Az qala erməni snayperinin qurbanı olacaqdım

 
Az qala erməni snayperinin qurbanı olacaqdım

Hikmət Əsgərov: "Kameranı endirib, atmasını gözlədim. Atdı..."

ANS PRESS-in bu dəfəki qonağı ANS Televiziyasının baş operatoru Hikmət Əsgərovdur. Ölkə prezidenti İlham Əliyevin səfərlərini də lentə alan bu operatorun ANS-də xüsusi yeri var. O demək olar ki, ekstremal jurnalistika sahəsində ixtisaslaşıb və bu sahədə jurnalistləri heç vaxt tək qoymur.

Hikmət bəy, neçə ildir ANS-dəsiz?

-Artıq 11-ci ildir ANS-dəyəm. Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsini bitirdiyim vaxtdan burada işləyirəm.

Bu müddət ərzində ən çətin, ən təhlükəli çəkilişiniz?

-Təhlükəli çəkilişlərimiz çox olub. Mən deyərdim ki, operator üçün bütün çəkilişlər təhlükəlidir. Həyati təhlükə ilə mitinqlərdə, aksiyalarda, prezident seçkisində çox qarşılaşmışıq. Cavabdeh olduğumuz avadanlıq və öz həyatımız hər an təhlükə altında olur.

Vahid Mustafayevin ( ANS Şirkətlər Qrupunun prezidenti red.) Liviya səfərində çəkilişləri
siz aparmısınız. Kadrlardan görünür ki, hər anınız həyati təhlükə içində olub.

-Doğrudan da çox təhlükəli idi. Orada öz bildiklərimdən əlavə Vahid müəllimin tapşırıqlarına əməl edirdim. Çünki o, müharibələrdə olub, müharibənin bütün qayda-qanunlarına bələddir. Həmçinin Vahid müəllim operatorluğu jurnalist işi qədər bilir. Buna görə də məni əvvəlcədən təlimatlandırmışdı. O təlimata dəqiqliklə riayət etməsəydim, çətin ki, salamat qalardım. Şükür Allaha, ölüm-itim olmadı. Biz Liviyada olduğumuz zaman ölkədə vətəndaş müharibəsi gedirdi. Ən böyük təhlükə o idi ki, uşaqdan böyüyə hamıda silah var idi, hara gəldi atırdılar. Hətta ANS-lə canlı bağlantı yaradanda bir neçə yerdən bizim arxamızda atışma başladı. Yəqin efirdə görmüsünüz, Vahid müəllimin arxasındakı kadrlarda binalar partladı.

O anlarda qorxu hissi keçirirdiniz? Əlbəttə ki, Vahid Mustafayev bir növ vərdişkardı, bəs siz?

- Qətiyyən yox. Fikrimiz ancaq onda idi ki, bizə lazım olan kadrları çəkək, əziyyətimiz hədər getməsin. Nə baş verəcəksə, fərqi yoxdur, heç olmasa səfərimizin mənası olsun, maraqlı kadrlarımız olsun.

Bu, yəqin peşə xəstəliyidir. Deyilənə görə, xəbər operatorları təhlükəni demək olar ki, hiss etmirlər.

-Düz deyirsiniz. Misal üçün, İlqar Mikayıloğlu (ANS TV-nin aparıcısı red) ilə ermənilərə ən yaxın mövqedə, Tərtər rayonunun Borsunlu kəndində “Marş” verilişinin çəkilişlərini aparırdıq. Orada öz səhvim ucbatından az qala erməni snayperinin qurbanı olacaqdım. Erməniləri çəkmək istədim, çəkə-çəkə o qədər onlara yaxınlaşmışdım ki, erməni snayperini bəlkə də küçədə görsəm, tanıyaram.

Bu qədər də yox da, snayperi yaxından çəkmək?

-(red. Gülür) Yox, yox, nə danışırsınız? Snayperi yaxından çəkmək ağlımın ucundan belə keçməmişdi. Mən başqa erməniləri çəkmək istəyirdim. Birdən obyektivdə gözümə snayper sataşdı. Gördüm ki, məni tuşlayıb. Məlumdur ki, snayperdən qaçmaq mümkün deyil. Onu görən kimi kameranı endirib, atmasını gözlədim. Atdı... Yerimdə donub qalmışam, nə qorxu var, nə həyəcan...Güllə məndən bir balaca yan keçib torpağa dəydi və torpaq üzümə sıçradı.

Çəkilişi saxladınız, yoxsa ...?

- O atəşdən sonra atışma başladı, onu çəkməyə bilməzdim, (red. gülür ) günah olardı.
Ümumiyyətlə, operatora, jurnalistə nə baş verirsə, sonradan çatır. Həmin an ancaq maraqlı kadr haqqında düşünürsən. Sonradan oturub fikirləşirsən ki, vəziyyət təhlükəli idi, mənə nə isə ola bilərdi. Bir tərəfdən bu, düzgün deyil, gərək hər şeyi nəzərə alasan. Keyfiyyətli material çəkmək istəyirsənsə, nə kamera, nə özün zədə almamalısan. Ən azından sağ qalmalısan. Ondan başqa da ailəni, evi, əzizlərini düşünməlisən.

Bir tərəfdən də, “Sonunu düşünən əsgərdən də qəhrəman olmaz” deyirlər...

-Onu da düz deyirsiniz.

Sizcə, efir materialının hazırlanmasında operatorun əməyi üstündür, yoxsa jurnalistin?

- Bütün dünyada operatorlarla jurnalistin əməyi 50/50-yə hesablanır. Amma mən operatorun əməyinə üstünlük verirəm. Ona görə yox ki, mən operatoram. Ona görə ki, biz televizorun səsini alsaq, görüntülər danışmalıdır, tamaşaçı görüntülərlə başa düşməlidir. Səs olmasa da televiziya qarşısındakı tamaşaçı nə baş verdiyini anlamalıdır. Görüntü olmasa, bu, artıq televiziya yox, radio olacaq. Birmənalı olaraq televiziyada operatorun rolu daha böyükdür. Televiziyanın mənası elə görüntülərdir. Görüntülərlə tamaşaçını bir addım qaha qabağa çəkirsən. Bir var gözlə görəsən, bir də var ancaq eşidəsən. Necə ki, bir şey eşidəndə deyirik, “Gözümlə görməsəm inanmaram”.

Belə bir şablon deyim var, tamaşaçı süjetə operatorun gözü ilə baxır. Bu elə-belə söz deyil. Sənin gözün necə görürsə, tamaşaçı da elə görəcək. Gərək sən yaxşı baxasan ki, tamaşaçılar da yaxşı baxsın. Kameranın obyektivi bizim gözümüzdür.

Heç olubmu ki, təsadüfən gözünüz qapalı qalsın? Yəni çəkiliş başa çatdıqdan sonra, bir də baxırsınız ki, heç nə yazılmayıb.

-Şəxsən məndə olub. Amma sırf operatordan asılı olmayan texniki səbəbdən. Düyməni basırıq, rəqəmlər göstərir, yazılır, baxırsan ki, hər şey qaydasındadır. Montaja gələndə görürsən ki, heç nə yazılmayıb, kasset boşdur. Araşdıranda məlum olur ki, texniki səbəbdir. Bəzən də operatorları çəkilişə göndərəndə necə isə olur yolda "yazı" (zapis) düyməsi basılır və çəkiliş gedir. Çəkiliş yerinə çatanda isə operator yenidən həmin düyməsini basır. Guya çəkilişə start verir, amma əksinə çəkilişi dayandırır. "Çəkiliş" başa çatdıqdan sonra düyməni basır, guya çəkilişi saxlayır. Amma bu dəfə də geri qayıdanda yolu çəkir. Gəlib çatanda da baxıb görür ki, müsahibə yoxdur. Belə hallar olur.

Çəkiliş zamanı təzyiqlər çox olur? Yəni çəkilişə icazə vermirlər, amma siz hansısa yolla çəkilişi həyata keçirirsiniz?

- Son zamanlar belə çəkilişlər elə də yoxdur. Amma əvvəllər çox mane olurdular, ələxüsus da ANS-in kameralarına. Çünki biz hadisələri daha obyektiv işıqlandırırıq. Belə hallarda biz artıq müxbirə deməmiş "yazı" düyməsini basırdıq ki, onların bizə necə mane olmalarını da çəkək. Bütün bunlar təcrübədən yaranmış peşəkarlıqdır. Çəkilişi dayandırmadığımıza görə hücumlara da məruz qalmışıq.

Döyülməmisiniz?

-2003-cü ildəki mitinqdə çox möhkəm döyüldüm. Haradasa 10 gün işə çıxa bilmədim.

Kameranızı sındırmayıblar?

-Bir neçə dəfə olub. Yenə də deyirəm, görəndə ki, çəkməyə davam edirik, aqressivlik nümayiş etdirirlər. Gözləmədiyimiz halda vurub kameranı sındırırlar.

Sizcə, nəyə görə ən çox ANS-in kamerası hücuma məruz qalır?

-Görünür ANS televiziyası bütün qüsurları, çatışmayan cəhətləri, əyər-əskikləri daha obyektiv şəkildə ictimaiyyətə çatdırdığına görə ilk olaraq bizim kameralara mane olmağa çalışırlar. Onu da bilirlər ki, nə çəkmişiksə, 100% efirə gedəcək.

Çətinliklərdən bezib, hər şeyi buraxıb çıxıb getmək istədiyiniz vaxtlar olub?

-Əksinə, çətinliklər məni daha da ruhlandırıb. Çətin şəraitdə, ekstremal vəziyyətdə işləməyi sevirəm. Hətta avtomobili də çətin yollarda sürməyi sevirəm. O ki, qaldı sənətimə, mən bunun məktəbini keçmişəm, bu məndə alınır. Bəzən mənə deyirlər, “Nəyinə lazımdır, niyə özünü təhlükəyə atırsan?” Xeyri yoxdur. Şükür Allaha, indiyədək ciddi problem olmayıb. Operator icazə olmayan yerdə çəkiliş apara bilmirsə, deməli qeyri-peşəkardır. Operator, xüsusilə də ANS-in operatoru belə olmamalıdır. Hal-hazırda inanmıram ki, bizdə elə operator olsun ki, çətin çəkilişə getmək istəməsin. Hamı belə çəkilişlərə meyillidir. Hətta şəhərdə bir aksiya varsa, təhlükəli vəziyyət yaranıbsa, hadisə yerinə getmək üstündə operatorların arasında mübahisə düşür. Belə hallar da olur.

Yəqin ki, bütün müxbirlərimizlə çəkilişdə olmusuz. Kimlərlə işləmək daha rahatdır?

- Vahid Mustafayevlə çəkilişdə olmaq xoşdur. O, çəkiliş meydançasında şirkət prezidenti kimi yox, bir jurnalist, dost kimi olur. Onunla işləmək çox rahatdır. Bundan başqa Vahid müəllimlə işləmək ona görə rahatdır ki, həm də ondan öyrənirəm. Onun peşəkarlığına söz ola bilməz. Mən bunu nəyə görə isə demirəm, həqiqi sözümdür. Mən ondan çox şey öyrənmişəm.

Mir Şahin müəllimlə (ANS Şirkətlər Qrupunun vitse-prezidenti red.) işləmək də rahatdır. Bilirsiniz, Mir Şahin müəllimin reportajlarında görüntü ilə mətn bir-birini tamamlayır. Çəkdiyim materiala onun təqdimatında baxanda ozümə ləzzət eləyir.

Digər jurnalistlərdən Amil Hacıyevlə, Ayaz Nizamioğlu, Lalə Nurəddinqızı (gülür) ilə işləmək çox rahatdır.

Yeri gəlmişkən, Lalə Nurəddinqızı ilə (red. “İç xəbər”in aparıcısı, Hikmət Əsgərovun həyat yoldaşı) necə tanış oldunuz?

-2003-cü ildə öz istəyimlə, yəni çağırış kağızı gəlmədən ANS-dən hərbi xidmətə getdim. Bir ildən sonra, qayıdanda Lalə xanımla ANS-də tanış oldum. O, ANS-ə mən əsgərlikdə olanda gəlmişdi. Ailə qurduq, bir övladımız var. Yenə də bir yerdə işləyirik. Çox xoşbəxtik!

Yaxşı operator olmaq üçün nə lazımdır?

- Mənim düşüncəmə görə, yaxşı operator olmaq üçün operator doğulmaq lazımdır. Düzdür, operatorluq sənətinə yiyələnmək mütləq vacibdir. Amma yaxşı operator hər şeyi başqalarından fərqli görməlidir, özünün xüsusi baxışı olmalıdır. Yəni, hal-hazırda mən sizə operator gözü ilə baxıram. Bizdən fərqli olaraq istənilən tamaşaçı eyni görüntünü görür. Operator gərək tamaşaçının görmədiyi tərəfləri görüb, çəksin ki, tamaşaçıya maraqlı olsun. Bunun üçün də operatorun xüsusi zövqü, rəssamlıq qabiliyyəti olmalıdır, rəngləri bilməlidir. Fotonu bilməyən operator operator sayılmır. Yəni, kameranın çəkdiyi görüntüdə hərəkət var, fotoda isə yox. Operator bir stop-kadrda bütün hərəkəti verməyi bacarmalıdır. Əgər fotoaparatla çəkdiyin şəkildə onu verə bilirsənsə, deməli hərəkətli görüntüdə gör nələr edə bilərsən. Bu səbəbdən də fotonu, rəsmi bilmək çox vacibdir.

Fikirləriniz...


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 22
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}