
İtaliyanın Ferrari şirkəti Frankfurt beynəlxalq avtosalonu ərəfəsində Maranellodakı qərargah-mənzildə yeni Ferrari 458 Italia Spider rodsterin VIP müştərilər üçün qapalı təqdimatını keçirib.Ferrari 458 Italia modelinin üstüaçıq modifikasiyasının təqdimatına 800 nəfər dəvət edilmişdi. Onların arasında Scuderia yarış komandasının pilotları Fernando Alonso və Felipe Massa da var idi və yeni rodsteri də qonaqlara məhz onlar təqdim etdilər. Avtomobil Ferrari məhsulları sırasında Ferrari F430 Spider modelini əvəz edəcək. Şirkətin bu yeni avtomobili elektriklə açılıb-örtülən alüminium tavanla təchiz edilib. Bu tavanı bağlamaq, və ya açmaq üçün sürücüyə 14 saniyədən az vaxt tələb olunur.Ferrari 458 Italia Spider mühərrik bölməsində 4,5 litrlik V8 atmosfer benzin mühərriki durur. Güc qurğusu 570 a.g. və 540 Nm fırlanma momenti hasil edir. İlk yüzlüyə 3,4 saniyədə sürətlənən rodster maksimal 320 km/saat sürət qazana bilir. Qarışıq sikldə model 100 km məsafədə 11,8 L yanacaq sərf edir və bu zaman hər kilometrdə orta hesabla 275 q CO2 xaric edir.Ferrari müştəriləri Ferrari 458 Italia Spider avtomobilini gələn ilin əvvəlindən əldə edə biləcəklər.