Qadın kişinin qabırğasından yaranıbmı?

 
Qadın kişinin qabırğasından yaranıbmı?

Qadın kişinin qabırğasından yaranıb?

İslam tarixi boyunca dinimizin əsas məsələləri barəsində bə’zən nadanlıq üzündən, bə’zən də qəsdən təhriflər yaradılmış, İslam həqiqətləri camaata dəyişdirilmiş şəkildə çatdırılmışdır. Belə təhriflərin böyük bir qismi qadın mövzusuna aiddir. Əksər hallarda yaranmış təhriflər qadınların cəmiyyətdəki rolunu azaltmaq, onun kişidən qat-qat aşağı səviyyədə duran yararsız bir varlıq olduğunu sübuta yetirmək məqsədi güdmüşdür. Belə məsələləri ortaya atan şəxslər Qur’an ayələrini və mə’sumların hədislərini öz xeyirlərinə şərh etmiş, məntiqə və sağlam düşüncəyə sığmayan «sübutlar» gətirməkdən belə çəkinməmişlər. Dini mənbələrdə rast gəlinən bə’zi zəif və qondarma hədislər də onların əlində istinad obyekti olmuş və əsas silah kimi istifadə olunmuşdur.

İddiaçıların dəlilləri

Qadın mövzusu ilə bağlı yaranmış belə təhriflərdən biri də bundan ibarətdir: Bə’zi kitablarda iddia olunur ki, guya Allah-Təala Həvvanı Adəmin qabırğasından yaratmışdır. Hətta məsələyə daha da «dəqiqlik» gətirərək, Həvvanın Adəmin sol qabırğasından yarandığını söyləmişlər. Bu fikri inkişaf etdirib ümumiləşdirərək, belə bir nəticəyə gəlmişlər ki, bütünlükdə qadın cinsi kişidən törəmişdir və buna görə də ondan aşağıdır. Görünür, bu fikrin tərəfdarlarının əlindəki ən «tutarlı» sənəd – Həzrəti Muhəmməd peyğəmbərlə (s.ə.s.) İmam Cə’fər Sadiqdən rəvayət olunmuş iki hədisdir. Bu hədislər «Furui-Kafi»nin «Nikah» kitabında, «Mudaratu'z-zəvcə» babındadır (5-ci cild, 513-cü səh).

Şeyx Kuleyni sənəd silsiləsi ilə İmam Sadiqdən (ə) rəvayət edir ki, Həzrəti Muhəmməd peyğəmbər (s.ə.s.) buyurmuşdur: «Qadın əyri qabırğa kimidir; əgər toxunmasan, ondan faydalana bilərsən. Əgər əyib düzəltmək istəsən, sınar». O biri hədisdə isə İmam Sadiqin (ə) dilindən rəvayət olunub: «Həzrəti İbrahim (ə) Saranın xasiyyətinin pisliyindən Allaha şikayət etdi. Allah ona vəhy göndərdi ki, qadın əyri qabırğa kimidir. Əgər əyib düzəltmək istəsən, sınar. Əgər toxunmasan, sənə fayda verər. Buna görə onunla səbirlə rəftar et».

Həmçinin, bu fikrin tərəfdarları Əllamə Məclisinin İmam Sadiqdən (ə) rəvayət etdiyi daha bir hədisi də öz dediklərinə dəlil sayırlar: «Qadına (ərəb dilində) ona görə «mər’ə» deyilir ki, o, kişidən (ərəbcə «mər’») yaradılıb» (Əllamə Məclisi – «Həyatu'l-qulub», 1-ci cild, 24-cü səh).

Qəribədir ki, bə’ziləri bu iddianı şişirdərək gülünc səviyyəyə çatdırmışlar. Onlar iddia etmişlər ki, qadın kişinin qabırğasından yaradıldığı üçün, kişilərin sol qabırğalarının sayı sağdakılara nisbətən bir ədəd azdır.

Bu iddianın nə dərəcədə gülünc olduğu göz qabağındadır. Müasir elmi imkanlardan istifadə edərək, rentgen şüaları vasitəsilə asanlıqla sübuta yetirmək olar ki, kişilərlə qadınlar arasında qabırğaların sayı baxımından qətiyyən fərq yoxdur.

İddiaların cavabı

Bəs bu cür əsassız iddialardan çıxış yolu nədədir? Əgər Həvva Adəmin qabırğasından yaranmamışdırsa, yuxarıda göstərilmiş hədislər haradan əmələ gəlmişdir?

İlk öncə bunu qeyd etmək lazımdır ki, böyük İslam alimləri ilk iki hədisin sənəd baxımından e’tibarsız olduğunu bildirmişlər. Əsrimizin məşhur tədqiqatçı alimlərindən sayılan Ayətullah Cavad Amuli göstərilən mövzuya müstəqil məqalə həsr etmiş və həmin hədislərin zəif olduğunu göstərmişdir.

Mö’təbər hədislər qadının qabırğadan yaranması fikrinin qətiyyətlə rədd edir. Biz aşağıda bu məsələyə aydınlıq gətirən və həqiqəti aşkara çıxaran hədislərin bir neçəsini diqqətinizə çatdırırıq.


1. Əmr bin Əbi'l-Miqdam atasından rəvayət edir ki, bir dəfə İmam Məhəmməd Baqirdən (ə) soruşdular: «Allah Həvvanı nədən yaradıb?». İmam Baqir (ə) bu barədə camaatın nə danışdığını xəbər aldı. Ona cavab verirlər ki, camaatın dediyinə görə, guya Həvva Adəmin qabırğasından yaradılıb. İmam buyurdu: “Yalan deyirlər! Məgər Allah onu qabırğadan başqa bir şeydən yaratmağa acizdirmi?” Soruşdular: “Ey Peyğəmbərin övladı! Bəs Həvva əslində nədən yaradılıb?” İmam belə cavab verdi: “Atam öz ata-babalarından, o da Peyğəmbərdən rəvayət ediblər ki, Allah-Təala bir ovuc gildən öz qüdrətiylə Adəmi xəlq etdi. Həmin gildən bir az artıq qaldı, Allah o artıqdan Həvvanı yaratdı”.

Bu hədis aşağıdakı mö’təbər kitablarda qeyd olunmuşdur:

Əyyaşi Səmərqəndi - «Əyyaşi təfsiri», 1-ci cild, 216-cı səh.;

Seyyid Haşim Bəhrani - «Təfsiri-burhan», 1-ci cild, 3360cı səh.;

Əllamə Məclisi – «Biharu'l-ənvar», 5-ci cild, 31-ci səh.;

Əllamə Məclisi – «Həyatu'l-qulub», 1-ci cild, 27-28-ci səh.;

Ayətullah Reyşəhri - «Mizanu'l-hikmə», 19565-ci hədis.



2. Məşhur səhabə Zürarə ibn Ə’yun İmam Cə’fər Sadiqlə (ə) Həvvanın yaradılışı barəsində danışır və deyir ki, camaatın danışdığına görə, guya Allah Həvvanı Adəmin sol tərəfindəki qısa qabırğasından yaradıb. İmam buyurdu: «Sübhanəllah! Allah belə işdən uzaqdır! Onların sözlərindən belə çıxır ki, Allah Adəmdən ötrü onun qabırğasından savayı bir şeydən zövcə yaratmağa acizdir? Bu sözləri deyən adam şərait yaradır ki, Adəmin bə’zi bədən üzvlərinin qalan üzvlərlə evləndiyini (yə’ni Adəmin sanki öz-özü ilə evləndiyini) söyləsinlər!» Sonra İmam məsələni izah edərək belə buyurdu: «Allah Adəmi gildən yaradıb, mələklərə ona səcdə etməyi əmr etdikdən sonra Adəmi yatırtdı. Sonra Həvvanı yaradıb onu Adəmin kürəyinə söykənmiş halda qərarlaşdırdı...» (Hədisin davamında Adəmlə Həvvanın söhbəti və Adəmin «elçiliyi» təsvir edilir).

Bu hədis də aşağıdakı mənbələrdə öz əksini tapmışdır:

Şeyx Səduq – “Mən la yəhzuruhu'l-fəqih”, 4336-cı hədis, 3-cü cild, 379-cu səh.;

Əllamə Məclisi – “Həyatu'l-qulub”, 1-ci cild, 27-28-ci səh.



Diqqətəlayiq cəhət bundan ibarətdir ki, mötəbər kitabların bir neçəsində bu məsələ barəsində qeydlər mövcuddur. Belə ki, həmin kitablarda Həvvanın qabırğadan yaranması təkidlə rədd edilir. Məsələn, Əllamə Məclisi «Həyatu'l-qulub» kitabının 1-ci cildində yazır ki, kitablarda rast gəlinən müvafiq məzmunlu hədisləri məsumlarımız təqiyyə üzündən söyləmişlər. (İnsanın canını qorumaq naminə rəqib qarşısında öz rəyini gizlətməsinə və qarşı tərəfin tələb etdiyi sözləri söyləməsinə «təqiyyə» deyilir. Bə’zən imamlarımız zalım xəlifələrin zülmündən amanda qalmaq üçün onları razı sala biləcək sözlər söyləmiş, sonralar imkan yaranan kimi düzgün nəzəriyyəni müdafiə etmişlər). Əllamə Məclisi mötədil əxbari məsləkinə mənsub idi. Onun əsərlərində bu məsləki müdafiə edən bə’zi rəvayətlərə də rast gəlmək mümkündür. Ümumiyyətlə, əxbarilər hədislərə ifrat etibarla yanaşır, hətta bəzən sağlam məntiqə uyğun gəlməyən zəif hədisləri də müdafiə etməkdən çəkinmirdilər. Əgər Əllamə Məclisi, qadının kişinin qabırğasından yaranması barəsində olan hədisləri təqiyyə ilə əlaqələndirib ona inanmamağı təklif etmişdirsə, deməli, bu hədislər İslam məntiqi ilə açıq-aşkar və qeyd-şərtsiz olaraq ziddiyyət təşkil edir.

Əllamə Məclisi «Həyatu'l-qulub» kitabında bunu da qeyd etmişdir: Şiə və sünni alimləri Vəhəb ibn Munəyyədən rəvayət ediblər ki, Allah-Təala Həvvanı Adəmin gilinin artığından onun timsalında yaradıb.

Qadının (yəni Həvvanın) qabırğadan yaradıldığını iddia edənlər aşağıdakı Qur’an ayəsini də öz fikirlərinə uyğun şəkildə şərh edirlər: «Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da çoxlu kişi və qadın törədən Rəbbinizə qarşı təqvalı olun!» (Nisa, 1).

Lakin müfəssirlər qeyd etmişlər ki, bu ayədəki «nəfs» sözü yalnız konkret şəxsə (Adəmə) aid olunmamalıdır; «nəfs» sözü həm də insan cinsinə şamildir. Allah-Təala bu və buna bənzər digər ayələrdə (Rum, 21; Nəhl, 72) bütün bəşəriyyətin «insan» adlı varlıqdan yarandığını bəyan edir; bununla da Darvinin meydana atdığı təkamül nəzəriyyəsinin puçluğu aşkara çıxır.

Əgər ayədəki «nəfs» kəlməsini Həzrəti Adəmə aid etsək də, etiraf etməliyik ki, burada qabırğadan yaradılmaya kiçicik bir işarə də olsa yoxdur. Adəm və Həvva iki müstəqil fərd olaraq yaradılmışlar, ilk öncə Adəm, ondan sonra Həvva xəlq olunmuşdur. Onları birləşdirən müştərək cəhət budur ki, əvvəla, hər ikisi eyni bir varlıq cinsinin – bəşəriyyətin nümayəndələri olmuşlar. İkincisi, Həvva Adəmin yaradıldığı materialdan – gildən xəlq olunmuşdur. Daha dəqiq desək, Adəm yaradıldıqdan sonra qalan gildən Həvva yaranmışdır.

Bə’zi alimlər ortada barışdırıcı mövqe tutaraq bildirmişlər ki, Allah Həvvanı Adəmin sol qabırğasından deyil, sol qabırğasının yaradıldığı gilin artığından xəlq etmişdir. Mərhum Şeyx Səduq «Mən la yəhzuruhu'l-fəqih» kitabında Zürarənin İmam Sadiqdən (ə) rəvayət etdiyi hədisi verdikdən sonra Qur’ani-Kərimin «Nisa» surəsinin 1-ci ayəsi barəsində yazmışdır ki, ayənin təvili (rəmzi şərhi) belədir: Həvva Adəmin sol qabırğasından artıq qalmış gildən yaradılıb.

Bu mövzu ətrafında məşhur alimlərdən bir neçəsinin rəyi ilə tanış olmaqla məsələyə daha da aydınlıq gətirmiş olarıq. Məşhur ruhani alim və ədib, «Nəhcu'l-bəlağə» kitabının tərtibçisi Seyyid Rəzi «Həqaiqu't-təvil» kitabında yazır ki, ayədəki «nəfsi vahidə» (vahid nəfs) – «həqiqətu'l-vahidə»dir. Yəni kişi ilə qadın eyni bir həqiqətdən xəlq olunmuşlar.

Əllamə Şə’rani kişilərdə qadınlara nisbətən bir ədəd az qabırğa olması məsələsini açıqlayaraq qeyd etmişdir ki, kişilərin qabırğasının qadından az olması hiss və təcrübə ilə duyulmaz. Əslində, onların qabırğaları sağ və sol tərəflərdə eynidir («Mən la yəhzuruhu'l-fəqih»in haşiyəsi, 3-cü cild, 381-ci səh).

«Təfsiri-Əyyaşi»nin haşiyəsində isə məşhur hədisçi-filosof Feyz Kaşaninin baxışı işıqlandırılır. Feyz Kaşani bu fikirdə idi ki, qadının kişiyə məxsus sol qabırğadan yaradılması zahiri deyil, batini mənada qəbul olunmalıdır. Bədənin sol tərəfi adətən, cismani istəklərə və emosiyalara aid edilir. Sağ tərəf isə ağla və ruhani mələkut aləminə aid sayılır. Məhz bu səbəbdəndir ki, bir çox müstəhəb əməllərin sağ tərəfdəki bədən üzvləri ilə icra olunması təkid edilir. Əksinə, çirkin işləri isə bədənin sol tərəfdəki üzvləri ilə yerinə yetirirlər. «Həvva Adəmin sol qabırğasından yaradılıb» ifadəsi qadında emosiyaların və dünyəvi istəklərin üstünlük təşkil etməsini göstərir.

Müqəddəslərimizdən rəvayət olunan onlarla hədis, həmçinin, müsir psixologiya elminə aid bilgilər də deyilənləri sübuta yetirir. Həqiqətən, qadın kişiyə nisbətən daha həssas, emosional və hissiyyata qapılandır. Kişilər isə nisbətən daha artıq məntiqlə və soyuq düşüncə ilə hərəkət etməyə, qeyri-emosional addımlar atmağa meyillidirlər. Elə bu xüsusiyyət birgə ailə həyatında tərəflərin bir-birini tamamlamasını və bir-birinə yardım göstərməsini təmin edir.


Geri dön

MiLeyla

  • 13 oktyabr 2011 15:35
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
deyerli melumatlara gore tewekkurler

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Delya_91

  • 13 oktyabr 2011 14:55
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Hm maraqli xeberdir,ama werh yox

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}