İnsan və psixoloji sağlamlıq

 
İnsan və psixoloji sağlamlıq

İMAN VƏ PSİXOLOJİ SAĞLAMLIQ

Kimsə xeyir ilahına, kimsə qüvvə ilahına, kimsə də mücərrəd olaraq həyatın dərin mə’nasına inanır və tapınır, bu iman isə həmin insanlara həyatdakı dar və çətin vəziyyətdən, psixoloji çətinliklərdən, problemlərdən asanlıqla çıxış yolu tapmağa kömək edir. İmanı olan insanın daxilində sanki strategiya yaranır və baş verən hadisələrə uyğunlaşır. İman insanda ruhi və maddi xəstəliklərdən qurtulmağa da müsbət tə’sir göstərir.

Heyko Ernest bir çox araşdırmalardan sonra bildirilib ki, iman və dinin insan sağlamlığına böyük müsbət təsiri var. Hətta psixologiya elmləri namizədi Deyvid Larsonun 1978 və 1989-cu illər arasında nəşr olunan psixologiya tibbinə aid jurnallarında da insanın imanı və sağlamlığı arasında çox sıx əlaqə olduğunu göstərmişdi. Araşdırmaların nəticəsi göstərmişdi ki, 84% insanların dinə bağlı olması onlara müsbət tə’sir, 13%-nə neytral tə’sir, yalnız 3%-nə mənfi tə’sir göstərir.

İnsan öz fitrətinə qarşı çıxa bilməz, hansıki iman bu fitrətin cövhəri və içi sayılır. Allahu Təala Qur’ani Kərimdə də bildirmişdir ki, insanları və cinlər yalnız Ona ibadət etmək üçün yaratmışdır. İnsan, yaradıcısı ilə daim əlaqədə olmaq istəyir, daim nəyəsə inanmaq və sığınmaq istəyir. Amerikalı riyazziyyat alimi Cefri Lanq İslamı qəbul etdikdən sonra belə demişdir; “Bizim hamımız nəyəsə inanmağa ehtiyac duyuruq. Həyatda məna və ya məqsəd olmalıdır. Biz, bizə əziz və qiymətli olan bir şey üçün yaşamalı və həmin şeyin uğrunda da ölməliyik. Fərqi yoxdur, istəyir uğrunda yaşayacağımız bu hədəf siyasi hədəf, həyatda bir plan, ümmət qurmaq arzusu, röya, ideya, mal-dövlət, hakimiyyət, ailə, intiqam, şöhrət və sairə olsun.”

Nəyisə müqəddəs və uca tutmaq insanın daxilində və təbiətində gizlidir, nəyəsə tapınmali və baş əyməliyik, bunu istəsək də istəməsək də. Amma çox zaman xəyallarımızda olan həmin müqəddəslik və ya ucalıq puç olub gedir, ya da onu həyata keçirə bilmirik, istəklərimizi doğrulda bilmirik.

Deməli, iman deyilən bir şey insanın fitrətində və daxilində olan bir duyğudur. İman olan bu duyğu müxtəlif etiqadlara yönələ bilər, Allaha da yönələ bilər, daşa divara da. İman insanda elə şeyləri qəbul etdirə bilir ki, onu hətta ağıl dərk edə bilməz. Bu iman özü-özündən deyil, yüksəkdən və ali bir məkandan gələn vəhyin vasitəsilə yaranır və bu vəhy insana lazım olan məlumatı verir. Deməli bu iman, elm və biliyin nəticəsində yaranır, ona görə də xurafata aparmır. Hansı iman ki, elmsiz və bilikiz yaranıb, o iman mütləq xurafata və fanatizmə aparıb çıxarır. Elmsiz iman insanda aqressivlik və əsəbilik də yaradır, insanın həyatında problemlər və başqalarına qarşı kobudluq, eləcə öz psixologiyasında iztirablar əmələ gətirir. Qur’ani Kərim, Allaha imanı olmayan insanın necə çətin hallar keçirdiyini də vəsf etmişdir. Bu cür insanlar sanki səmadan yerə atılmış, sonra onu hansısa quş qaldırıb aparmış, ya da külək vurub hansısa dərəyə atmış kimidirlər.

İman insanın daxilində inanılmaz bir rahatlıq yaradır. Bu rahatlığı səmavi dinlərdən olan nümayəndələrdə görmək olar, çünki səmavi dinlərdən olanların imanları elm və biliyə, vəhyə bağlıdır. Vəhyə bağlı olmayan iman və etiqad isə, bəşəriyyətin uydurmalarından və fəlsəfələrindən təsirlənir. Bəzən səmavi dinlərə də bəşəriyyət öz sözü ilə müdaxilə edir və bu zaman imanda iztirablar yaranır.

Lakin İslam dini elə bir müvazinət və elə bir orta vəziyyət götürür ki, bu, başqa dinlərdə yoxdur. İslam dini ruh və cəsəd, din və dünya arasında müvazinət yaradır. Allahu Təala Əl-Qasas surəsinin 77-ci ayəsində buyurur ki: ((Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma.)) Yə’ni ki, mal-dövlətindən Allah yolunda sərf edərək, özün üçün də sərf et, tərkidünya olma.

İslam dini rahiblik ideyasını düzəldərək rahibliyin insana və cəmiyyətə verdiyi ziyanı aradan götürür. Beləki, bu müvazinət olmasa insan ya tam maddi yaşayacaq və ruhunu itirəcək, yaxud da tam ruhi bir həyat yaşayacaq və maddi olaraq problemləri olacaq, bu zaman isə həyatın heç bir mənası qalmayacaq. Həyatın gözəl və maraqlı anlarını hiss etməyəcək, Allahu Təalanın onu yüksək və ali bir məqsəd üçün yaratdığını unudacaq. Ona görə, insanın fitrətinə geydirəcəyi ən gözəl libas İslamdır, hansı ki insanın maddi ehtiyaclarını təmamilə ödəyərək ruhi istəklərini də ehmal etmir.

Bəs nəfsin, ruhun və psixologiyanın sağlamlığı nə deməkdir, necə olur?
Psixologiyanın sağlamlığı deyəndə biz: “İnsanın hər an qarşılaşdığı psixoloji çətinlikləri və problemləri aradan qaldırma bacarığı, çətinliyi aradan qaldırdıqdan sonra yaranan sevinc və xoşbəxtlik hissi, eyni mövzuda olan rahatlıq, sevgi, məhəbbət, qurtuluş və sairə kimi ruhi ehtiyacları ödəmə potensialı” kimi anlayırıq. Bunu bir çox formada anlamaq olar, amma hamısı eyni mənaya gəlib çıxacaq.
İnsanın psixologiyasına tə’sir edən əsas iki amil vardır. Bunlardan birincisi narahatlıq və həyəcandır. İnsan hər hansı pis bir şeydən qorxanda, yaxud şər olan bir şeyin gəlişindən və ya onu dəf edə bilməyəcəyindən qorxanda, insanda narahatlıq və həyəcan yaranır.
İkincisi isə kədər və hüzünlük halıdır. Bu zaman isə sanki qiymətsiz olduğunu, ona əhəmiyyət verilmədiyini, şəxsiyyətinin tanınmadığını və xoşbəxt olmadığını düşünür. Bütün bunlar isə sonunda məyusluğa gətirir çıxarır və hətta bir çox hallarda intiharla nəticələnir.

İslami nöqteyi nəzərdən isə cəsəd və ruh arasında müvazinət yaratmaq və onları balanslaşdırmaq, psixoloji olaraq insana rahatlıq gətirir, çətinliklərin və problemlərin üzə çıxardığı narahatçılığı və kədəri aradan qaldırır, onu iradəli və normal şəxsiyyət edir. Lakin insan tələsərək qısa bir müddətdə xoşbəxtlik əldə etmək istəyir, axirət həyatı üçün hazırlaşmağı isə unudur. Qur’ani Kərim, dünyada gözəl həyat əldə etmək üçün və Cənnəti qazanmaq üçün vəsilə olaraq iman və saleh əməli tövsiyə edir. Əl-Nəhl surəsinn 97-ci ayəsində buyurulurki: ((Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)))


İslam, nəfsin immunitetini necə gücləndirir?
Nəfsin immunitetini və iradəni gücləndirmək üçün İslam 3 yöndən istifadə edir;
1. Allaha iman və təqvayla insanın ruhi və mənəvi yönünü qüvvətləndirmək
2. Müxtəlif ibadətlərlə ruhu qidalandırmaq və nəfsi saflaşdırmaq
3. İnsanın günahlara qarşı olan istək və rəğbətlərini idarə etmək



İman gətirin, sağlam olun!


İnsan müxtəlif çətinliklərə və stresslərə düşür, narahatlıq hiss edir, Allaha iman isə onu əsəbi hallardan və zehnə təsir edən vəziyyətlərdən qoruyur. Mömin şəxs özü zəifdir, lakin Rəbbi ilə güclüdür. Zəif hallarında Allaha dönərək və Ona sığınaraq təzyiqlərə güc gələ bilir. Allaha yönəlmək isə bir neçə hallarda ola bilər. Məsələn; namazla ((Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.)) (Əl-Bəqərə 45)
Duayla (((Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.)) (Əl-Bəqərə 186)
Zikrlə ((Qəlblər yalnız Allahı zikr etməklə rahat olurlar.)) (Ər-Rəd 28)

Bu iman insana həmçinin Yaradan, Ruzi verən, Alan, Xeyir verən, Rəhman, Mərhəmətli, Əziz və Hikmətli olan Allaha qulluq və ibadət etmə hissi verir və insan bu zaman qorxudan, narahatçılıqdan azad olduğunu hiss edir. Mömin ruzisinin qaçacağından qorxmur, çünki o Allahu Təalanın ((Göydə də ruzinin (yağış, qar) və və’d olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə və’d olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır)) buyurduğunu bilir və o, Allahdan başqa heç kimdən qorxmur. ((Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər) isə səni Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz.)) (Əz-Zumər 36)

Qəza və qədərə iman gətirməklə insan qorxusuna və depressiyasına üstün gələ bilir. Bir şey sənindirsə zəif olsan da sənin olacaqdır, bir şey sənin deyilsə onu qüvvətinlə də ala bilməzsən. Necəki Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki; “Ey gənc oğlan, sənə bir neçə söz öyrədim: Allahı xatırla, Allah da səni hifz etsin, Allahı xatırla, Onu hər zaman önündə tapacaqsan. Bir şey istəsən Allahdan istə, sığınmaq (güvənmək) istəsən Allaha sığın. Bil ki, bütün ümmət yığılsaki sənə bir xeyir versinlər, Allah yazdığından başqa sənə xeyir verə bilməzlər və əgər yığılsalarki sənə bir ziyan versinlər, Allah yazdığından başqa sənə ziyan verə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr qurumuşdur.”
Qədərə imanla mömin hər şeydə Allaha təvəkkül etməyə başlayır, bilir ki, Allah istədiyini edəndir və etdiyində ədalətlidir.

Allaha və Allahın qədərinə imanla insan rahatlıq tapır, ruh sakitləşir, insan lazımsız yerə həddindən artıq kədərlənmir və həddindən artıq fərəhlənmir. ((Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!)) (Əl-Hədid 22) İnsanın da həddindən artiq kədərlənməməsi və həddindən artıq fərəhlənməməsi onun sağlam psixologiyaya malik olduğunu göstərir. Peyğəmbər (s.a.s) müsəlman şəxs haqqında belə demişdir: “Möminin işi bəyəniləndir (xoşa gələndir)! Onun bütün işləri onun üçün xeyirlidir. Faydalı (fərəhli) bir iş baş versə şükür edər və bu onun üçün xeyirli olar. Ziyanı olsa səbr edər və bu da onun üçün xeyirli olar.”

Bəs onda ateist və imansız şəxsin halı necə olacaqdır?! O ki, bizim etdiklərimizə mənasız bir şey kimi baxır, nə axirətə nə də hesaba inanır. Bir insan öz yaradanının qarşısında etdiklərinə görə məsuliyyət hissi daşımırsa, o insan bütün axmaqlıqlara əl ata bilər, heç bir qanun onlara təsir etməz. Çünki bəşəriyyətin qoyduğu qanunlardan onları qoyanların gözündən uzaq olmaqla qaçmaq mümkündür . Amma bunu Allahu Təala ilə etmək mümkün deyildir. Sonra da, hamımız şahidik ki, bu dünyada zülmkarlıq vardır. Yoxsa onda insanların yaradanlarına dönəcəyi, əməllərinə görə hesaba çəkiləcəyi, zalimdən məzlumun haqqı alınacağı gün olmasa, bütün insanlar bir-birinin haqqını tapdalıyarlar. Əslində biz elə bunu hal-hazırda görürük, insanların çoxu Allaha iman deyilən şey nədir bilmirlər, qəlblərində təqva yoxdur və Allahın hər şeyi gördüyünü hiss etmirlər və beləcə ictimaiyyət pozulur, cəmiyyət dağılır, narahatlıq yaranır və əmin-amanlıq deyilən bir şey qalmır.

Həyatının ilk dövründə Volter əbədiyyətə və başqa bir həyata inanmırdı və bunun insanın əxlaqına təsir edə biləcəyini heç də zərurət saymırdı. O deyirdi ki, ibranilər (yəhudilər) əbədiyyətə və axirət həyatına inanırdılar, lakin əxlaqları və mədəniyyətləri yox idi. Lakin həyatının sonlarında o öz etiqadını doğrultmağa başladı və düzəliş verərək belə demişdi: “Ölkənin saleh olması üçün onun dini olması labüddür. Həyat yoldaşımın, dərzimin və vəkilimin də Allaha inanmasını istərdim, bununla onlar məndən az oğurlayacaqlar və məni az aldadacaqlar. Əgər Allah yoxdursa, onda biz gərək özümüzdən bir ilah icad edək”

Gərək imanla birgə insanda təqva və saleh əməl də olsun. Təqva, Allahın sənə əmr etdiyi formada səni görməsi və sənə qadağan etdiklərindən sənin çəkindiyini görməsidir. Təqva insanın nəfsini qoruyur, pisliklərdən, çirkinlikdən, rəzillikdən və günahlardan çəkindirir. Beləliklə təqva, şəxsiyyətin yetişməsi, dolğun olması, insanın kamilliyinə doğru yüksəlməsi, insanın xoşbəxtliyi və nəfsin sağlamlığı üçün əsas amillərdən biridir.

İbadətlər…nəfsin şəfa tapacağı yol!

İbadətlərə gəldikdə isə, namaz, zəkat, oruc, həcc və sair kimi ibadətlər insanın nəfsini tərbiyə etməsinə yardım edir və onun nəfsini təmizləyir, saflaşdırır. İbadətlər insana elə xüsusiyyətlər və sifətlər verir ki, həyatda üzləşdiyi zorluqlarda ona həmdəm olur. Məsələn Qur’ani Kərimdə keçən bəzi ayələrə diqqət yetirsək görərik ki, namazla bir yerdə bəzən səbr də qeyd edilib. Səbr etmək, həyatdakı dəyişikliklərə və çətinliklərə tab gətirmək, təhəmmül etməkdir və bu da insanın şəxsiyyətini qüvvətləndirir və ona xüsusi psixoloji sağlamlıq verir. Həmçinin oruc və həcc də insana səbr etməyi, məşəqqətlərə dözməyi, nəfsi idarə etməyi, rəğbət və şəhvətləri düzgün yönləndirməyi və iradəni gücləndirməyi öyrədir. Zəkat isə nəfisdə insanları sevmək, yaxşılıq etmək və cəmiyyətə dəstək olmaq kimi gözəl xüsusiyyətləri cücərdir.

İbadət dedikdə ibadətin zahiri forması və hərəkətləri nəzərdə tutulmur. Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki: “Kimin ki, namazı onu pislikdən və çirkinlikdən (günah əməllərdən) çəkindirmir, onun namazı namaz deyil” Başqa bir hədisdə də rəvayət olunub ki: “Bəzən oruc tutanın orucundan özünə qalan yalnız aclığı və susuzluğudur” Çünki ibadətlər hansısa hədəfləri və məqsədləri doğrultmaq üçün fərz olunmuşdur. Allahu Təala da bunu Qur’ani Kərimdə buyurur ki; ((İnsanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım.)) İnsan Allahu Təalanın yer üzündə yaratdığı bir xəlifəsidir və təsəvvür etmək mümkün deyil ki, bu xəlifə yalnız əyilib-qalxmaq və ac qalmaq kimi ibadətlər üçün yaradılmışdır. Bu xəlifənin məqsədi və hədəfi daha yüksək və daha alidir, etdiyi ibadətin mənası isə daha şamildir.

Daha şamil məna dedikdə, ibadətin insan və cəmiyyət həyatındakı rolu nəzərdə tutulur. İnsan öz zəifliyini və möhtac olduğunu dərk edərək Allaha qulluq etmək ehtiyacını hiss edir və bütün bəşəriyyətin də özü kimi qul olduğunu anlayır. Bunu anlamaqla o, başqaları ilə əlaqə və məhəbbət körpüləri sala bilər, başqalarına dəstək ola bilər, xeyir işlərdə bir yerdə iştirak edə bilər və bütün bunları başqalarına nə təkəbbürlük nə də zəlillik edərək həyata keçirə bilər. Beləcə insan, Peyğəmbərimiz (s.a.s) dediyi kimi olar: “Qardaş olaraq Allahın qulları olun!” Sonunda bütün bunlar cəmiyyətdə əmin-amanlığa gətirib çıxarır.

İnsan öz qulluğunu qəbul edərək Allaha ibadət edirsə, bu onun razılığını ifadə edir. İnsanın razı olması isə psixoloji olaraq ona rahatlıq gətirir. Namaz qılmaq qulla rəbbi arasında həqiqi əlaqədir. Buna görə Peyğəmbərimiz (s.a.s) namaz haqqında belə demişdir: “Gözümün sevincini namaz etdimş” İbn Teymiyyə hədisin mənasında demişdir ki; Bu elə bir ləzzətdir ki, hökmdarlar bunu bilsələr qılıncları ilə bunun uğrunda savaşa çıxarlar.

Kasis Karlil deyib ki: “Bu günə kimi bildiklərimdən gördüm ki, namaz, insanı daha fəal edən ən böyük taqətdir. Mən həkim olaraq etiraf edirəm ki, bir çox xəstələr görmüşəm heç bir dava-dərman onları müalicə edə bilməyib. Amma namaz onları xəstəliklərindən qurtarıb. Namaz insanın daxilindi şüalandıran bir filiz kimidir, onun fəal olması üçün enerji ifraz edir. Namazla insanlar daha fəal olurlar və bu onlarda tükənməz qüvvət yaradır."



İstəklər...onları doyurmaq və tənzimləmək


İnsan günah əməllərdən çəkinməlidir. İslam insanın ehtiyaclarına qarşı çıxmayıb və onun fitrətindən gələn rəğbətlərini boğacaq bir qanunla gəlməyib, necəki başqa dinlər rahibliyi uydurublar. İslam insana öz ehtiyaclarını qanun çərçivəsində doyurmağa çağırır. Əgər insan bunu bacarmırsa, onda həmin insana öz şəhvətlərini necə tənzimləməyi öyrədir ki, istəkləri və rəğbətləri başqalarına mane olmasın və cəmiyyətə ziyan verməsin. Qur’ani Kərim insana maddi və fiziki ehtiyaclarını tənzimləməyi öyrətdiyi kimi, ona psixoloji təsirləri də idarə etməyi öyrədir.

İslam dini insana böyük günahlar etməyi qadağan edir və qəti şəkildə onu çəkindirir, çünki günahların bəşəriyyətə böyük mənfi təsiri var. Günahların səbəbindən möminin sinəsi daralır, sıxılır, bu da onun əxlaqını korlamağa başlayır. Bu zaman mömin Allaha sığınıb ona kömək etməsini diləməzsə halı daha da pisləşər, narahat olar və həyəcan keçirər. Buna misal olaraq Tövbə surəsinin 118-ci ayəsinə nəzər yetirək: ((Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!))

İnsan öz qiymətini anlamır və ya anlamaq istəmir. Hər şeyə can atır, əldə etmək istəyir, unudur ki, Allahu Təala: ((Bə’zən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bə’zən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.)) deyə buyurub. (Əl-Bəqərə 216) İnsan öz şərəfini anlamır, hansıki Allahu Təala ona elm verməklə şərəfləndirib. İnsan öz xüsusiliyini və yeganəliyini anlamır, Allahu Təala onu öz əlləri ilə yaradıb. İnsan fəxr etməlidir, Allahu Təala ona öz ruhundan üfürüb. Amma bütün bunların qarşısında insanın ucalığı Allaha boyun əyməklə, Ona ibadət etməklədir.
İnsan günah işlətsə də, yolunu azsa da yenə də Allaha dönməlidir, tövbə edib bağışlanmağını diləməlidir. Peyğəmbərimiz (s.a.s) buyurub ki: “Əgər günah işlətməsəniz və günahlarınızdan bağışlanma diləməsəniz, Allahu Təala başqa məxluqatlar yaradar, onlar günah edərlər, günahlarından əfv diləyərlər və Allah onları əfv edər.”

Biz acizliyimizi və zəifliyimizi anlayaraq, mələk olmadığımızı bilərək və zəif bir bəşəriyyət olduğumuzu etiraf edərək Allahu Təalaya üz tutsaq, Ondan yardım diləsək, Ona ehtiyacımızı bildirsək, Ondan əfv diləsək, Allahu Təala bizdən üz döndərməz.

Günahlar nə qədər də olsa Allahu Təala bağışlayandır. Buna görə əsl mömin kəs öz əməllərinə güvənmir, əksinə o bütün etdiklərinin qarşısında yenə də Allahın məğfirətinə və mərhəmətinə sığınır. İnsan Allahın geniş məğfirət və mərhəmət sahibi olduğunu dərk edərək və hər nə olursa olsun məyus olmadan Allaha hər zaman üz tutmağın mümkün olduğunu bilərək rahat olur, sağlam ruh və sağlam bədənə malik olur.

Biz İslamın bu 3 yönüylə, bu 3 üslubuyla (İman, İtaət və günahlardan çəkinmə) nəfsimizin immunitetini bərkidə, iradəmizi möhkəmlədə, ruhumuz və bədənimiz arasında müvazinət yarada bilərik. Beləcə həm insan rahat və sağlam olar, həm də bütün cəmiyyət və bəşəriyyət əmin-amanlıq içində olar.


Allah bizə həqiqi iman nəsib etsin və bizi daim sağlam etsin!


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:49
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 30 mart 2011 12:36
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

Lexikon

  • 27 mart 2011 00:20
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekurler

ZEHRA

  • 26 mart 2011 18:23
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Allah razı olsun dəyərli yazıdı

Cant_Breathe

  • 26 mart 2011 17:25
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Allah bizə həqiqi iman nəsib etsin və bizi daim sağlam etsin!

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

YazYamuru

  • 26 mart 2011 16:12
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Allah bizə həqiqi iman nəsib etsin və bizi daim sağlam etsin!
AAMİİNN!!

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 23

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}