99 il öncə, bu gecə: tarixin ən müdhiş qəzası və əbədi eşq hekayəsi

 
99 il öncə, bu gecə: tarixin ən müdhiş qəzası və əbədi eşq hekayəsi


“Titanik” haqda aşkar faktlar, sirli öncəgörmələr və heyrətamiz mistika...
Yaranışının hansı dövründəsə, insan təbiətlə mübarizəyə, onu məğlub etmə cəhdlərinə başlayıb. Bu cəhdlər bəşər tarixinə dəhşətli faciələr yazıb. O dəhşətlərdən biri olan “Titanik” qəzası ən sirli dəniz qəzası hesab edilir. Bu yazıda “Titanik” barədə yazılan və yazılmayan, aşkar və indiyədək gizli qalan faktlardan bəhs edəcəyik.

Dəniz Əjdahası
Təbiət üzərində hökmranlıq iddiası dəniz və okeanlardan başlayıb. Gəmiçiliyin inkişaf tarixi çoxsaylı faciələr, başqa sözlə desək, təbiətin insan üzərində qələbəsi halları ilə doludur.
XX əsr elm və texnikanın sürətli inkişafı ilə başladı. Gəmiçilik sənayesi isə daha sürətli inkişaf etməkdəydi. Stapellərdən bir-birinin ardınca nəhəng gəmilər çıxırdı və bu mənzərə fonunda insanı təbiətdən güclü hesab edən eyforiya atmosferi hökm sürürdü. Nəhəng sərnişin layneri "Titanik" də belə bir atmosferdə hazırlanmışdı. Mətbuat bu gəmini "dəniz əjdahası", "balaca şəhər", "batmayan gəmi" adlandırmaqda yarışa girmişdi...

Qısa Tarixi Arayış
1912-ci il aprelin 10-da səhər erkən Britaniyanın Sautqempton limanından özünün ilk səfərinə çıxan, həmin dövrün ən müasir elm və texnikasının nailiyyətləri ilə təchiz edilmiş nəhəng sərnişin layneri "Titanik" Amerika sahillərinə doğru istiqamət aldı. Göyərtəsində 2224 adam olan gəminin okeanın o tayına çatmaq üçün iki yolu var idi: aysberqlərlə dolu olan zonadan yan keçərək yolu 320 km. uzatmaq, ya da təhlükəyə məhəl qoymadan birbaşa üzmək.
Bu dilemma qarşısında kapitan ikinci yolu seçdi… Həmin vaxtlarda radar yox idi. Gəmi aprelin 14-dən 15-ə keçən gecə tam sürətlə gedərkən gözlənilmədən aysberqlə toqquşdu. Gəminin sağ tərəfində 10 metrlik dəlik açıldı və gəmiyə su dolmağa başladı. Ortadan 2 hissəyə ayrılan "Titanik" 2 saat 40 dəqiqədən sonra şaquli vəziyyətdə okeanının dibinə qərq oldu.
Dəhşətli faciə zamanı 1513 nəfər həlak oldu. Yalnız 711 nəfər xilas oldu. Maraqlı faktdır ki, faciədən salamat qurtarmış şəxslərin çoxu sonradan başqa dəniz qəzalarında həlak oldu. Bu, faciə haqqında qısa və ümumi məlumatlardır. İndi isə faciənin təfsilatı barədə. Başqa sözlə desək, "Batmayan Gəmi" haqda tarixi-sənədli hekayə.

"Kicik Üzən Şəhər"

İstehsalına 1909-cu ildə başlanan gəmi 3 il yarım zaman müddətində ərsəyə gəldi və dövrünün ən son texnologiyası ilə inşa edilən ilk gəmi idi. İnsanın bitmək bilməyən əzminin nəticəsi olan “Titanik” gəmisi, 10 aprel 1912-ci ildə Britanyada Southampton limanından hərəkət etdi. Birinci yolçuluğunda 2224 adam gəminin ilk səfərini qaçırmamışdı. Dövrünün buxarlı gəmi sistemi ilə müqayisə ediləndə “Titanik” tam bir yenilik idi.
O, öz dövrünün ən böyük transatlantik sərnişin gəmisi idi. İstehsalçısı “White Star Line” şirkəti idi. Gəminin uzunluğu 269,1 metr, eni 28,19 metr, yüksəkliyi dirəyin ucuna qədər hesablandıqda 63 metr idi. Subasımı 66 ton olan bu gəmi bir-birilə liftlərlə əlaqələndirilmiş 11 mərtəbədən ibarət idi. Gəminin daxili quruluşu da çox yüksək səviyyədə idi və maksimum rahatlıq təmin olunmuşdu.
Ümumi uzunluğu 7 km-ə çatan dəhlizlər boyunca 762 lüks kayut, hovuzlar, saunalar, idman qurğuları, restoran və barlar, əyləncə salonları və məşhur rəssamların əsərlərindən ibarət sərgi salonu fəaliyyət göstərirdi. Gəminin ilk səfərində birinci sinif sərnişinlər 329, ikinci sinif 272, üçüncü sinif 710 nəfər idi..

897 nəfərlik heyəti olan nəhəng
Birinci dərəcəli sərnişinlər üçün nəzərdə tutulmuş yemək zalı hündürlüyünə görə 3 mərtəbəni əhatə edirdi. Gəminin daxilində rəqs zalları, üzgüçülük hovuzları, teatr, və s. zallar var idi. Geniş dəhlizlər lap saray otaqlarına oxşayırdı. Enli pillələr palıd və qoz ağacından, pilləkənlərin baş tərəfindəki heykəllərin hamısı gümüş və bürüncdən düzəldilmişdi.
Gəmidə hətta, tennis, qolf oynamaq üçün yerlər, xüsusi türk hamamları var idi. Lüks kayutlardan başqa, "Titanik"də 2 superlüks guşə hazırlanmışdı. Onların hər birində qonaq, yataq, vanna, qarderob otaqlarından başqa gəzinti üçün bağ da var idi. Şirkəti gəmini hər cür lazımi əşyalarla və yemək-içməklə təmin etmişdi. Birinci reysə götürülən azuqə Bakı boyda şəhəri bir ay təmin etməyə kifayət edərdi. Gəmidəki sərnişin ordusuna 897 nəfərdən ibarət texniki və təsərrüfat personalı xidmət edirdi.

“Titanik”i batmaqdan nə qorumalı idi?
Ümumiyyətlə, o dövrün bütün gəmilərinin alt qisimləri boş olurdu, dənizdə alınan bir zərbədə bu boşluq bir anda su ilə dolurdu. Amma “Titanik”də vəziyyət fərqli idi. Yeni dizaynçılar gəminin alt qismini boş buraxmaq əvəzinə oraya müəyyən bölmələr yerləşdirdilər.
Bu bölmələr fövqəladə vəziyyətdə həyəcan siqnalları vasitəsi rolunu oynamalı idi və kapitan köşkünə xəbərdarlıq etməli idi. Köşkdən isə cihazlarla bölmələrin qapaqları anında bağlana bilinirdi. Bu vəziyyətdə gəminin alt qatına su dolsa, üst qatdan edilən hər hansı bir müdaxilə nəticəsində suyun digər bölmələrə yayılmasına maneə törədirdi.
Bütün gövdə ikiqat divarlarla əhatələnmişdi. Əgər birinci qat deşilsə, su ikinci qatı keçə bilməzdi. Korpus isə eninə arakəsmələrlə 16 hissəyə bölünmüşdü. Buna görə də xilasetmə qayıqları sərnişinlərin üçdə birinə hesablanmışdı.

2224 sərnişinə cəmi 22 xilasetmə qayığı
Amma bütün bunlarla yanaşı... “Titanik” özündə ölümcül səhvləri də əks etdirirdi. Gəminin xarici görünüşünün gözəlliyini korlayar deyə təhlükəsizlik qayıqları az sayda qoyulmuşdu. 2 mindən artıq sərnişinə cəmi 22 xilasedici qayıq nəzərdə tutulmuşdu. Bəlkə də bu ondan irəli gəlirdi ki, "Titanik"də maksimum təhlükəsizlik tədbirləri görülmüş, hər şey nəzərə alınmışdı. Nəhəng gəmini kiçik bir sükan idarə edirdi, təbii olaraq bu da belə böyük bir nəhəngin manevr qabiliyyətini məhdudlaşdırırdı.
Bundan başqa, gəmi nədənsə, xəbərdarlıq və kəşfiyyat avadanlıqları ilə zəif təchiz olunmuşdu. Sərnişinlər və gəmi heyəti bu möhtəşəm laynerin qəzaya uğramasının mümkünlüyünə inanmırdılar. Onların buna haqqı var idi. Gəmini təcrübəli dəniz mütəxəssisi- kapitan Edvard Smit idarə edirdi və ona xüsusi kurs keçmiş bacarıqlı ekipaj üzvləri kömək edirdilər. Həm də "Titanik" çox möhkəm və etibarlı düzəldilmişdi. Bəli, sərnişinlərin kiçik üzən şəhəri - "Titanik" müasirlik, rahatlıq və təhlükəsizlik simvolu idi…

Milyonçuların ekspresi
Hələ reysə çıxmazdan əvvəl gəmini "milyonçuların ekspresi" adlandırmışdılar. Həqiqətən də özünün ilk və son səfərində gəminin göyərtəsində xeyli zəngin adamlar - neft, kömür, dəmiryol və polad kralları toplaşmışdı. Bu adamlar özləri ilə çoxlu qızıl, brilyant və digər daş-qaşlar, həmçinin qiymətli sənət əsərləri aparırdılar.
Ömər Xəyyamın "Rübai" manuskripti, Van Qoq, Salvador Dali kimi məşhur rəssamların əl işləri də onların arasında idi. "Titanik"də daşınan yükün dəqiq sənədləşdirilməsi aparılmışdı. Gəminin seyflərində indiki qiymətlərlə 300 milyon dollarlıq daş-qaş var idi.
"Titanik"in sərnişinləri 3 qrupa bölünmüşdü. Birinci sinfə kübar elita nümayəndələri olan zəngin adamlar, ikinci sinfə müəllimlər, həkimlər, zabitlər, və s. daxil idi. 3-cü sinif isə Amerikaya xoşbəxtlik ardınca gedən imkansız sərnişinlərdən ibarət idi. Sərnişinlər arasında dünyanın ən varlı adamlarından olan 57 milyonçu var idi.
Onların içində kapitalı 150 milyon dollardan artıq olan amerikan multi-milyonçusu, 47 yaşlı Con Astor da var idi. Onun 20 "Titanik" almağa imkanı var idi. Həmçinin metallurgiya-mədən sənayesi maqnatı Quqqenheyn, ABŞ-ın tramvay maqnatı Corc Uayd, Nyu-York universal mağazalarının sahibi Straus və başqaları da burada idi.

Təhlükə yaxınlaşır
1912-ci il aprelin 10-u. Dünyanın ən nəhəng okean layneri "Titanik" Sautqemptondan çıxıb, transatlantik səfərin son dayanacağı Nyu-Yorka istiqamət götürməkdə, təxminən eyni saatlarda isə dünyanın ən böyük adası Qrenlandiyanın qərb sahillərindən nəhəng buz dağı-aysberq qoparaq, cənuba tərəf hərəkət etməkdəydi...
1912-ci il aprelin 14-ü gecəsi “Titanik” böyük sürətlə Atlantik okeanının şimalını 50 dərəcə şimal en dairəsi üzrə kəsib keçməkdə davam edirdi. Kapitanın bir az qabaqda gedən “Kaliforniya” gəmisinin yaxınlıqda böyük aysberqlərin olması haqda xəbərdarlığına məhəl qoymaması, “Titanik”in möhtəşəm konstruksiyaya və operativ manevr imkanlarına (?) malik olmasından doğan eyforiya vəziyyətinin nəticəsi idi.
Həmçinin, gəminin istehsalçısı olan “White Star Line”nin rəhbəri Bruce İsmay, tarixə “Titanik”in adını yazdırmaq və qısa müddət içərisində Amerikaya çatmaq üçün gəminin ən son sürətdə irəliləməsi barədə kapitan Smitə qəti tapşırıq vermişdi.
Növbətçi qəflətən qarşıdakı nəhəng aysberqi görəndə isə artıq gec idi. Labüd məhvə 50 metrdən çox məsafə və 50 saniyədən az zaman qalmışdı… Gəminin sürətini saxlamaq və yana döndərmək üçün maksimum səylər göstərilsə də, toqquşmadan qaçmaq mümkün olmadı. "Dəniz Əjdahası" sağ yandan aysberqə çırpıldı və 6 yerdən yarıldı. Bu, aprelin 14-ü, axşam saat 23-də baş verdi. Gəmini xilas etmək üçün fövqəladə cəhdlər edən ekipaj heç nəyə nail ola bilmədi.

Ölüm anında sinfi ayrı-seçkilik
"Titanik" yalnız 2 saat davam gətirə bildi və sonra ortadan iki yerə ayrıldı. Gəmidə qalanlar özlərini okeanın soyuq sularına atdılar. Okeanın qaranlıq səması altındakı soyuq suda sarsıdıcı bir mənzərə yaranmışdı. Nəhayət, gecə saat 1 radələrində dünyanın ən nəhəng okean layneri, "Batmayan Gəmi" adlandırılan "Titanik" yüzlərlə sərnişini ilə birlikdə okeanın dibinə qərq oldu.
Atlantik Okeanının soyuq suları üzərinə səpələnmiş yüzlərlə insan isə hələ də ölümlə çarpışmaqda idi. Bu, yaşamaq uğrunda aparılan son savaş idi və bu savaşdan çox az adam qalib çıxdı. Səhər saat 9:30-da "Karpatiya" gəmisi qəza yerinə çatdı və bu müdhiş faciənin şahidləri olan 711 sərnişini götürərək, Nyu-Yorka çatdırdı.
Ölənlərin və xilas olanların siyahısına baxanda aydın olur ki, hətta ölüm ayağında da varlı-kasıb seçilib. 1-ci sinif sərnişinlərdən 60,8 %-i, 2-ci sinifdən 43,8 %-i, 3-cü sinifdən 24,5 %-i xilas olub. Sərnişinlərin təhlükənin ciddiliyindən xəbərdar olmadıqları vaxtda, kapitan Smit şəxsən özü Con Astorun kabinetinə gedərək, gəminin aqibəti barədə ona məlumat verib.
Yeri gəlmişkən, Con Astorun başı əzilmiş cəsədi dənizdən tapılanda, onu cibindəki 4000 dollara və barmağındakı brilyant üzüyə görə tanıdılar. Həmin üzüyün qiyməti 120 min dollar idi...

Əbədi Yuxu
Bəşəriyyət dəniz ilahəsi Neptuna hər il 200 min insan qurban verir. Okean və dənizlərin dibində 1 milyona qədər gəmi dəfn olunub. Dənizçilərin dili ilə desək, dəniz batmayan gəmiləri sevmir.
Bu gün "Titanik" Atlantik okeanının 4 km dərinliyində əbədi uyumaqdadır. Uzun müddət onun qalıqlarını tapmaq mümkün olmadı. Texnikanın o vaxtkı səviyyəsi buna imkan vermirdi.
Xeyli axtarışlardan sonra, nəhayət, 1985-ci il sentyabrın 1-də Nyufaundlend adasından 640 km məsafədə okeanın 3750 m dərinliyində axtarışlar aparan robot üstü torpaqla örtülmüş metal parçalarının mənzərəsini yuxarı ötürdü. Sualtı mini-robot gəminin içinə daxil olaraq, orada yüzlərlə şəkil çəkdi.
Gəmidən ümumilikdə 1412 əşya çıxarıldı. Onlardan bəziləri sahiblərinə qaytarıldı, bəziləri isə auksionda baha qiymətə satıldı. Bu əşyaların bir hissəsi isə indiyədək muzeydə saxlanır.

1 milyard dollar qazanc gətirən film

Rejissor Ceyms Kameronun çəkdiyi "Titanik" filmini isə kino tarixinin ən möhtəşəm nümunələrindən biri hesab edirlər. Baş rollarda Leonardo di Kaprio və Keyt Uinslettin çəkildiyi bu film 200 milyon dollara başa gəlib. Təkcə gəmi maketinə 46 milyon dollar pul xərclənmiş bu film 1 milyard dollardan artıq qazanc gətirib. Gəminin batma səhnəsini və insanların su üzərində yaşadıqları dəhşəti canlandırmaq da çox çətin oldu. Nəhəng süni göl hazırlandı və bu səhnə həmin göldə gerçəkləşdirildi.

Sirr pərdəsi aralanır …
“Titanik”in məhvindən keçən 99 ildə onun haqqında çox yazılıb. Laynerin batması haqqında daha bir versiya meydana çıxıb. Həmin versiyaya görə, guya bu gəmini hazırlayan şirkət həmin vaxt müflis olmaq həddində imiş və bundan yaxa qurtarmaq üçün "Titanik"i elə birinci səfərindəcə məhv etmək haqqında çox məxfi şəkildə qərar qəbul edib. Çünki "Titanik" çox böyük məbləğə sığorta edilmişdi. Ümumiyyətlə, "Titanik"in batma səbəbi haqda versiyalar çoxdur.

“Titan”la “Titanik”in nə əlaqəsi var?
“Titanik”lə bağlı sirlər, qaranlıq qalan məsələlər bu günə qədər aydınlaşdırılmayıb. Sizə bu sirlərdən bəzilərini təqdim etmək qərarına gəldik. Ən maraqlı hekayət isə “Titan” romanı barədədir. 1898-ci ildə, yəni “Titanik”in batmasından tam 14 il öncə Morqan Robertsonun yazdığı bir roman nəşr edildi. Morqan amerikalı idi, gənc ikən dənizçilik etmişdi, sonra isə zərgər oldu və Nyu-Yorkda zərgərlik etdi. Qəflətən yazar olmağa qərar verdi və ilk hekayəsi 25 dollara satıldı, daha sonra yazdığı 10 hekayədən isə 1000 dollar qazandı. Yazmaq ona artıq asan və qazanclı gəlirdi. 1897-ci ilin bir qış gecəsində yeni bir dəniz əhvalatı yazmağı planladı. Bu, uzun bir əhvalat olacaqdı.

Təsadüf, ya öncəgörmə?
Romanın iki adı vardı: “Nahaq yerə” və “Titan Qəzası”. Roman fantastik bir gəmi səfərindən danışırdı. "Titan" adlı lüks gəmi okeanda irəliləyərkən aysberqlə toqquşub, batırdı. Üstəlik, yazar gəmiyə “batmayan gəmi” adını qoymuşdu. “Titanik” faciəsindən 14 il öncə nəşr edilən bu roman rəsmi olaraq gələcəkdə baş verəcək bir faciənin tragik hekayəsini izah edirdi. Bu, sanki bir öncəgörmə idi.

Yazarın xəyalında nəhəng bir reys gəmisi vardı, əsla batmayan bir gəmi. Bir eşq mövzusu üzərində qurulan əhvalatın qəhrəmanları bu nəhəng gəmiyə minib, İngiltərədən ABŞ-a gedirdilər və eşq hekayəsi dünyanın ən lüks gəmisində başlayırdı. Amma əhvalatın xəyali qəhrəmanları gözlənilməz bir sürprizlə qarşılaşacaqlar və bir dəniz qəzası “batmaz” deyilən gəmini okeanın dibinə göndərəcək.

İnanılmaz oxşarlıqlar
Robertson 14 il öncə “Titanik”in batma səhnəsini olduğu kimi təsvir etmişdi. Gəmi necə aysberqlə toqquşur, hansı tərəfdən zədə alır-bütün bunları olduğu kimi yazmışdı. Morqan hətta sinfi ayrı-seçkiliyi də yazmışdı, xilasetmə gəmilərinə öncə varlıların mindirildiyi barədə uzun-uzadı təsvirlər vermişdi.
Və Robertson 1898-ci ildə əhvalatını kiçik bir kitab olaraq nəşr etdi. O zaman çox da maraq doğurmayan kitab onu çox sonralar əbədiyaşar edəcəkdi, çünki o, dünyanın ən təəccüblü və ən dəhşətli faciəsini yazmışdı. “Titanik” eynilə bu romandakı taleni yaşadı, batış səhnəsi eyni idi. Amma təkcə adlarındakı eynilik və eyni formada batmasımı onları bir-birinə bağlayırdı? Xeyr, inanılmaz faktları oxumağa hazır olun o zaman.

1. Robertsonun romanındakı “Titan” adlı gəmi Soutqampton limanından yola çıxırdı və 14 il sonra “Titanik” də eyni limandan yola çıxdı.
2. Romandakı gəmi ilə “Titanik”in uzunluqları arasında bir neçə metr fərq vardı.
3. Hər iki gəminin çəkisi də bir-birinə yaxın idi - Robertson romanında “Titan”ı 70.000 ton ağırlığında yazmışdı, “Titanik” isə 66.000 ton idi.
4. Hər iki gəminin üç pəri vardı.
5. Robertsonun romanındakı nəhəng “Titan”, Nyu-Foundland yaxınlığında, Şimali Atlantikdə bir aysberqə dəyərək batır. İnanılmaz olan isə odur ki, “Titanik” də 14 il sonra eyni koordinatda, eynilə romandakı aysberqin bənzəri kimi bir aysberqə dəyərək okeana qərq oldu.
6. Hər iki gəmidə kifayət qədər xilasedici qayıq yox idi. Robertson romanındakı gəmidə 24 avarlı qayıq olduğunu yazırdı, “Titanik”də isə 22 avarlı qayıq vardı.
7. “Titanik”in qəzasında 1513 sərnişin boğularaq öldü. Eynilə 14 il əvvəlki romanda yazıldığı kimi... Robertsonun romanındakı “Titan”da isə 1500 adam ölürdü. Hər iki gəmi də 3000 nəfərlik idi.
8. Həm romandakı “Titan”ın, həm də gerçək “Titanik”in batması zamanı gəmi orkestri ilahi musiqi səsləndirib.
9. Həm romandakı “Titan” gəmisindən sağ qurtulan gəmi heyəti, həm də “Titanik” qəzasından qurtulan gəmiçilər həyatları boyu gəmidə çalışdılar, amma heç vaxt kapitan ola bilmədilər.

Morqan məşhur ola bilmədi, amma yazdığı və satılmayan roman gerçəkləşdi. O, “Titanik”in batmasından 3 il sonra infarktdan öldü. Kimsə onunla maraqlanmadı, ta ki 1980-ci illərə qədər. Bu zaman “Titanik”in axtarışı aparılırdı və təhqiqatlar zamanı Morqanın romanına rast gəlindi.
Araşdırmaçılar dəhşətə gəldilər! Morqan Robertson “Titanik” batmazdan 14 il öncə gəmiylə və qəzayla əlaqədar hər şeyi eynilə necə yazmışdı! Araşdırmaçılar bunu təsadüf hesab etmir, “Titanik”in batacağını öncədən bilən bu yazarın bir dahi olduğunu deyirlər.

"Dənizdə təhlükədə olanlar üçün dua edirik..."
Yenə bir əhvalat, yenə bir sirr. Çox maraqlıdır ki, bu əhvalatda da Morqan adlı birindən bəhs edilir. Kanada, “Rosedale Metodist” Kilsəsi, rahib Çarli Morqan bir bazar günü səhər erkəndən qalxıb dini ayin üçün hazırlıq görür. Oxunacaq duaların nömrələrini lövhəyə yazır.
Bütün hazırlıqlarını bitirdikdən sonra, bir az yatmaq məqsədiylə otağına getir və dərin bir yuxuya dalır. Rahib Morqan dəhşətli bir yuxu görür, qaranlıqların içində, nəhəng bir kütlə vardı, dalğaların səsləri və dua və dini musiqi eşidilirdi. Yuxu o qədər təsirli və narahatedici idi ki, Morqan oyandı, gəminin səsi və dini musiqi qulağından getmirdi. Yenidən yatmağa çalışdı və yuxuya getdi.
Yuxu təkrar başladı, dini musiqi, gəminin zəng səsləri, qaranlıq, dalğa səsləri və dəhşətli bağırtılar. Rahib Morqan bu dəfə, səksəkə içində oyandı və özünü boş kilsəyə atdı, lövhəyə yaxınlaşdı, yuxuda eşitdiyi və heç cür qulaqlarından getməyən dini musiqinin, duanın nömrəsini yazdı.
Ayin saatı gəlmişdi, camaat toplanırdı, rahib Morqan ibadəti başlatdı, dualar kilsədə oxunan anda minlərlə mil uzada okeanın ortasında eyni dua buzlu dənizi yenməyə çalışırdı, yüzlərlə insan o duanı oxuyurdu. Kilsədə isə rahib durmadan bu sözləri təkrarlayırdı: “Eşit, Müqəddəs Ata, Sənə dənizdə təhlükədə olanlar üçün dua edirik”. İbadətdən bir neçə saat sonra mühdiş qəzanın xəbəri gəldi.

“Titanik”in batacağını öncədən xəbər edən daha bir hekayə
“Titanik”in sirləri bitmək bilmir. Möhtəşəm gəmi batanda, məşhur ingilis jurnalist Vilyam Stead gəmidə idi. Stead hekayələr yazaraq satır, bununla da yaşamaq üçün pul qazanırdı. Jurnalist olmaqla yanaşı Stead, ölümdən sonrakı həyat və reankarnasiya ilə də maraqlanır, bu barədə araşdırmalar edirdi. “Titanik”in batmasından 20 il qabaq, 1892-ci ildə Steadın yazdığı hekayələrdən birinin adı nə idi, bilirsinizmi? “Titanik”…

“Titanik”in batmasından 20 il qabaq Steadın hekayəsindəki “Titanik” də bir aysberqə dəyərək batırdı. Steadın yazdığı hekayədə yazar özünü də təsvir etmişdi, o özünü qəzadan xilas olanlardan biri kimi izah edirdi. 20 il sonra gerçək “Titanik” batarkən, o buzlu və soyuq dənizdə qərq olanlardan biri həmin jurnalist-yazar Steadın şəxsən özü idi. Roman hər xırdalığı ilə gerçək qəza ilə tutuşurdu, bir tək müəllifin sonu ayrı oldu.
Titanikin batdığı gecə 23 ildən sonra dənizçiləri qorxudur.
Daha bir sirr. Amma “Titanik”in batmasından çox illər sonra baş vermiş bir olay. 1935-ci ildə 23 yaşlı Vilyam Reeves adlı bir dənizçi İngiltərədən Kanadaya gedən “Titanian” adlı kömür yüklü buxarlı gəmidə işləyirdi. Soyuq aprel gecəsi idi, 14 aprel. Həmin gün Vilyamın doğum günü idi, o, “Titanik”in batdığı gecə doğulmuşdu və indi “Titanik”in batmasından 23 il ötürdü.
Gəmi bütün dənizçilərin əzbərdən bildikləri o uğursuz zonaya, “Titanik”in batdığı nöqtəyə çatmışdı. Reeves, göyərtədən dənizə baxırdı, neçə illər öncəki hadisəni canlı görməyin çox həyəcanlı və qorxulu olduğunu düşünürdü. Reeves birdən suların sürətlə qaynadığını və qəfildən nəhəng bir aysberqin gəminin yolu üzərində peyda olduğunu gördü. Tam o anda həyəcan siqnalı verildi.
Uzaqlıq kafi idi, heyət gəmini zamanında dayandırdı, Bir saat ərzində gəminin ətrafı yüzlərlə buz kütləsi tərəfindən əhatələndi. Artıq hərəkət etmələrinə imkan yox idi. Reeves və yoldaşlarının içində olduqları “Titanian” (adın oxşarlığına baxın) adlı gəmini ancaq 9 gün sonra hadisə yerinə yetişən buzqıran gəmilər qurtardılar.

Fişənglər düz atılsaydı...
“Titanik” batarkən son ümid olaraq uzaqdakı gəmilərin diqqətini çəkə bilmək üçün dalbadal havaya fişənglər atılıb. Hava fişənglərini görən “Kaliforniya” adlı gəminin heyəti atılan fişənglərin ağ olması səbəbindən gəmidə əyləncə olduğunu təxmin ediblər. Çünki o zaman gəmilərin fişəng rənglərinə görə bir qaydaları vardı. Ağ rəng əyləncə, qırmızı rəng isə təhlükə demək idi. “Titanik” səfərdən öncə kifayət qədər qırmızı fişənglə təmin edilmişdi, amma buna baxmayaraq, havaya ağ fişənglər atılır.
“Titanik”dən təxminən 70 km uzaqlıqda olan “Mount Temple” gəmisi kömək çağırışını duyub və ona verilən koordinatlara doğru sürətlə hərəkət edib. Ancaq koordinatlar səhv verildiyindən (?) “Mount Temple”, “Titanik”ə 12 km uzaq olan başqa bir bölgəyə gedib çıxıb.
Gəminin fitləri o zamana qədər ən böyük və ən gurultulu fitlər idi. Bu fitləri dənizdə 11 mil uzaqlıqdan belə duymaq mümkün idi. Demək, bir qədər uzaq olan gəmilər də bu siqnalı duymalı idi. Amma araşdırmalar zamanı məlum oldu ki, həmin vaxt okeanda olan və “Titanik”ə 11 mildən də az məsafə yaxınlığında olan gəmilər nədənsə fit səsini duymayıblar.
Kapitan Smit gəminin dizaynçısı ilə “Titanik”lə batmağı seçdiyi halda, bütün aysberq xəbərdarlıqlarına baxmayaraq gəminin son sürətdə Amerikaya getməsini tələb edən “White Star Line” dənizçilik şirkətinin idarəçisi Brus İsmay, qadın və uşaqların mindiyi bir avarlı qayığa minib və uzaqdan “Titanik”in batmasını izləyirmiş...


Geri dön

angeloka

  • 12 iyun 2011 13:22
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
titanik dogurdanda mohtesem bir sah eser idi

_RONALDO_

  • 29 may 2011 22:47
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
HAMISIN OXUDUM,TESEKKUR CANIK.

--------------------

hazal kaya

  • 27 aprel 2011 11:11
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
спасибо

Inciciceyi

  • 20 aprel 2011 09:28
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkkkkkkkkkkkkkkkkkkk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

omur

  • 19 aprel 2011 18:08
  • Məqalə: 0
  • Şərh: 231
  • Bal:
{awards}
twk TWK maraqli idddi.....

--------------------
wirinler

MY_SWEET_FRIEND

  • 19 aprel 2011 15:15
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
HAMISIN OXUDUM,TESEKKUR CANIK..

--------------------
ßÁŚĶÁĹÁŔĨŃĨ ÁVÚŤМÁĶĹÁ ĶĔŃĎĨ ÁČĨĹÁŔĨŃĨ ÚŃÚŤÚŔŚÚŃ..

ASİ

  • 19 aprel 2011 15:10
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
oxumadim tsk

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

Angels_1985

  • 19 aprel 2011 15:08
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
Teshekkurler etrafli melumata gore....

--------------------
Думала, что люблю, оказалось, любила думать.

Не нужно завоевывать мир,Нужно завоевать себя,и весь мир будет у твоих ног.

Gozel_lady

  • 19 aprel 2011 15:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkuller ellerine saglik

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}