yola çıxmışıq. Süleymangi­lin evindəki dözülməz başağrım isə, yenidən şiddətlənməyə başlamışdı. Özümü o qədər də yaxşı hiss etmirdim. Hətta yorğunluğum o həddə çatmışdı ki, qaranlıq meşədə uzaqdan görünən işıq belə nəzərimdən yayınmışdı. Minarə xanım qolumdan tutub, əlimdəki fənəri bir qədər aşağı salanda da, ilk öncə nə baş verdiyini anlamadım. Ancaq qadın asta səslə məndən, qarşıya baxmağımı istəyəndə, gördüklərim məni dəhşətə gətirdi və cəld şəkildə işığı söndürdüm. Əlində fənər olan bir şəxs, bizə yaxınlaşırdı…

Minarə xanım arxama keçib gizlənsə də, mən nə edəcəyimi bilmirdim. Təhlükə bizi çox pis və köməksiz olduğumuz məqamda haqladığından, ilk dəfə idi ki, bu qədər həyəcan keçirdiyimi hiss etməyə başlamışdım. Ancaq, daha çox Minarə xanımdan nigaran idim. O, qolumdan bərk yapışmışdı deyə, qadının necə titrədiyini hiss edirdim. Minarə xanım özü də hər şeyi çox gözəl anlayırdı. Əgər bizim buraya gəlməyimiz, doğrudan da yaxınlaşan o insanın əleyhinə idisə, onda gecənin bu zülmətində, bizi heç kim və heç nə xilas edə bilməyəcəkdi. Ona görə də burada dayanıb, o insanı gözləmək ağılsızlıq olardı. Çünki o, əlimizdəki fənər sayəsində bizim yerimizi təyin edə bilmişdi. Odur ki, getdikcə bizə daha da yaxınlaşırdı. Ayağının altında sınan ağac budaqları və ətrafa yayılan tükürpədici xışıltı, meşənin dərin və qorxunc sükutunda olduqca vahiməli səslənirdi. O, səsini çıxarmadan bizə doğru gəlirdi. Sanki, həmin şəxs özü də qorxurdu, çünki addımlarını çox ehtiyatla atdığı görünürdü. Nəhayət o, asta sürətlə istədiyi yerə çatdı və fənəri bizim bayaq dayandığı­mız hissəyə salıb, ətrafa gəzdirməyə başladı. Biz isə buna qədər artıq oradan uzaqlaşaraq, kənardakı ağacların arxasına gizlənməyə macal tapmışdıq. Bu an, qaranlıqda çətinliklə də olsa, həmin insanın siluetini görüb, Minarə xanıma baxdım. Qadın sakitcə başını tərpətdi və mən gizləndiyim yerdən çıxaraq fənəri yandırıb, işığı uzaqdan həmin naməlum şəxsin üzərinə saldım…

- Siz niyə bura qayıtdınız? – yaxınlaşaraq soruşdum – Nə isə olub?

- Bəs, siz niyə məni görən kimi gizləndiniz? – Süleyman işığı üzümə salıb, güldü – Yox, heç nə olmayıb. Sadəcə sizdən nigaran qaldım.

Az öncə keçirdiyim həyəcanla müqayisədə əhvalım bir qədər yaxşı olsa da, bizi qorxutduğu üçün Süleymana bərk acıqlanmışdım, amma bunu birüzə vermək istəmirdim. Odur ki, söhbəti bu məcraya istiqamətləndirməmək üçün yol boyu da bu məsələ haqda söz salmamağa çalışdım.

- Sizdən ayrılandan sonra, meşənin gəldiyimiz girişində gözləməyə başladım. – Süleyman artıq evinin həndəvərində olanda dedi – Xeyli gözlədim. Doğrudan da sizdən nigaran idim. Gəlmədiyinizi görəndə də lap narahat oldum. Sonra evə qayıdıb fənər götürdüm və meşəyə qayıtmağı qərara aldım… Buraları az-çox tanıyıram. Yad insan üçün bu meşədə azmaq o qədər də gözlənilməz bir hal deyil. – kişi həyət qapısının kandarında dayanıb qapının çərçivəsinə söykənmişdi – Bu meşə siz təsəvvür etdiyinizdən də təhlükəlidir. Bilmirəm, nə məqsədlə meşəni tək gəzməyə qərar verdiniz, amma Nicat bəy, sizə bir qardaş kimi məsləhət verirəm. Bu günkü hərəkətinizi bir daha təkrarlamayın…

Süleymanın sözlərində nə qədər həqiqət olduğunu ona bildirmək istəyirdim, amma anlayırdım ki, əminliyimin səbəbini açıqlamaqda çətinlik çəkəcəyəm. Ona görə də sadəcə təşəkkür edərək, məsləhətinin mənim üçün çox önəmli olduğunu deyib, ondan ayrıldıq.

Minarə xanımgilin evinə çatanda, yaxınlıqdakı qonşunun açıq həyət qapısı diqqətimi çəkdi. Əslində mən bu işi sabah üçün planlaşdırmışdım, amma bu günkü hadisələrin inkişafı, mənə artıq vaxt itirməyin gərəksiz olduğunu aşılayırdı. Cibimdəki bloknotu çıxarıb, günorta Lalənin ora yazdığı sonuncu cümləyə bir daha baxdım: "…atam mamanı döymüşdü. Biz də qonşuya getmişdik.” Bu cümlə bir şeyi isbat edirdi: demək ki, Mahirənin yaxınlıq etdiyi qonşusu olub.

- İstəyirsiz, siz daha evə gedin. – Minarə xanıma baxaraq dedim – Mənim burada bir az işim var. Qurtaran kimi kəndimizə qayıdacağam.

- Nə işiniz var ki? Sizə kömək edə bilərəm?

- Təşəkkür edirəm, amma ehtiyac yoxdur. Mən sadəcə qonşunuzla danışacağam.

- Bu saatda? – qadın təəccüblə soruşdu.

- Başa düşürəm, gecdir, amma bu qonşunuzun uşağı hələ də həyətdədir…

- Hə, hələ lap uşaq ikən də o, yatmağı xoşlamazdı. – Minarə xanım gülümsədi – Elə indi də yatmağı sevmir. Çox yaxşı qızdı. Lalənin ən yaxın rəfiqəsidi.

- Ev sahibinin adı nədi?

- Adı Zivərdi… Tək qadındı. Bir qızı var idi… İlk ailəsindən ayrılandan sonra, ikinci dəfə ərə getdi, amma yoldaşı onun uşağını qəbul eləmədi. O da qızını gətirib Zivər xalaya verdi. İndi özü Türkiyədə yaşayır… – qadın bu haqda sanki nifrətlə danışırdı – Guya anası tək qalmasın deyə, bu addımı atmışdı. Belələrini düşünəndə dəhşətə gəlirəm. Hər şey gün kimi aydındır. Axı, insan öz xoşbəxtliyi üçün övladından necə imtina edə bilər?!

- Övlad itgisinin nə olduğunu sizdən yaxşı bilə bilmərəm. Amma inanın, o qadın qızını daha çox itirib, nəinki siz…

- Təsəlli verməyi bacarırsınız…

- Ola bilər, amma mən təsəlli vermirdim. Siz öz doğma qızınızı itirdiyiniz halda, ailənizdə baş verən neqativ hadisələrdə təqsirləndirdiyiniz Mahirənin qüsurlu qızını saxlayırsınız. Ancaq Laləni "uşaq evi”nə ataraq, bunu etməyə də bilərdiniz. Həm də mən görürəm ki, Lalə sizi çox istəyir. Mənim aləmimdə, bir körpənin gələcəyini düşünüb, öz taleyinin üzərindən xətt çəkməyi bacaran biri, doğma övladını görə bilməyəcək qədər, xoşbəxtlikdən gözləri kor olmuş qadından çox yüksəkdədir…

…Zivər xanımın mənzili, həyəti ilə müqayisədə o qədər də böyük deyildi. Açıq qapıdan içəri daxil olan kimi, kiçik qız məni görüb, yelləncəkdəki gəlinciyini də götürərək, evə doğru qaçdı. Qapını ardınca bərk örtsə də, az sonra yenidən açdı və həyətə çıxdı. Onun ardınca isə dolğun yaşlı bir qadın kandarda göründü. Zivər xanım bəstəboylu və bir qədər dolu bədən quruluşuna sahib idi. Yetmiş yaşı ancaq olardı, amma hərəkətlərində daha da yaşlı insanı andıran bəzi nüanslar da nəzərə çarpırdı. Çökəkdə olan gözlərinin kənarlarındakı qırışlar aydın görünürdü, amma dairəvi quruluşlu simasının mütənasibliyini qoruyan kiçik burnu və nazik dodaqları onun gənc ikən gözəl olduğunu aşılayırdı.

- Eşidirəm, oğlum… – qadın ayaqqabılarını geyinərək soruşdu – Kim lazımdı?

- Zivər xanım sizsiniz?

- Mənəm ay oğul… Kimsən? Tanımadım…

- Vaxtınızı çox almayacam, Zivər xala… – qadının həyətin kənarındakı stullardan birini götürməyə cəhd etdiyini görüb, əlavə etdim – Narahat olmayın. Sadəcə bir-iki sual verib, gedəcəyəm.

- Nə haqqında? – o, bir az ehtiyatla soruşdu.

- Əvvəla, gecə vaxtı sizi narahat etdiyimə görə məni bağışlayın. Məcburiyyət qarşısında qalmasaydım, gəlməzdim. – qadın lap qarşımda dayanmışdı – Mən itgin düşmüş qonşunuz Mahirə ilə bağlı qapınızı döymüşəm.

- Kimsən sən? – Zivər xala hirsli şəkildə üzümə baxdı. Deyəsən mənim son sözüm qadının heç ürəyincə olmamışdı.

- Mən cinayət işləri üzrə ekspertəm… – deyib, cibimdən adətən üzərimdə gəzdirdiyim saxta vəsiqəni çıxarıb, qadına göstərdim. Bu vəsiqə dəfələrlə ekstrimal hallarda mənim dadıma çatmışdı. Hər hansısa bir sənəd insanı elə həmin an, bacarıq və qabiliyyət isə, sonradan tanıtdırdığından, sadəcə hüquq fakültəsinin üçüncü kurs tələbəsi olduğumu bilib, kim mənimlə ünsiyyətə girərdi?!

- Vaxtında səni kimiləri ilə çox danışmışam… – amma deyəsən, vəsiqəm bu dəfə əks-effekt verdi – Bir xeyiri oldu?! Yox! Hamınız eynisiniz… Başa düşmürəm insanları dindirmək sizin nəyinizə lazımdır?! Onsuz da dediklərimizi heçə sayıb, öz bildiyinizi edirsiniz. Bu bilirsiz nədi? Təhqir! Gəlib məni söysələr bundan yaxşı idi. Gəldilər, danışdırdılar, guya dediklərimi qeyd elədilər, çıxıb getdilər. Mən də həvəslə hər şeyi danışırdım. Elə başa düşürdüm ki, bir xeyirim toxunacaq, – qadının bu qədər əsəb keçirməsi məni təəccübləndirirdi – amma sözlərimi vecinə alan olmadı. Kimisə ittiham etməmişdən əvvəl, yaxşıca düşünmək lazımdır. Yazıq qızım Mahirə səni kimilərinin qurbanı oldu…

- Zivər xanım, bir dəqiqə…

- Sözümü kəsmə! Məndən də heç nə soruşma… Gəldiyin kimi də get. Qapı açıqdı… Mən zamanında hər şeyi sənin dostlarına demişdim. – qadın yaxınlaşıb, qolumdan tutaraq üzümü çevirdi və məni həyət qapısına tərəf apardı – O vaxt demişdim ki, onda heç də gec deyildi və Mahirəni xilas etmək olardı… – Zivər xanım son sözlərini daha kəskin şəkildə qeyd etdi – İndi isə, get! Hər şey olub keçəndən sonra, səninlə heç nə danışan deyiləm!

- Bir dəqiqə dayanın… – bağlanan qapını əlimlə saxladım – İmkan vermədiniz mən gəlişimin məqsədini tam olaraq izah edim.

- Mənə hər şey aydındır…

- Heç nə aydın deyil… Aydın olsa idi, məni evinizdən qovmazdınız. – bu sözüm qadını sanki bir qədər ayıltdı – Birincisi, sizin verdiyiniz ifadələrdən bixəbərəm və həmin vaxt həmsöhbətiniz olan şəxslər mənim dostlarım deyil, ikincisi də, mən bu cinayət işində müstəqil xəfiyyəyəm.

- Olsun. Nə fərqi var ki?! Eyni şeydir…

- Eyni şey deyil, xanım. Siz bildiklərinizi danışmamaqla səhvə yol verirsiniz.

- Nəvəm yaşındasan. – qadın yarıqapalı qapıdan üzümə baxaraq, sifətini turşutdu – Mənə nə etdiyimi öyrədəcəksən? Səni kimisi ilə, heç danışmaq fikrim yoxdur.

- Dayanın… – qüvvətlə üzümə bağlanan qapını yenidən saxladım – Nəyə görə məsələni bu qədər qəlizləşdirdiniz? Mən bura böyük ümidlərlə gəlmişdim. Lalə mənə anası ilə bağlı bəzi məqamlardan bəhs edəndə, mən anlamışdım ki, Mahirənin çox yaxın bir qonşusu olub və təxmin etmişdim ki, bu, siz ola bilərsiniz. Yanılmadım. Bu siz idiniz. Ona görə də, yardımınıza böyük ehtiyacım var idi, amma çox təəssüf ki, siz ən yaxın qonşunuza növbəti dəfə olsa belə, yardım etmək istəmədiniz…

- Necə yəni? – Zivər xala son sözümdən çaşıb-qaldı – Necə yəni qonşuma kömək etmək istəmirəm. Mən zamanında köməyimi etmişəm. Bir nəticəsi olmasa da, etmişəm. İndi isə, daha gecdir. İşi-işdən keçəndən sonra, çənə yormağın da bir mənası yoxdur.

- İşin-işdən keçdiyinə niyə bu qədər əminsiniz?

- Məgər, Mahirə ölməyib?! Əmin olmaq üçün başqa nə lazımdır?

- Mahirənin öldüyü nə ilə təsdiqləndi? Adi bir əski parçası ilə? Axı, onun cəsədi hələ də aşkar olunmayıb.

- Demək istəyirsiniz o, sağdır? Bunu desəniz belə sizə inana bilmərəm…

- Bəs, sizin fikrinizcə, nəyə görə illər öncə bağlanmış cinayət işi yenidən araşdırılır?! – əlimi qapıdan çəkdim – Çox təəssüf ki, bizim əsas məsələ haqqında söhbətimiz baş tutmadı. Görürəm ki, ünsiyyətə girməməkdə qərarlısınız, amma mənim çox az vaxtım var. Bu işlə məşğul olmağı hələ bu gün öz üzərimə götürdüm və elə indicə Mahirənin sağ ola biləcəyi haqqında əsaslı dəlillərə rast gəldim. – qadın bu an, bayaqdan bərk-bərk tutduğu qapı dəstəyini buraxdı – Böyük ehtimalla Mahirə yaşayır, Zivər xanım. Vəfat etdiyi zənn edilən və zamanında ən yaxın qonşunuz olan qadın, yaşayır… O, ölməyib! Xudahafiz! – deyib, bu dəfə özüm qapını arxamca bərk örtdüm…

Uğurun bir addımlığında olarkən, sanki hadisələr yuxudakı kimi cərəyan etməyə başlayır. Əlini ona uzadırsan, lakin toxuna bilmirsən. Sən ona yaxınlaşdıqca, o, səndən daha da uzaqlaşır. Zivər xanımla baş tutmayan söhbətim də eyni ilə buna bənzəyirdi. Məsələ burasındadır ki, qadının söylədiklərində çox müəmmalı bir nüans vardı. "Zamanında mən Mahirəni xilas etməyə cəhd göstərdim, amma alınmadı.” Görəsən qadın nə bilir və o, Mahirəni necə xilas etməyə cəhd göstəribmiş?!

Beynimi qarışdıran bu suallar, evə gedərkən, yolboyu mənə rahatlıq vermədi. Hətta gecəni də demək olar ki, yatmaq asan olmadı. Zivər xanımın dedikləri, bəlkə də demədikləri bağlı düşüncə sandığının açarını oğurlamış, onun kobud davranışı isə, gözümün önündə sanki bir pərdə kimi asılaraq, qarşını görməyə imkan vermirdi. Lakin mən nədənsə, bir ucu uğura bağlanmış ipin digər ucunun nə vaxtsa ayağıma dolaşacağına qəlbən inanırdım və doğru cığırda olduğumu güman edirdim. Maneələr məni məhvetmə gücünə qadir olsalar belə, mən bu yolun sonuna çatmaqda qərarlı idim…

…Ertəsi gün adəti üzrə küt bir başağrısı ilə yuxudan oyandım. Murad hələ də yatırdı. Dünən baş verən hadisələri anama danışmaq istəsəm də, onu da evdə tapmadım. Hamam otağına keçib yuyunduqdan sonra, mətbəxə daxil oldum. "Kaş ki, anamın bizə göstərdiyi bu qayğının heç olmasa yarısını, gələcək həyat yoldaşımdan da görə biləydim” – deyə gülümsəyərək, süfrəsi hazırlanmış masanın arxasına keçdim. Yarım saat sonra ev telefonu ilə Səbuhigilin evinə zəng etsəm də, dostumun həyat yoldaşı Rəvanə, Səbuhinin evdə olmadığını dedi. Vaxt itirmədən kənd yoluna çıxdım və qarşıma çıxacaq ilk avtomobili gözləməyə başladım. Ağ rəngli "Jiquli” uzaqdan mənə doğru yaxınlaşanda, ilk öncə diqqətimi cəlb edəcək bir hal yaşanmadı və yaxınlaşan avtomobil düz qarşımda dayandı.

- Rəvanə dedi ki, zəng vurub məni axtarmısan. – mən maşına əyləşərkən, Səbuhi onu yenidən işə saldı – O, dəstəyi yerinə qoyan kimi, mən evə girdim. Dərhal sizin evə zəng elədim, amma cavab verən olmadı.

- Tənbəl Murad… – deyib gülümsədim – Tənbəllikdə məni keçib…

- Murad evdə idi?

- Hə, yatırdı… Yüz faiz telefon zəngini eşidib, amma qalxmayıb.

- Elə sən də onun tayısan. O qədər olub ki, dərsə gedəndə qapınızı döymüşəm, – Səbuhi mənə baxmadan danışırdı – amma Elmira xala deyib ki, "Oğlum tək get, Nicatı yuxudan qaldıra bilmədim.”

- Çox olub, hə? – gülərək dostuma baxdım.

- Çox… Həddindən artıq çox…

- Düz deyirsən… Bu, mənim ən pis xüsusiyyətim idi. Məni universitet dəyişdi.

- Dəyişdi? – Səbuhi qəhqəhə çəkdi – Necə? Bir anda möcüzə baş verdi?

- Yox, möcüzə niyə?! – çiynimi çəkdim – Məktəblə universitet bir deyil, axı… Universitet insandan daha çox məsuliyyət tələb edir. Məktəb təhsili də çox vacibdir, amma fərq az deyil.

- Hə, haqlısan. Biz hara gedirik? – Səbuhi qəfilfən söhbəti dəyişdi.

- T. kəndinə… – dostumun üzünə baxdım. Onun əhvalı dəyişmişdi. "Lənət şeytana, axı niyə mən onunla universitet haqda danışdım?!” – deyə özümü danladım.

Səbuhi atasını həyatının ən pis çağında itirmişdi. Əlləddin dayı vəfat edəndə, Səbuhi onuncu sinifdə oxuyurdu. Hər ikimiz atasız idik, amma mənim anam işləyirdi deyə, ailəmizi saxlamağa və məni oxutmağa gücü çatırdı. Səbuhinin anası Xavər xala isə təhsilsiz qadın idi, həm də o zamanlar onun da səhhətində problemləri vardı. Ona görə də ailənin yükünü Səbuhi çəkməli olduğundan, təhsildən yayınmağa məcbur olmuşdu.

- Kişinin ali-təhsil alması o qədər də vacib deyil. – əlimi dostumun çiyninə qoydum – Kişi pul qazanmağı bacarmalıdı. Sənin kimi… Bilirəm, indi soruşacaqsan ki, bəs, əgər işləmək vacibdirsə, onda özün niyə işsizsən?! Mən tələsməyə bilərəm. Mənim bacım yoxdur, Səbuhi… Sən özün təhsil almadın, amma Ayşən bu gün universitetdə sənin köməkliyinlə oxuyur. Bunu hamımız bilirik… Qadının ali-təhsil alması daha vacibdir. Sən də bütün bunları bacın üçün etmisən. Fədakarlıq insandan daha çox güc tələb edir, nəinki şəxsi uğurun üçün çalışıb-vuruşmağın…

Səbuhi bircə dəfə çevrilib üzümə baxdı, amma heç nə demədi. Deyəsən sözlərimlə onu inandırıb, könlünü ala bilmişdim. Bəlkə o, özü də indiyədək bunun fərqinə varmamışdı, amma mənim dediklərimdə doğrudan da həqiqət vardı. Onun bacısı Ayşən üçün etdikləri danılmaz idi…

Yolboyu son günlər yaşadıqlarımı Səbuhiyə danışarkən, vaxtın necə gəlib keçdiyini hiss etmədim. Minarə xanımgilin mənzilinə çatanda, dostum məni gözləyəcəyini dedi. Elə mənim də istədiyim bu idi, çünki bu gün MirHəmidin yanına getməyi planlaşdırırdım. Amma ilk öncə Mahirənin ailəsi ilə əlaqə saxlamağa cəhd göstərməli idim.

- Dostunuz niyə evə gəlmədi? – Minarə xanım qonaq otağına keçərkən soruşdu – Axı, ayıbdır…

- Belə yaxşıdır… Mən özüm də burada çox qalmayacam. Bir azdan çıxıram. Siz zəhmət olmasa, Mahirənin fotoşəklini və telefon kitabçanızı mənə gətirin.

- Bu dəqiqə… – o, cəld şəkildə çevrildi – Kitabçanı verərəm, şəkli isə gərək axtaram…

Qadın evin telefon kitabçasını qarşıma qoyub, dəhlizə keçdi. Mən isə Mahirənin ata evinin nömrəsini asanlıqla tapdım. Mobil telefonumu çıxarıb, nömrəni yığmağa başladım, amma uzun müddət zəng getməsinə baxmayaraq, dəstəyin əks tərəfindən səs gəlmədi. Cəld şəkildə dəftərçəni yenidən vərəqləməyə başladım. Məqsədim oxşar bir telefon nömrəsi tapmaq idi. Az keçmədi ki, istəyimə çatdım. "Sənubər” adı qarşısında yazılan nömrə, Mahirənin ata evinin nömrəsindən son iki rəqəmi ilə fərqlənirdi. "Hər halda qonşu evdir” – deyə düşünərək, nömrəyə zəng etdim.

- Alo… – incəsəsli bir qız ehtiyatla cavab verdi – Eşidirəm…

- Alo, salam. – qalın səs tonu ilə dedim – Bağışlayın, sizi rayon "ATS”-indən narahat edirik.

- Buyurun…

- Xanım, "Telefon qovşağı”nda qeydiyyat siyahısının yenilənməsi ilə əlaqədar olaraq, abonentlərin ünvanını yenidən yaddaşa salırıq. Zəhmət olmazsa, ünvanınızı dəqiqliklə söyləyərdiniz.

- Bir dəqiqə… – qız dəstəyi kiməsə ötürdü və elə həmin an, əks tərəfdən dolğun yaşlı bir qadın səsi eşidildi.

- Buyurun, nə lazımdır?

Mən az öncəki yalanımı bir daha təkrarlayası oldum və otağa daxil olan Minarə xanımın artıq səs çıxarmamasını bildirərək, barmağımı dodaqlarıma söykədim. Dəstəyin o başından eşitdiklərimi bloknotuma qeyd edəndə, gözucu Minarə xanıma baxdım. Qadın təəccüblə gözlərini mənə zilləmişdi.

- O, kim idi? – telefon danışığımı bitirərkən, qadın əlindəki şəkli qarşıma qoydu – Siz nə danışırdınız?

- Yalan… – gülümsəyərək, Mahirənin şəklini götürüb, cibimə qoydum – Mən getməliyəm. Lazım olsa, buraya qayıdacam. Çalışın, evdə olun…

Qadın sadəcə başını tərpətdi və mən evdən çıxdım. Səbuhi "Jiquli”ni yolun kənarına vermişdi. Yaxınlaşıb maşının qapısını açarkən, dostum birdən dik atıldı.

- Ohoo… Mənə lağ edənə bax… – gülərək dedim – Bu nə vaxtın yatmağıdı?

- Gecə heç gözümü də yuma bilməmişəm… – Səbuhi başını silkələdi – Sən gedəndən sonra, dincəlmək üçün gözlərimi yumdum. Qəfildən yuxuya getmişəm.

- Əgər yorğunsansa, qayıt evə. Mən başqa maşın tapa bilərəm…

- Ehtiyac yoxdur… Əsas gözümü aldatmaq idi, ona da vaxt tapdım. – dostum mühərriki işə salıb, üzümə baxdı – Evə gedirik?

- Yox, S. kəndinə…

MirHəmidin daxması və evin qorxunc aurası onun özünün davranış və zəhmli siması ilə müqayisədə daha çox vahiməli görünürdü. Mənə bələdçilik edən bir qadının arxasınca otaqları keçəndə, ətrafa nəzər saldım. Evdə daha çox qara rəngə üstünlük verilmişdi. Hətta soyuducunun üzərində belə, qara rəngli örtük vardı. Müxtəlif rənglərdə olan pərdənin üzərindəki qara naxışlar da diqqətimdən yayınmadı. Qadın lazımi qapının qarşısında dayanıb, başı ilə içəriyə işarə edəndə, bu dəfə də divardakı çərçivəyə salınmış şəkil gözümə sataşdı. Şəkildə qara rəngdən başqa heç nə təsvir olunmamışdı. Qapının dəstəyini burub onu açanda, artıq bayaqkı qadın otaqda deyildi. Üzərimdə hiss etdiyim ağır bir yük, MirHəmidin simasını görənədək mənə əziyyət verdi. Kişinin mənfi aurada qərarlaşmasına baxmayaraq, zəhmli sifətində həm də müəmmalı bir nur vardı. Görücünün altmış yaşı ancaq olardı. Qısasaqqallı, ortaboylu və bir qədər ağır davranışlı biri idi. Sifətindəki qırışlar daha çox gözünün ətrafında görünürdü. Beli nəzərə çarpacaq dərəcədə bükülmüş, başının fəslə örtülən hissəsində isə, saç qalmamışdı. Mən otağa daxil olanda o, sol küncdəki divanın üzərində əyləşib, çaydandan özünə çay süzürdü. Məni görcək, eynəyinin altından üzümə baxdı və başdan-ayağa məni süzdü. Titrəyən əli ilə, çaydanı ehtiyatla yanındakı elektrik qızdırıcısının üzərinə qoydu və masanın üzərindəki kiçik güzgünü mənə tərəf çevirdi.

- Eşidirəm, oğlum… – xırıltılı səslə dedi – Keç əyləş…

- Çox sağ olun. – deyə onun işarə etdiyi qoltuqda kişi ilə üzbəüz oturdum – Dayı, ümid edirəm ki, sizi narahat etmirəm…

- Dayı?! – görücü birdən üzümə baxıb, güldü – Deməli, dayı… Mənə hələ heç kim belə müraciət etməmişdi.

- Üzr istəyirəm, nə isə pis bir şey dedim ki?

- Yox, sadəcə son vaxtlarda ilk dəfə idi ki, bu müraciəti eşidirdim… – qarşısındakı çaydan bir qurtum alıb, onu yenidən nəlbəkinin içinə qoydu – Mənə sadəcə MirHəmid deyə bilərsən… Gəlişinin səbəbini de… Sənə nə lazımdır?

Ömrü boyu bu cür fəndlərə və bu cür cəfəngiyyata iynənin ucu boyda da inanmamışam. Bu gün MirHəmidin yanında olmağım da, işimi onun proqnozu ilə yüngülləşdirmək istəyimdən irəli gəlmirdi. Sadəcə mənim ehtimalıma görə, MirHəmid bu qarışıq oyunda əsas və mərhum obrazlardan hər ikisi ilə ünsiyyətdə olubsa, deməli görücünün bu məsələyə aidiyyatı olduğunu asanlıqla təxmin etmək olardı. Mənə sadəcə onun deyəcəkləri və daha çox göstərəcəyi reaksiyası önəmli idi. Odur ki, kişinin sualına artıq bir cavab verməyərək, cibimdəki şəkli çıxarıb, masanın üzərinə qoyaraq, əlimlə görücüyə tərəf sürüşdürdüm. MirHəmid şəkli əlinə alan vaxt, simasında heç bir dəyişiklik və ya onun ifşa olunmasına səbəb ola biləcək heç bir qeyri-adi davranış nəzərə çarpmadı.

- Gözəl qadındır… – görücü şəkli masanın üzərinə qoydu – Nəyisən?

- Dayısı oğlu… – deyə yalan danışmağa məcbur oldum – Bibim qızı xeyli vaxtdır itgin düşüb, heç bir xəbər də yoxdur. Mənə sadəcə onun sağ olub, olmaması haqda məlumat verin.

- Adı, soyadı?!

- Təhməzova Mahirə…

MirHəmid yanındakı qara rəngli örtüyü şəklin üzərinə sərdi və masanın üstündəki qurumuş əncir yarpağını örtüyün üzərinə qoyub, eynəyini çıxararaq, gözlərini yumdu. Bir qədər sonra isə, sol əlini yarpağa yaxınlaşdırıb, ona ehmalla toxundu. İki-üç dəqiqə davam edən bu prosesin ardından, görücü şəkli çıxarıb masanın üzərinə qoydu və otağa girdiyim vaxt mənə tərəf çevirdiyi güzgünü yenidən əvvəlki vəziyyətinə qaytardı.

- Eşidirəm. – şəkli yenidən cibimə qoydum – Nə gördünüz?

- Qaranlıq… Başqa heç nə…

- Bu nə deməkdir?

- Bu, elə o deməkdir… Gözünü yum, sən də qaranlıq görəcəksən…

- Axı, bizim gördüyümüz qaranlıqlarda fərq olmalıdır?!

- Doğrudur, amma mən hiss edirəm ki, sən mənim gördüyüm fərqli qaranlığın həqiqiliyinə inanan insan deyilsən.

- Niyə belə düşünürsünüz? Mən sizə inanmasaydım, qapınızı niyə döyürdüm?!

- Elə mən də bunu demək istəyirəm. Bura niyə gəlmisən?

- Bibim qızı yaşayır?

- Yaşayır. Buna əmin ola bilərsən… İndi isə, otaqdan çıx!

- Necə məsləhətdir… – ayağa qalxıb, əlimi cibimə saldım – Təsadüfə baxın ki, mənim də burada çox qalmaq niyyətim yox idi. Nə qədər borcum var?

- Çox…

- Nə qədər?

- "Həqiqət” anlayışının böyüklüyü qədər… – kişi diqqətlə gözlərimin içinə baxdı – Mənə sənin pulun lazım deyil. Gedə bilərsən!

Əlavə bir kəlmə söyləmədən, otaqdan çıxdım. Qapını örtərkən, gözucu MirHəmidə baxdım və gördüklərim məni az da olsa heyrətləndirdi. Bəlkə də gözümə belə görünmüşdü, amma bayaqkı nurlu simadan əsər-əlamət belə qalmamışdı. Bu anda ağlımdan ancaq bir şey keçirdi: Uzaqlaşmaq… Bu vahiməli evdən və bu qəribə tipdən uzaqlaşmaq…

Səbuhi mənim dəyişən əhvalımı görüb, yolboyu nə baş verdiyini söyləməyimi xahiş etsə də, mən bu haqda danışmaq istəmədim. Fikrimdə çox qarışıq düşüncələr vardı və düyünlənən iplər əksinə dartılırmış kimi, sanki o düyün də getdikcə daha da sıxlaşırdı. Tez bir zamanda evə çatmaq istəyirdim. Vaxt məhdud olduğu üçün, plana uyğun davranmaq lazım gəlirdi. Ancaq maneələri aşmaqda çəkəcəyim çətinliklərin çoxluğu indidən içimi gəmirməyə başlamışdı. "Olanları Elmira xanıma danışsam, çox heyrətlənəcək” – deyə düşündüm, amma maraqlı idi ki, hələ dünən bu işlə dərindən məşğul olmağımın əleyhinə olub, mənim qonşu kəndə getməyimə güclə razılaşan anam, bu gün bu məsələ ilə əlaqədar Bakıya yola düşəcəyimi eşitsə, nə deyəcək?!

Yazar: Kamil


Geri dön

Gr-Az

  • 7 yanvar 2015 14:32
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
meqalencun cox sagol

G♥S

  • 6 yanvar 2015 19:07
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Cox sagolun..)

--------------------

..::My Black::..

  • 5 yanvar 2015 23:16
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Coox maraqlidir)))

Aylowka)))

  • 5 yanvar 2015 21:44
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Heqiqetende mRaqlidi cox sagolun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

ツDirectionerツ

  • 5 yanvar 2015 01:23
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
Çoxx gözəll hekəyıdir oxuym ve çoxx maraqlı idi )))

--------------------



Louis Tomlinson♥

^^YeRaZKa MeLeK^^

  • 5 yanvar 2015 00:59
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Saqolunn.))))

--------------------

ღMrs.Coctailღ

  • 4 yanvar 2015 23:04
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
Təşəkkürlər..!

Pıtırcık

  • 4 yanvar 2015 21:59
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
XEBERE GORE SAG OLUN

--------------------
http://legend.az/user/imza/

..::My Black::..

  • 4 yanvar 2015 21:40
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
3_cu hisseni vere bilersiz??(((

ღSlaDkaYa_AyKoShKaღ

  • 4 yanvar 2015 21:35
  • Məqalə: 22
  • Şərh: 220
  • Bal:
{awards}
superrrrrrrrrr

--------------------

Aylowka)))

  • 4 yanvar 2015 21:33
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Xahiw edirem 3- cu hissenide vererdizde hecne anlamadim 3- cu hisseni oxumadigim ucun (((

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

princessa_selin

  • 4 yanvar 2015 21:28
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Cox maraqlidir

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}