Namaz və bəhanələr

 
Namaz və bəhanələr

Bismilləhir Rahmənir Rahim

Son zamanlar gənclər arasında İslam qayda-qanunlarının tanınması, onlara əməl edilməsi və onlara tabeçilik, xüsusən də vacib rüknlərdən hesab edilən namaz barədə müxtəlif fikirlər vardır. Bəziləri bu yolun vacibatını başa düşdüyü halda digər bəziləri “Allah özü istəyəndə namaz qılacam, qılmıramsa demək hələ Allahın hidayəti yoxdur”; “Əsas ürəyin təmiz olsun, namaz qılmasan da olar”; “Hələ cavanam, Peyğəmbərin özunə də 40 yaşında verilib Peyğəmbərlik, o yaşa çatım, namaz qılaram”; “Əhd eləmişəm, filan işim düzəlsə, namaz qılacağam”; “Vaxtım yoxdur”; “O qədər namaz qılan insanlar var ki, yüz hoqqadan çıxır, ondansa namaz qılmaram, amma əməllərim yaxşı olar”; “Allaha naxoş getməsin, amma namaz mənlik deyil, hiss edirəm ki, bacarmaram, ya da ki, qılıb yarıda saxlayaram birdən”; “Allah hər şeydən xəbərdardır və olacaq hər bir şeyi bilir, elə deyilmi? Demək ki, mənim hələ namaza gəlməyimi vacib bilmir, lazım olanda gələcəm” və s. kimi yanlış fikirlər deyirlər. Bununla da bəziləri bilərəkdən, bəziləri isə İslamı tam dərk etmədiyindən bəhanələr yaradırlar. Ən acınacaqlı hal da budur ki, yuxarıda qeyd olunan bəhanələrə cavab tapa bilməyən insanlar da olur ki, bu tipli cavablar eşidəndə özündə arxayınılıq yaratmış olur. Beləliklə də, bu fikri deyən insanlar nəinki özləri yanlış iş görür, eləcə də İslamı digər anlayışı az olanlar arasında da olmadığı kimi tanıdır, İslamı gözdən salır.
Allahın izni ilə yuxarıda qeyd olunan bəhanələrə Qurani-Kərim və bəzi hədislərdən cavablar gətiririk.

İlk cavab verəcəyimiz bölüm namaz və ona edilən bəhanələrdir. İlk öncə namazın Allah kəlamı olan Quranda vacib buyrulduğunu qeyd edir və bir neçə ayə nəzərinizə çatdırırıq:
•Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur). (Əl-Bəqərə, 153);
• İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməz lər! (Əl-Bəqərə, 277);
• Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik! (Əl-Əraf, 170)


Qeyd olunan ayələrdə namazın insana necə də xeyirli olduğu göstərilmişdir. Təəssüf ki, hətta bu ayələri qəbul etməyib “Namazın xeyri var, axirətdə mükafatı var, mən danmıram ki, bunu, amma axı vacibliyi nə dərəcədədir ki?” deməkləri az deyil, hələ namazı “ürək təmizliyi” ilə əvəz edən insanlara cavab olaraq sırf namazın vacibliyini göstərən Quran ayələri də qeyd edirik:
• Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur. (Əl-İsra, 78)
• Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir. (Ən-Nisa, 103)


Özünü müsəlman hesab edən heç bir kəs Qurana inanmadığını və ya Quranın bəzi ayələrini təsdiq edib digərlərini düz hesab etmədiyini deyə bilməz, bu yekdilliklə qəbul edilən bir fikirdir. Və əgər belə bir insan olarsa, onun özünü müsəlman adlandırmağa təbii ki, ixtiyarı yoxdur. Elə isə müsəlman üçün döğru yol göstərən və sırf Allah kəlamı olan Qurana niyə əməl edilməsin ki?!

Ümumiyyətlə, İslam bizə əsasən 2 yolla gəlib çatır: Qurani-Kərim və Peyğəmbər (s.ə.ə.s.) və o Həzrətin pak Əhli-Beytindən (ə.) (Əhli-Beyt - yəni Peyğəmbərin (s.ə.ə.s.) ailəsi: Özü, qızı Fatimeyi-Zəhra xanım (s.ə.) və əmisi oğlu (eləcə də qızı Fatimeyi-Zəhranın (s.ə.) həyat yoldaşı) İmam Əmir-əl-Möminin Əli (ə.) və Peyğəmbərin (s.ə.ə.s.) adı çəkilən qızından davam edən 11 İmam nəzərdə tutulur), eləcə də o Həzrətin yolunu davam etdirən bəzi seçilmiş səhabələrdən gələn hədislər vasitəsilə. Qurandan bəzi ayələr qeyd etdik, amma bunlar namaz barədə gələn bütün ayələr deyildir, Allahın izni ilə sadəcə bir neçəsi ilə kifayətlənib namaz barəsində bir neçə hədis qeyd edirik:

• Peyğəmbər (s.ə.ə.s.) buyurur: “Bir mələk hər namaz vaxtı nida edib deyər: ”Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu) namaz vaistəsi ilə söndürün.””
• İmam Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi, heç vaxt başını səcdədən qaldırmazdı.”
• İmam Baqir (ə.) buyurur: “Qiyamətin günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllərə də baxılacaqdır, əks halda sair əməllər ona fayda verməyəcəkdir.”
• İmam Sadiq (ə.) buyurur: “Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz.”
Təbii ki, namazın vacibatı ilə bağlı olan hədislərin sayı da az deyildir. Yenə də az bir qism hədis qeyd etməklə (Yaxşı bir misal vardır ki, “Arifə bir işarə də kifayətdir”, hədis sayı az olsa da, ibrət götürmək istəyən fərd üçün kifayət qədər tutarlı dəlillərdir) kifayətlənir və edilən bəhanələrə cavablara keçirik.


İlk olaraq “Allah özü istəyəndə namaz qılacam, qılmıramsa demək hələ Allahın hidayəti yoxdur”; “Allah hər şeydən xəbərdardır və olacaq hər bir şeyi bilir, elə deyilmi? Demək ki, mənim hələ namaza gəlməyimi vacib bilmir, lazım olanda gələcəm” kimi bəhanələrə cavab bildirək. Ümumiyyətlə, Adəm övladı başa düşməlidir ki, Allah-Təala insanı yaradanda ona ağıl, şüur və düşünmə qabiliyyəti verib. Allah istəyən həyat yaşam tərzində həqiqət ondan ibarətdir ki, hər şeyi Allah öz üzərinə götürmür, insana da seçim verir ki, öz yolunu seçsin. Çünki, əgər hər şeyin sırf Allahdan asılı olduğunu düşünsək, onda Quranda göstərilən və insanlara bu dünyada edəcəyi əməllərə görə təklif edilən Cənnət və Cəhənnəmi yaratmaqda Allahın işini mənasız adlandırmış oluruq. Əgər hər şey Allahın əli ilə olsaydı, onda belə çıxardı ki, Allah-Təala özü bilə-bilə bəndəsinə əziyyət verir, onu cəhənnəmə yollamaq istəyir. Aydın məsələdir ki, bu belə deyil və bu fikri irəli sürmək Allah-Təalaya açıq-aşkar böhatndan başqa bir iş deyildir:
• Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz. (Ali-İmran, 108)
• Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər! (Ən-Nisa, 40)
İnsan özü-özünə zülm edir və bu da Qurani-Kərimdə vurğulanmışdır:
• Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus, 44)
Lakin hər bir yaradıcı öz yaratdığı istənilən bir əsəri sevdiyi kimi, Allah-Təala da öz bəndəsini (İnsan Allah-Təalanın yaratdığı şah əsəridir) beləcə sevir və onu Cənnətdə görmək istəyir. Öz Rəhim və Rəhman olduğunu da açıq-aşkar bəyan edir, hətta zülmkarlıq (özünə zülm etdikdən sonra) olsa belə:
• Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. (Ən-Nisa 110)
• İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz! (Ali-İmran, 57)

Təəssüf ki, Allahın insana etdiyi rəhmətdən, verdiyi seçimdən düzgün yararlana bilməyən bəndə səhv yolu seçir, sonra da hər şeyi Allah hidayətinin üstünə atır ki, “Hələ Allah istəmir, hidayət eləyəndə namaz qılacam.” Allahın hidayəti insan üzərinə artıq o vaxt yetişmişdir ki, O bizə anlamaq, başa düşmək kimi nemət vermiş, sonra Quranı bizlərə göndərmiş və Haqq yolunda olmağın qaydalarını izah etmişdir. Bundan daha sonra hansı hidayətdən danışmaq olar əgər insan özü naqislik edirsə?!

Necə də qəribə və gülünc ideyadır: “Əsas ürəyin təmiz olsun, namaz qılmasan da olar”. Əgər ürəyin təmiz olmasıyla işlər düzəlsəydi, Allah Qurani-Kərimdə namazı deyil, məhz ürək təmizliyini vacib buyurardı. Yuxarıda qeyd etdiyimiz ayələrdən də başa düşmək olar ki, namaz müstəhəb (müstəhəb – yəni edilməsi vacib olmayan, amma bəyənilən bir iş) deyil, vacib hesab edilmişdir və bu bir Allah hökmüdür. Allah hökmü isə müsəlman üçün aksiomdur və onu isbat etməyə ehtiyac da yoxdur. Əlavə olaraq, hamımız yekdilliklə qəbul edirik ki, Peyğəmbər (s.ə.ə.s.) ən ideal bir şəxs olub. Onun ürəyindən təmiz ürək ola bilməz. Onun kimi heç kəs pak ola bilməz. Çünki, Allah hökmlərini də öz ümmətinə, müsəlmanlara çatdıran o Həzrət olmuşdur. Bütün bu hallarla Peyğəmbər (s.ə.ə.s.) namazı vacib hesab etdikdən sonra kimsə ondan biliklimi çıxıb ki, ürək təmizliyi ilə özünə bəraət qazandırsın?! Hansı tarixi faktlar vardır ki, Peyğəmbər (s.ə.ə.s.) ürək təmizliyini kifayət hesab etsin? İslam gələndən bəri belə bir hal olmamışdır və olması da mümkün deyildir. İslamda Qurana zidd olan bir hal ola bilməz!

Daha bir qəribə ideya: “Hələ cavanam, Peyğəmbərin özunə də 40 yaşında verilib Peyğəmbərlik, o yaşa çatım, namaz qılaram”. Birincisi, o Peyğəmbər (s.ə.ə.s.) olmuşdur ki, ona peyğəmbərliyin verilməsi 40 yaşında olmuşdur, bunu bəhanə edən insan isə peyğəmbər deyildir. İkincisi, bu Allahın hikmətidir ki, peyğəmbərliyi nə vaxt vermişdir Peyğəmbərə (s.ə.ə.s.), bəhanə gətirən insan isə o Peyğəmbərin (s.ə.ə.s.) davamçısıdır, odur ki, vacib olana da əməl etmək gərəkdir, nəinki yaş bəhanəsi gətirmək. Ya bəlkə, Allahdan nə isə xüsusi dəvət gələcəyini güman edir?! Beləcə, özlərinə “hələ cavanam” demələri ilə bəhanə gətirən şəxslərə üzümüzü tutub deyirik ki, heç kəs nə qədər yaşayacağına zəmanət verə bilməz. Baxaq, adicə elə bu məqaləni oxuyub qurtarana qədər kim öz həyatinın təhlükəsizliyinə zəmanət verə bilər? Əlbəttə ki, heç kəs. Yoxsa, bəlkə Allahla əqdiniz vardır?! Necə ki,
• İmam Əmir-əl-Möminin Əli (ə.) buyurur ki: “(Tövbə) və yaxşı əməlləri tə`xirə salanlar çox olub ki, qəflətən əcəl onları haqlayıb.”
Unutmaq olmaz ki, Qiyamətin sorğu-sualında ön yerləri tutan məsələlərdən biri də insana verilən vaxtın (xüsusən də gənclik dövrlərindən söhbət gedir) hansı yöndə istifadə edilməsi ilə bağlı olacaqdır ki, bu da hədislərdə sübuta yetirilmişdir. Vaxtınızın qiymətli olduğunu dərk edin!
“Əhd eləmişəm, filan işim düzəlsə, namaz qılacağam” deyən insanlar başa düşməlidirlər ki, bəndənin Allah-Təala ilə münasibətlərində biri neməti bəxş edən, digəri isə bu nemətdən yararlanıb şükr edəndir (təbii ki, əgər edirsə!). Sonsuz və bitməyən nemətləri ilə insanları rəhmət yoluna dəvət edən Allahdırsa, hansı səbəbə nuşcanlıqla bu nemətləri (Nemət dedikdə təkcə yeyib-içdiklərimiz deyil, həm də sahibi olduğumuz bədən üzvlərimiz də başa düşülür. Görmək, eşitmək, duymaq, toxunmaq və s. kimi nemətlərdən kim imtina edər ki?!) qəbul edən bəndə əslində Allahın heç bir ehtiyacı olmadığı və insanın yalnız öz xeyri üçün etməsini Allahın vacib buyurduğu şükrü (şükr dildə deyil, həm də ibadətdə və əməldədir – yəni, namaz, oruc, xüms, zəkat və s.) yerinə yetirmir? Hansı səbəbə bəndə bu nemətdən istifadə etməyi bacarır, amma lazımınca şükr etmək gərəyində Allaha qarşı şərt qoyur?! Necə yəni “filan işim düzəlsin”?! Məgər indiyədək sənin bütün işlərini müvəffəq edən Allah olmayıbmı? Allah-Təala buyurur:
• Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır! (Əl-Ənam, 18)
Ayə açıq-aşkar göstərir ki, Allah öz qullarının hər bir işindən xəbərdardır və demək ki, işimizi müvəffəq edən də Allahdır! İndi bütün bu hallarla düşünək: əgər neməti bəxş edən Allahdırsa və bizlər də neməti qəbul edib şükr etmək (hətta bü şükr də özümüz üçün, Allahın buna ehtiyacı yoxdur!) əvəzinə Allaha buna görə şərt qoyuruqsa, bu hansı məntiqə sığır?!


“Vaxtım yoxdur” deyən insanların bəhanəsinə isə acı gülüşdən başqa bir şey vermək olmur. Vaxt azlığından bəhanə edənlər başa düşməlidilər ki, bu həqiqətən də bəhanədir. Gündəlik 3-5 vaxt namaz toplam 30 dəqiqə etmir. İndi necə olur ki, saatlarla kinoya, seriala, futbola baxıb musiqiyə qulaq asırıq, kitab oxuyuruq, əylənirik, gəzirik, amma 30 dəqiqə Allaha vaxt ayıra bilmirik?! Halbuki, bu 24 saatı da, bu 24 saatdan istifadə edib gündəlik həyatımızı səhmana salmağı da bizə bizə bəxş edən Allahdır. İnsanın naqisliyi o dərəcəyə çatır ki, hədiyyə olan 24 saatdan belə 30 dəq. hədiyyə sahibinə ayırmır, halbuki bu hədiyyə Sahibinin razılığına səbəb olur, bu isə bəndənin həm dünyasına və həm də axirətinə daha çox hədiyyə gətirir. Bir hədisi vurğulamaq yerinə düşər:
• İmam Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Əsla ibadətdən qalmayın, fürsət çox azdır...”
“O qədər namaz qılan insanlar var ki, yüz hoqqadan çıxır, ondansa namaz qılmaram, amma əməllərim yaxşı olar” deyən insan ilk növbədə namaz əhlini təhqir etmiş olur. Düzdür, bu fikirdən dərhal sonra “hamıya aid etmirəm” deyə fikrin davamı da gətirilir, amma... Amma bu insan başa düşmür ki, bir insanı tanımadan, onun əxlaqına bələd olmadan ilk görünüşdə ona qəribə gələn hər hansı bir məsələyə görə insanı özü-özlüyündə mühakimə etmək bir yana, hələ bir müzakirəyə də çıxarmaq müsəlmana yaraşmaz! Məsələn, “filankəs namaz əhlidir, amma bir cəmiyyət içərisinə çıxmaq tərzinə bax! Bu nə saçdır, qız kimi saçlarını ortadan ayırıb, belə də modabazlıq olar?!” deyən insanlara az rast gəlməmişik. Hələ azmış kimi, o insanları “şampunçik” də adlandırırlar. Belə deyən insanın demək ki, İslamdan anlayışı azdır, amma başqasını “pis” bilir. İslam Peyğəmbəri (s.ə.ə.s.) Özü saçlarını ortadan ayıırardı və bunu baş dərisinin hava ilə qidalanması üçün vacib hesab edərdi. Budurmu “hoqqabazlıq”?! Əlbəttə ki, danılmaz haldır ki, İslam adından istifadə edib İslama yaraşmayan hərəkətlər edən insanlar da mövcuddur və cəmiyyətdə İslamı bəzən bilərəkdən, bəzən də bilməyərəkdən olmadığı kimi göstərirlər. Amma yenə də bu da bəhanəyə yer qoymur. Çünki, əgər o İslamda olaraq pis əməl sahibidirsə, sən yaxşı əməl sahibi ol. Axı nə üçün namaz vacibatının vurğulandığı zaman İslamda olan bəzi nadanların pis əməlləri misal çəkilir? Amma heç yaxşı əməl dilə gətirilmir! Nə üçün “şampunçik” misalını çəkən adam “filankəs namaz əhlidir, qazancı da halal. İşlədi, halal qazancla da Allahın vacib buyurduğu Həccə də getdi. Allah mənə də qismət etsin inşallah!” – deyə düşünmür? Necə deyərlər, “O pisdirsə, sən yaxş ol!” Yaxşı bir misal var ki: “Filankəs özünü dağdan atacaq, sən də atacaqsan?!” Namazı təkəbbürünə sığışdırmayan o qədər insanlar var ki... O insanların gülüşündən, “filankəs molla olub, namaz qılır” deməyindən narahat olub (onu deyən insan heç özü bəlkə də bilmir ki, molla nə deməkdir, elə ordan-burdan eşitdiyindən deyir, özünü ağıllı bilir) namaz qılmayan insanlar da var ki, Allah-Təala Qurani-Kərimdə o lağ edənlər haqqında belə buyurur:
• Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! (Ğafir, 60)
Və bir də ki, necə olur ki, o insanın kinayəsindən utanırsan, amma o insanı da, səni də yaradan Allahın dediklərinin üstündən xətt çəkirsən?! Bu hansı düşüncə tərzinə aiddir ki?!
“Allaha naxoş getməsin, amma namaz mənlik deyil, hiss edirəm ki, bacarmaram, ya da ki, qılıb yarıda saxlayaram birdən”. Bu, çox puç bir ideyadır. Bu fikrin kökündə Allah-Təalaya açıq-aşkar şər atılır. Çünki, Allah-Təala Qurani-Kərimdə buyurur:
• İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! (Əl-Əraf, 42)
Ayədə bəlli surətdə insana yalnız bacaracağı tapşırıldığı göstərilmişdir. Odur ki, bu bəhanənin cavabı təkcə bu ayə ilə tam cavablandırıla bilər. (Qəbul etmək istəməyən şəxslə isə daha bu barədə mübahisə və ya müzakirə aparmağına dəyməz!) O ki, qaldı namazı qılıb yarıda saxlamaq qorxusuna, bu da təbii haldır ki, şeytan insanın qəlbinə qorxu salıb insanı Allah zikrindən uzaqlaşdırmaq istəyir. Allah-Təala Qurani-Kərimdə belə buyurur:
• Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Şeytan) onlara (müşriklərə) vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir. Onların (Şeytana uyanların) yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar. (Ən-Nisa, 118,119,120,121)

Namaza edilən bəhanələr təəssüf ki, bunlarla bitmir. Allaha ibadətdən yayınmağa cəhd edən insan çox qəribədir ki, axirətini düşünmür də heç. Amma unutmayın ki, son dönüş də məhz Onadır. Məhz Odur əməllərimizə görə bizi əbədi nura və ya zülmətə salacaq Varlıq. Qəzəbi böyük və dəhşətli olan Allahın rəhməti qəzəbindən daha genişdir:
• Hamınızın (axır) dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. (Hamınız Onun hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli bir əzab gözləyir! (Yunus, 4)

Allah-Təala bizləri Özü istəyən kimi ona ibadət edib Onu həqiqi simada tanıyan bəndələrindən qərar versin inşəAllah!


Geri dön

enigmatic_girl

  • 5 may 2012 22:27
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
Allah razi olsun

--------------------

★Miss Love★

  • 1 may 2012 17:44
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Sitat: C.I
Allah razi olsun xeberde olan yazilar cox olsada yenede men oxudum tsk edirem xebere gore Allah razi olsun.................

enigmatic_girl

  • 29 aprel 2012 11:55
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
tesekkurler

--------------------

C.I

  • 28 aprel 2012 13:51
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
Allah razi olsun xeberde olan yazilar cox olsada yenede men oxudum tsk edirem xebere gore Allah razi olsun.................

--------------------

Nuray2012

  • 28 aprel 2012 00:16
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰Dгeaм✰

  • 27 aprel 2012 20:41
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Cox uzun idi,amma yene de Allah razi olsun.

ELIF

  • 27 aprel 2012 20:09
  • Məqalə: 0
  • Şərh: 340
  • Bal:
{awards}
ELLERINIZ DERD CEKMESIN

--------------------
Alemlerin rebbi uca Allaha sonsuz sukurler olsun

Priya

  • 27 aprel 2012 19:45
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Məqalə üçün təşəkkürlər.

Amma, qeyd etməliyəm ki, hz.Əli (ə.) hz. Fatimeyi-Zəhra xanımın əmisi oğlu deyil.Hz.Əli (ə.) peyğəmbərimizin hz. Muhammədin (s.ə.s) əmisi oğludu

.Ümumiyyətlə dinimizdə əmioğlu və əmiqızının ailə qurmağı qadağan və haramdır.

--------------------




LoVe_LiFe

  • 27 aprel 2012 19:39
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUNN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 61
Cəmi: 88

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 674
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 5
 
 
{slinks}