Yaşayan ölülər

 
Yaşayan ölülər


Allah onun şəklini ağ kağızda çəkdi, bəyənmədi, qaralayıb, yumrulayıb yer kürəsinə atdı. Dünyanın zibil vedrəsindən tək fərqi kürə formasında olmasıdır, onsuz.

Onun taleyi – alın yazısı bir çox insanda olduğu kimi sadəcə adi bir qaralama idi və anası onu tənhalıqlar üçün doğmuşdu. Elə bu səbəbdən idi ki, o həmişə bir nəfərlik çarpayıda səhəri qarşılayırdı.


Səhər – onun səhərlərində günəş olmazdı, gecələrindən sonra açılan səhəri də yox idi. Günortaları yatardı həmişə, yuxudan duranda isə ayı günəşə bənzədərdi. Ay doğmayan gecələrdə isə eyvana çıxar, bir siqaret yandırardı – günəşini bəzən də kibritdən yaradardı.

Heç vaxt sevməmişdi. Daha doğrusu, sevə bilməmişdi. Sevə bilmirdi. Bir sözlə bədbəxt idi. Hərflər idi Moşenin tək dayağı, həyat onun ayağından çəkdikcə o qələmini kağıza çaxıb özünə dayaq etmişdi, əslində, o qələminə bənzəyirdi, arıq, çəlimsiz idi…

Və bu idi onu digər şairlərdən fərqləndirən cəhəti, təkcə bu… Onun əlini isti suya salsan, yandırardı, bir fiziki ağrı yaşayardı bədənində. Amma ürəyini salsan, yandırmazdı, heç bir mənəvi ağrı, acı duymazdı, onun hissləri yox idi çünki, doğulanda ağlamışdı və ilk göz yaşı ilə bütün hissləri bədənindən yuyulub axmışdı.

Soyuq idi, soyuqqanlı idi, soyuq adam idi Moşe.

Bu səhəri digər səhərlərindən fərqli oldu, pəncərəni açanda üzünə günəş güldü. Amma günəşin istisini hiss etmədi, bəlkə də hava soyuq idi, amma o soyuğu da hiss etmirdi. Yataqdan durub soyuducunu açdı, yenə soyuğu hiss etmədi, düşündü ki, yəqin soyuducu xarab olub. Təmirçi çağırmaq istədi, sonra bu fikrindən də soyudu.

Və sonra siqaret çəkmək üçün pəncərəsini bir aprel küləyinə açdı. Otağının cırıq və köhnə pərdələri uşaqlaşıb küləklə oynayanda o, anladı ki, ciyərlərində xeyirlə şərin mübarizəsi gedir. Siqareti söndürmədi bitənə qədər, əvəzinə pəncərələri bağladı.

Sakit ola bilmirdi heç cür. Ikinci siqareti yandırdı, çəkdi, külək isə dayanmadan pəncərəyə qısqanclıq yumruqlarını vururdu. Sonra üçüncü çəkdi… Beşinci siqaret kötüyünü də külqabıya atanda gülümsədi.

Otağın cırıq pərdəsinə baxdı birdən. Əslində, onun ruhu da köhnə idi və zamanla tozlanmışdı, ruhu ilə pərdəsi sinonim idi. Bayaq pərdənin küləklə oynamağını xatırladı. Ruhu uşaqlaşdı, o da oyun oynamaq istədi və içinə şeir yazdığı qara üzlü dəftərini də götürərək pencəyini geyinib evdən çıxdı.

Pilləkənlərdə qonşusu ilə rastlaşdı.

- Salam, Moşe – dedi gülümsəyərək qadın.

Qadının üzünə baxdı birdən, altmışdan çox yaşı olmasına baxmayaraq alnı hələ də qırışmamışdı. Moşe düşündü ki, onun taleyi yoxdur və bu dünyada onun danışa biləcəyi bir nağılı da heç vaxt olmayacaq.

- Əlvida, madam Sofi – gülümsədi o da. Bəlkə də, bu binaya yenidən bir daha gələ bilməyəcəyi onun ürəyinə dammışdı.
Üzündəki gülüşü itirmədən pilləkanlardan düşdü, küçəyə çıxdı. Saçları uzun idi, kürən idi. Külək onun saçlarını sevmirdi, ona görə də, bayaq pərdə ilə oynadığı kimi onun saçları ilə oynamırdı, dağıtmırdı. Madam Sofinin bu qəribə adamın arxasınca dediyi “Allaha əmanət” sözünü külək onun qulaqlarına dedi, amma o heç vaxt bilmədi ki, onun yaşadığı evin alt mərtəbəsində onu gizlincə sevən biri var.

Və o küçənin ortasında iti addımlarını saxladı, qara üzlü dəftərini açıb yazdı:

“Allah, insanın şah əsəridir. Hər insan öz beynində Allahı yaradır, öz təxəyyülünə, öz təsəvvürünə görə. Özü başa düşdüyü, özü qavradığı kimi… Hə, bu belədir. Insanın yaratdığı ən ali varlıqdır Allah”.

Yazdı. Sonra qaraladı, qaraladı… Parka getməyin ən yaxşı fikir olduğunu düşündü, elə də etdi. On beş dəqiqəlik yolda başına çox iş gəldi, aprel yağışı islatdı onu, bir ağacın budağına ilişdi kölgəsi, hətta, külək də oyunda cığallıq edib saçlarını dağıtmağı bacarmışdı. Bir anlıq durdu, üzündəki yağış damcıları ilə küləkdən yaranan göz yaşlarını ayırmaq istədi, duzlu olanlara göz yaşı dedi sonunda.

Ayaq izləri bir birini ötdü, nəhayət, parka çatdı, hər dəfə oturduğu skamyasına oturdu. Görünür, bu dəfə yağış onu da islada bilmişdi, amma Moşe bunu düşünmək belə istəmədi. Bir ayağını o biri ayağının üstünə atıb və qara üzlü dəftərini də üstəki ayağının üstünə qoyub madam Sofini xatırladı.

“çağır məni ürəkdən,
Çağırmasan gələn deyiləm.
Özün aç qəlbinin qapılarını
Bağlasan heç döyən deyiləm”


Güldü, bərkdən güldü. Birinci dəfə idi ki, sevgi şeiri yazırdı. O sevə bilmirdi və onun ilham aldığı tək şey var idi – oturduğu skamyanın qarşısındakı ağac. Bu günə qədər bir neçə kitabı çıxmışdı, ilk kitabı yalnız yarpaq haqda idi, ikinci kitabı yalnız budaq haqda, yalnız tumurcuq haqda olan kitabı da var idi.

İkinci dəfə ürəkdən gülmək istəyirdi ki, bir qızcığaz yaxınlaşdı, görünür, dilənirdi:

- Acam, əmi – dedi, çörək pulu, Allah xətrinə..

- Biz yaponlardan çox da fərqlənmirik, ikimiz də dünyaya dar bucaqdan baxırıq və dənizdə nə tapdıq onu da yeyirik.
Qız onu anlamadı, tərs-tərs baxdı, Moşe:

- Amma onlar dar bucaqdan geniş üfüqlərə baxırlar, açar deşiklərindən cənnətləri pusanlar kimi, biz isə… Həm də bizim dənizə ancaq kanalizasiya suları axır – əlavə etdi və bərkdən güldü.

Qızcığaz əl çəkmədi:

-Şəkil çəkirsən, əmi? Olar baxım? Olar baxım? – balaca burnunu qara dəftərə yaxınlaşdıranda Moşe ayağa qalxdı.

- O ağacı görürsən? Bax, bax… O ağacı deyirəm. Bax, o ağac mənəm. Üstündəki son yarpaq düşəndə mən öləcəm. Görürsən o yarpağı? – əli ilə işarə etdi.

- Yox, o ağacın yaprağı yoxdur… – balaca qızcığac Moşenin göstərdiyi və çoxdan qurumuş ağaca baxıb yeni bir şey kəşf etmiş kimi xoş həyacanla qışqırdı.



Külək ona qalib gəlmişdi, skamyanın üstündəki qara dəftərinin səhifələrində isə hərflər üşüyürdü. Külək əsib, onları aparmağa çalışsa da hərflər dəftərin xəttlərindən vaxtında yapışmağı bacarmışdılar. Amma üşüyürdülər, dəftərindəki yarpaqlara həsr etdiyi şeiri üşüyürdü, küləklə birlikdə onlar da əsirdi..

Y əsirdi,
A əsirdi,
R əsirdi,
P əsirdi,
A əsirdi,
Q əsirdi küləklə birgə…


Geri dön

.♣.Chrysalis.♣.

  • 9 yanvar 2012 00:35
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
MARAQLI IDI TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Grace_Angel

  • 23 aprel 2011 15:55
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem dosi...gozel ve maraqli yazi ucun...ALLAH RAZI OLSUN!!!

--------------------

Ulya

  • 18 oktyabr 2010 23:21
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol gozel yaziya gore

Azeri_Gozeli

  • 18 oktyabr 2010 15:35
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 60
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}