Uşaqlar gözlərinizə baxmırlarsa

 
Uşaqlar gözlərinizə baxmırlarsa



“Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin, mən də kiminləsə oynamaq, danışmaq istəyirəm, bacarmıram, nəyisə qavramaq istəyirəm, bacarmıram”. “Olaylar” qəzeti yazır ki, bu, autizm sindromu olan bir uşağın gözlərindən oxunan ifadələrdir. Autizm latın sözü olub “autos” özü deməkdir. Autizm uşağı cəmiyyətdən, ünsiyyətdən, göz təmasından ayıran travmatik, psixoloji problemdir. “Autizm” defektoloji və psixoloji yardım ictimai birliyinin sədri Çiçək Məmmədli uzun müddət ölkəmizdə autizmin araşdırılması, diaqnozu və müalicəsinin mümkün olmadığını və yalnız bir neçə ildir bu xəstəliklə bağlı məlumat toplandığını deyir.

“Xarici ölkələrdə isə, bu xəstəlik 30-40 ildir ki, tanınır, ona diaqnoz qoyulur. Xəstəlik, əsasən, üç yaşına qədər olan uşaqlarda aşkarlanır. Əgər bu yaşa qədər uşaq yaşıdları kimi düzgün inkişaf getmirsə, ona autizm diaqnozu qoyurlar”.

Danışmır, gözə baxmır

İlk dəfə elmdə autizm haqqında amerikalı alim Leo Kanner 1947-ci ildə məlumat verib. Ölkəmizdə isə təxminən 2000-ci ildən uşaqlarda autizm sindromu diaqnozu qoyulur. Bəs bu uşaqlar həmyaşıdlarından nə ilə fərqlənirlər? Valideyn övladının autist olduğunu necə müəyyən edə bilər? Ç.Məmmədli bildirdi ki, bu uşaqlar özünə qapanır, sanki ətraf aləmi görmür və eşitmirlər. Ona görə də çox vaxt həkimlər bu halla müraciət edən valideynlərə görmə və ya eşitmədə problem olduğu diaqnozunu qoyurlar. Düzdür, həmin uşaqların davranışları ilk baxışda bu ehtimala əsas versə də, araşdırmalardan sonra müəyyən olunur ki, onların əsas problemi psixolojidir.
“Onlar əqli cəhətdən normal olurlar, sadəcə, onların hərəkətlərinin səbəblərini anlamalı və onları cəmiyyətə uyğunlaşdırmaq lazımdır. Həmçinin onlar gözə baxmır, göz ünsiyyətindən qaçır, özünü görə bilmir, ətrafdan qaçırlar. Bundan başqa, onlar öz aləmlərində olduqlarından ətrafda baş verənlərə diqqət etmir, öz-özünə yellənirlər. Bu uşaqlarda dil inkişaf etmir. Onlar istəklərini dillə ifadə etmirlər. Məsələn, istədikləri bir şeyi sözlə deməkdənsə, özünə yaxın olan birinin əlini aparıb həmin əşyanın üzərinə qoyurlar. Ünsiyyətə girə, ətrafı görə bilmirlər. Özlərinin qız və ya oğlan olmasını belə dərk etmirlər.
Ümumiyyətlə isə, bu problem ən çox oğlanlarda müşahidə olunur. Dəcəllik edirlər, bunun da əsas səbəbi ətrafdakıların diqqətini çəkmək olur. Yəni əgər ailədə o, istədiyi diqqəti görməzsə, ətrafı dağıdır, özünə ziyan vurur ki, diqqət çəksin. Əslində, nəyisə dağıtmaları onların ifadə dilidir, bununla var olduqlarını ətrafdakılara çatdırmaq istəyirlər”.

Hər dəcəllik edən uşaq autistdir?

Müsahibimin saydığı əlamətlərin bir çoxunu bütün uşaqlarda müşahidə etmək olar. Məsələn, dağıtmaq, dəcəllik etmək normal uşaqların da ən sevdiyi oyunlardandır. Bəs belə olan halda valideyn övladının autist olub-olmamasını necə müəyyənləşdirsin? Çiçək xanım bu əlamətlərin bəzilərinin normal uşaqlarda da müşahidə olunması ilə razılaşır.
“Bu əlamətlər müşahidə olunan uşaqları fərqləndirmək üçün onların oyuncaqları ilə necə oynamalarına diqqət etmək lazımdır. Məsələn, autizmli uşaq bir maşını götürür, təkərlərini dəfələrlə fırladır, çünki onlar davamlı olaraq bir oyuncaqla oynamağı, fırlanan şeylərə baxmağı, eyni şeyi təkrar etməyi sevirlər. Amma normal uşaqlar həmin maşını sürür və s. hərəkətlər edirlər. Həmin davranışlarla müəyyən etmək olar ki, həmin uşaqda autizm əlamətləri var”.
Müsahibim onu da əlavə etdi ki, bu əlamətlərin yalnız birinin müşahidə olunması da uşağın autist olması demək deyil. “Autizm əlamətlərindən yalnız biri müşahidə olunarsa, o uşağı autizm problemli hesab etmək olmaz. Bizdə autizmli xəstələrin qiymətləndirmə cədvəli olur. Hətta autizm diaqnozu qoyulanları belə bu araşdırmaları aparıb sonra müalicəyə cəlb edirik”.

Səbəb nədir?


Qeyd edək ki, uzun müddətdir autizmin yaranma səbəbləri araşdırılır. Lakin araşdırmalar hələ ki, ciddi bir nəticə verməyib. Mütəxəssislər bu sindromun bir neçə səbəbdən yarana biləcəyini müəyyənləşdirsələr də, tam səbəb müəyyənləşməyib. Ç.Məmmədli autizmin ən əsas dörd yaranma səbəbi olduğunu deyir.
“Bunlardan birincisi genetik faktordur. Bundan başqa, peyvəndlərdən, infeksiyalar nəticəsində baş beyində inkişaf pozğunluğu yaranır, bir yaş yarımdan sonra ailədə baş verən münaqişələr nəticəsində onda özünə qapanma olur. Ona görə də gərək həmin dövrdə ailədə olan problemlər uşağa bildirilməsin. Amma bunların heç biri 100% təsdiqlənmiş səbəblər deyil. Tam səbəb müəyyən olunmayana qədər hər biri fərziyyə olaraq qalır. Alimlər belə bir qənaətə gəliblər ki, əgər problem genetik faktorlarla bağlıdırsa, ailədə bütün uşaqlarda autizm olacaq. Lakin hər zaman belə olmur, bəzən yalnız bir uşaqda, bəzən isə bütün uşaqlarda bu əlamətlər olur. Səbəblər bilinmədiyindən birmənalı fikir söyləmək də olmur”.

Müalicə olunmasa…

Müsahibim qeyd etdi ki, bu psixoloji problem olduğundan dərmanlarla müalicəsi yoxdur. Onlar nevroloji müalicə olunmalı və məşğələlər aparılmalıdır. Psixoloqlar, loqopedlər bu işə cəlb olunmalıdırlar. Üç yaşa qədər olan uşaqlarda müşahidə nə qədər erkən aşkarlansa, müalicə də o qədər effektli olar. Əgər uşaqda hansısa inkişaf pozğunluğu müşahidə olunursa, defektoloji, loqopedik, psixoloji məşğələlər başlanmalıdır. Bu yardımlar xüsusi proqramlarla aparılmalıdır. Əgər 1-2 yaşında əlamətlər aşkarlanar və müalicə işi düzgün qurularsa, 6 yaşında o, normal uşaq səviyyəsinə çatar. Sindrom aşkarlanandan normal səviyyəyə çatana qədər müayinələr aparılmalıdır. Gec aşkarlanırsa, problem ömür boyu qalacaq”.
Ç.Məmmədli onu da qeyd etdi ki, əgər müalicə olunmazsa, arzuolunmaz nəticələr əldə oluna bilər. Uşaq daha çox özünə qapanacaq, ya oliqofreniya, ya da köhnə üsullarla desək, şizofreniya əlamətləri müşahidə olunacaq.

Valideynlər nələri bilməlidirlər?

Müsahibim qeyd etdi ki, problemin səbəbi bilinmədiyindən hər kəs bu sindrom barədə məlumatlı olmalıdır. Eyni zamanda uşağın sindromu daha asanlıqla aşması üçün valideynlərin rolu da çox önəmlidir. Yəni psixoloji müayinələr qədər, ailədə onlarla olan münasibət də ona kömək ola bilər.
“Mütəmadi müalicələrdə 70% irəliləyiş olur. Lakin müalicə qədər onlarla davranışa da diqqət yetirilməlidir. Məsələn, uşağın 14-15 yaşı olur, valideyn geyindirib-soyundurur. Valideyn başa salmalıdır ki, sən özün geyinməlisən və ya yeməyini özün yeməlisən. Mehriban davranmalı, uşağın özünün bacarıqlarını inkişaf etdirməyə çalışmalıdır. Digər uşaqlarla oynamasına şərait yaratmalıdır. Normal uşağa başa saldığından beş dəfə çox autizmli uşağa başa salmaq lazımdır. Ona görə də maksimum səbrli olmalıdır”.
Məsuliyyətin böyük bir hissəsinin valideynlərin üzərinə düşdüyünü deyən müsahibim onu da əlavə etdi ki, bu problem sonradan da yarana bilər. "Bizim mərkəzə müraciət edənlər arasında beş yaşından sonra da bu problemlə üzləşənlər olub. Yəni valideynlər digər uşaqla daha çox maraqlanıb, o isə diqqətdən kənarda qalıb və özünəqapanma, autizm yaranıb. Bu psixoloji problem olduğundan hər yaşda müşahidə oluna bilər".

Onlar dəli deyil!

Autizm psixoloji problem olduğundan ilk baxışda bu uşaqları tanımaq olmur. Onların bəzisi ümumiyyətlə danışmır, sakit olur, bunların ilk baxışda autist oluqlarını müəyyən etmək olmur. Bunun üçün gərək onlarla ünsiyyətə girəsən. Ç.Məmmədli də qeyd etdi ki, autizmli uşağı tanımaq üçün gərək onunla ünsiyyətə girəsən. Məsələn, adını soruşursan, deyə bilmir, sakit oturur, yalnız bu zaman onda hansısa problemin olduğunu müəyyən etmək olur. Lakin bəziləri isə kənarda özünü tanıdır. Düzdür, ətrafdakılar çox zaman autizm haqqında məlumatlı olmadıqlarından onun hərəkətlərinə məna verə bilmir və problemli uşaq olduğunu deyirlər”.
Həqiqətən də, cəmiyyətin autizm haqqında yetərli məlumatı yoxdur. İnsanlar əsasən, övladlarında bu problem aşkarlanandan sonra məlumatlanırlar. Məlumat olmadığından bəziləri illərlə uşağın probleminin nə olduğunu anlamır, həkimə müraciət etmirlər. Müsahibim də bu qənaətdədir ki, insanlar yetərincə məlumatlı olmadıqlarından, həmin uşaqlarla necə davranmaq lazım olduğunu da bilmirlər.
“Yəni uşağın davranışında hər hansı problem olarsa, cəmiyyət onunla mehriban davranmalıdır. Lakin çox zaman əksini müşahidə edirik. Belə uşaqları özlərindən kənarlaşdırmağa çalışır, onu dəli adlandırırlar. Bir müddət əvvəl bir qadın ağlaya-ağlaya autizmli uşağını bizim cəmiyyətə gətirdi və uşaqdan imtina etmək istəyirdi. Səbəbini soruşanda o bildirdi ki, bu məsləhəti ona qonşuları verib. Lakin xarici ölkədə yad insanlar belə mərkəzlərə müraciət edir, bu tip psixoloji problemi olan uşaqları bir müddət öz ailələrində saxlayırlar”.
Ç.Məmmədli artıq bir neçə ildir təşkilatlarının insanları maarifləndirmə istiqamətində müəyyən işlər gördüyünü də vurğuladı. “Maarifləndirici kitabımızı getdiyimiz bölgələrdəki insanlara veririk ki, hər kəsin bu problemdən məlumatı olsun. Necə ki, xarici ölkələrdə uşaqdan autizm soruşsan o, asanlıqla sənə izah edir, bizim insanların da belə olmasını isetəyirik. Ətraf bu problem haqqında məlumatlı olmadığından uşaq özünü normal aparmayanda ona müəyyən təzyiqlər olur, bu zaman da həm valideyn, həm də uşaq evə qapanır. Uşağı hərəkətlərindən utandığından onu evdən bayıra çıxarmır”.

Autizm məktəbləri

Ç.Məmmədli autizmli uşaqlar üçün məktəblərin olmamasını ciddi problem hesab edir. “Ölkəmizdə birbaşa autizmlə bağlı məktəblər yoxdur. Həmin uşaqlar başqa nevroloji problemləri olanlarla birgə təhsil alırlar. Lakin bu heç də düzgün deyil, çünki hər bir xəstəliyin fərqli əlamətləri var. Onların hər biri üçün xüsusi məktəblər olmalıdır. Həmçinin inküliziv bağçalar, məktəblər yaradılmalıdır ki, orada normal uşaqlarla yanaşı, autizm problemli uşaqlar da oxusun”.
O həmçinin qeyd etdi ki, xarici ölkələrdə bu uşaqlar üçün xüsusi mərkəzlər var. “Həmin ölkələrdə bütün sahə poliklinikalarında uşaqların inkişafı üçün mərkəzlər var. Əgər valideyn aparmırsa, onlar özləri gəlib uşağı psixoloji testdən keçirir, hansısa psixoloji problemin olub-olmamasını müəyyənləşdirirlər. Əgər müalicə üçün ailənin imkanı yoxdursa, dövlət tərəfindən müalicə olunur. Bizdə isə uşaqda hansısa psixoloji problem hiss edəndə həkimə aparırıq, həkim deyir: “Narahat olma, danışacaq da””. Vaxtında aşkarlanmaması da problemi bir az da çətinləşdirir”.

Ölkəmizdə autizmlə bağlı vəziyyətə gəlincə isə, müsahibim bəzi xarici ölkələrdən mütəxəssis cəlb etdiklərini, onların yerli mütəxəssislərimizə dərs keçdiklərini deyir. Qeyd edək ki, onlar bu dərsləri pulsuz keçirlər. “Bizim müəssisədən bu zamana qədər 200-ə yaxın problemli uşaq yararlanıb. Ümumilikdə isə, 2500-dən çox müraciət daxil olub. Bir neçə il bundan öncə Ailə qadın, uşaq problemləri üzrə dövlət Komitəsi dövlətin ayırdığı vəsait hesabına bir neçə mütəxəssis treninq keçiblər. Buna görə də deyə bilərik ki, ölkədə yetərincə mütəxəssis var”.


Geri dön

jasmin022

  • 24 aprel 2015 00:54
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
tesekkurler maraqli melumat ucun

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Krasavcikaya_v_onlin

  • 23 aprel 2015 21:07
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Buyurun.........!

--------------------

Pıtırcık

  • 23 aprel 2015 20:48
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
xəbərə görə sağ olun what

--------------------
http://legend.az/user/imza/

sessiz deniz

  • 23 aprel 2015 20:38
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
xebere gore twklerrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 25
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}