Bakı. Vuqar Hüseynov-ATV Press. Bakının Nizami rayonundakı “8-ci kilometr bazarı”nda yanğın başlayıb. ATV Press-in hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın bazarın 1000 kvadratmetrə yaxın hissəsini əhatə edib. Yanğın aradabir partlayışla müşahidə olunur. Yanğın bazarın tekstil və tikinti materialları satılan hissəsini əhatə edib. Bazardakı dükanların sahibləri mallarını çıxartmağa cəhd edirlər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri gəlib. Nizami rayon Polis İdarəsindən ATV Press-ə verilən məlumata görə, ilkin araşdırmaya görə, hadisəyə bazarın tikinti materialları satılan hissəsindəki dükanlardan birində elektrik naqilində baş vermiş qısaqapanma səbəb olub. Hadisə ilə bağlı polisə və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna bazarın təhlükəsizlik xidmətindən məlumat daxil olub. Polisin ilkin araşdırmasına görə, hadisə nəticəsində 1000 kvadrat metrdən çox ərazi yanıb. Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub, onlar yanğının qarşısını almağa çalışırlar.
Saat 23.50 radələrində isə yanğın söndürülüb. Bundan sonra bazarda ticarət obyektləri olan şəxslərə əraziyə daxil olmağa icazə verilib. ATV Press-in hadisə yerindəki əməkdaşının məlumatına görə, bazarda 50-yədək mağaza yanıb, bazarın tikinti malları satılan ərazisindəki bütün obyektlərə böyük məbləğdə ziyan dəyib.