
Ayaqları qırılmış köhnə stulu əsən əlləri ilə bir təhər götürüb güzgünün yanına gətirdi...Taqətsiz halda oturub, özünə baxdı...Qırışmış alnına və yaşadığı həyat yolunun üzündə cızdığı cizgilərə toxundu...Çantasını açdı, onun içində saxladığı ömür rənglərinə tamaşa etdi, illərdir onun üzünü gizlədən, sifətini insanların gülüş hədifinə çevirən nazik karandaşını əlinə aldı...Acı bir həyat yaşamışdı, nə ailəsi, nə uşağı...Heç kimi yox idi,rənglərdən və karandaşdan başqa...Tənhalığın əsarətində yaşamışdı, qışqırırdı, bağırırdı, üsyan edirdi həyatına...Hələ cavan yaşından səs tellərini itirmişdi, danışanda ətrafdakılar qəh-qəhə çəkər, ona gülərdilər...Ancaq heç kim bilmirdi ki, o istəyərək deyil, səsinin batdığı üçün belə danışırdı...O bu həyatda ən çox uşaqları sevərdi, onun üçün ən böyük sevinc, kədərlərini unutduran ən gözəl duyğu batmış səsi ilə uşaqların üzündə yaratdığı təbəssüm idi...Tək səsi deyil, arzuları, ümidləri, bütün varlığı itib batmışdı...Özü həyatı boyu gülüşün nə olduğunu bilməyən bu yaşlı insan ancaq başqalarını güldürmüşdü...Bezmişdi daha, bundan sonra yaşamağın mənasız olduğunu bilirdi, mübarizə aparmaq üçün ürəkdə gücün tükəndiyini dərk etmişdi...Sonuncu dəfə karandaşını əlinə aldı, əvvəlcə ağ rəngi, təmizliyi,saflığı və paklığı təmsil edən boyanı üzünə çəkdi, sonra bədbinliyinin, kədərinin simvolu olan qaranı yaxdı üzünə, ən son isə bir balaca solğun qırmızıdan, heç zaman görmədiyi, xoşbəxtliyi tərənnüm edən rəngdən istifadə etdi...Hər zaman boyanarkən göz yaşları mane olardı, ağlayardı, silərdi pozulmuş rəngləri, bir də yenidən rəngləyərdi...Nə qədər istəsə də göz yaşlarına mane ola bilmirdi, bu dəfə də bacara bilməmişdi...Tam hazır idi, axırıncı dəfə güzgüdə özünə baxdı, hönkür-hönkür ağladı...Biraz sonra hazırladığı ipdən özünü asaraq gözəl rənglərlə dolu olan rəngsiz həyatına əlvida deyəcəkdi, yaşlı kloun...
