Hekayə

 
Hekayə

Elm ağılın çırağıdır. Elmin gücü, Yıxar bürcü.



Keçmiş zamanlarda Hələb padşahının Gül və Nəstərən adında iki oğlu var idi. Padşah bu uşaqları oxudurdu. Günlərin bir günü anaları xəstələnib, canını tapşırdı oğlanlarına. Gül ilə Nəstərən analarını gözlərinin yaşını tökə-tökə dəfn elədilər. Qırx gün oxumağa getmədilər, qara geyib yas saxladılar. Qırx gün tamam olanda qardaşlar söz bir yerə qoydular ki, atalarını evləndirsinlər. Axşam oldu axşamınız xeyir, padşah evə gələndə Gül dedi:
- Ata, izn ver səni evləndirək.
Padşah dedi:
- Misir padşahının qızını ala bilsəniz evlənərəm.
Gül dedi:
- Ala bilərik.
Sabahı Gül ilə Nəstərən güclü qoşunla Misir ölkəsinə getdilər. Axşam padşahın qızına elçiliyə getdilər. Hələb padşahı zor şah idi. Hamı şahlar onu sayırdılar. Odur ki, Misir padşahı qızını razılıqla Hələb padşahına ərə verdi. Gül ilə Nəstərən toy-nağara ilə qızı Hələbə gətirdilər. Qız elə bildi ki, onu Gülə toy edirlər. Çox şad idi. Axşam oldu, padşah qızın yanına getdi. Qız onu görəndə diksindi. Bir də gördü onun yanına bir saqqallı kişi gəldi. Qız onu tanımaq da istəmədi, dedi:
- Sən kimsən, məni alan oğlan bu saat gələcək.
Oğlanlar böyük ənam, xonçaynan qızın yanına gəldilər. Qız Gülü yaxaladı. Gül göz vurdu, atası ilə Nəstərən getdi, tək qaldı qız, bir də Gül.
Qız Gülə dedi:
- Bu nə kələkdi mənim başıma gətiribsiz? Məgər məni sən özünə almamısan?
Gül dedi:
- Xeyr, xanım, səni atama almışam. Sən mənim anam hesab edilirsən.
Qız dedi:
- Xeyr, mən sənə ərə gəlmişəm, səni sevirəm. Gərək mənlə baş bir yasdığa qoyasan.
Qız oğlanı qucaqlamaq istəyəndə Gül ona bir şapalaq vurdu. Qız qışqırdı. Padşah, Nəstərən, vəzir və başqaları tökülüb evə doldular. Qız ağlaya-ağlaya dedi:
- Gül məni zorlayırdı!
Padşah çox sözəbaxan, hər sözə inanan adamdı. O saat hökm elədi, oğlanlarının ikisini də başqa ölkəyə sürgün elədilər.
Bunlar gəzə-gəzə gedib bir meşəyə çıxdılar. Nəstərən yatdı, Gül qarovul çəkirdi. Gördü iki quş ağacın başına qondu. Quşun biri dedi:
- Bacılı, bu oğlanları tanıyırsanmı? Bunlar Hələb padşahının oğlanlarıdır. Qəza üz döndərdi, anaları öldü. Oğlanları atalarına Misir padşahının qızını aldılar. Qız elə bildi, onu padşaha yox, oğlu Gülə almışlar. Baş bir yasdığa qoymağı Güldən tələb elədi. Gül ona bir şillə vurdu. Qız qışqırıb dedi:
- Gül məni zorlamaq istəyirdi.
Padşah onun sözünə inandı, oğlanlarının ikisini də sürgün elədi.
Bacısı dedi:
- Ay bacı, kim mənim ürəyimi yesə padşah olar, başımı yeyənin başının altında hər gecə bir kisə qızıl olar.
Gül bunu eşidən kimi quşu oxla vurdu. Ürəyini özü yedi, başını qardaşına saxladı. Bu zaman göydən bir əl uzandı, Nəstərəni götürüb apardı. Nəstərəni aparan div qızı idi. Demə o, Nəstərəni görüb aşiq olubmuş. Div qızı Nəstərənə dedi:
- Oğlan, sənə aşiqəm, gərək məni alasan.
Oğlan ona cavab verdi:
- Ala bilmərəm...
O biri tərəfdən Gül qardaşını tapa bilmədi, ağlaya ağlaya gedib bir ölkəyə çıxdı. Baxdı adamlar yüyürürlər. Birindən soruşdu:
- Bəs bu adamlar hara gedirlər?
Ona cavab verdilər.
- Padşahımız ölüb. Dövlət quşu uçurdacaqlar. Quş kimin başına qonsa, onu padşah qoyacaqlar.
Gül də adam toplanan yerə getdi. Dövlət quşu uçurdular. Quş göydə fırlandı, sonra Gülün başına qondu. Camaat onu özlərinə padşah qoydular. Gül çox ədalətli, işbilən, ağıllı padşah oldu...
O biri tərəfdən Nəstərən bir il div qızının yanında qaldı. Bir gün gözlədi, div qızı yuxuya gedəndə onun ürəyinin başından bir qılınc vurub onu öldürdü. Elə həmin gün ordan yola düşdü. On iki gün yol gedəndən sonra bir şəhərə çatdı, onu şəhərə buraxmadılar, dedilər.
- Gül padşahdan icazə yoxdu.
Nəstərən gördü şəhərin dörd tərəfi xarabadı, soruşdu:
- Niyə buralar xaraba olub?
Dedilər:
- Bir əjdaha peyda olub. Şəhərin ətrafında yaşayan əhalini, yerləri xarabalığa çevirib. Onun üçün şəhərin qalan yerinə hasar çəkmişik. Nəstərən əjdahanın yerini bu adamdan salıq aldı. Düz ora getdi.
Əjdaha ağzını açıb, onu kama çəkmək istəyəndə Nəstərən ona bir qılınc vurub öldürdü. Qələban bunu gördü, daldan Nəstərənin başına bir qılınc vurub yerə sərdi. Bir neçə yerdən doğrayıb bir çapıta sarıdı. Qələban düz padşahın yanına gedib dedi:
- Bəs əjdahanı öldürüb, camaatın canını onun bəlasından qurtardım.
Padşah ona çoxlu ənam verdi. Qələban, ənamı götürüb evinə gəlməkdə olsun, odunçu Əhməd oduna gedirdi. Gördü çapıt arasında bir şey büküblər. Açıb gördü bir gözəl oğlandı, doğrayıblar. Odunçu Əhməd baxıb gördü, oğlan ölməyib, canı var, ürəyi döyünür, vəzmi vurur. Nəstərəni dalına alıb evinə apardı. Qırx tümən pul verib, Nəstərəni sağaltdırdı. Odunçu Əhməd o qədər borc eləmişdi ki, altından çıxa bilmirdi. Bunu Nəstərən bilib dedi:
- Əmi, hər gecə mən tezdən duranda yasdığımın altında bir kisə qızıl olacaq, götürərsən.
Odunçu Əhməd çox şad oldu, onun yasdığının altından hər gün bir kisə qızıl götürdü. Kasıblıq daşını atdı. Borc altından çıxdı, yaxşı evlər tikdirdi. Günlərin bir günü oğlan səyahətə çıxmışdı, Qələban onu görüb tutdurdu. Zindanbanın yanına aparıb dedi:
- Padşah deyir bunu zindana salsın, sonra işinə baxacam. Nəstərəni zindana saldılar, Odunçu Əhməd çox axtardı, soraq saldı, oğlanı tapa bilmədi. Bu münvalla Nəstərən bir il zindanda əzab çəkdi. Bir gün bir tacir zindanbanın yanına gedib dedi:
- Dəryada bir nəhəng balıq gəminin qabağını kəsib, qoymur gedək. Bir sahibi olmayan çox cəzalı dustaq varsa, ver aparım nəhəngin ağzına atım, götürüb getsin, gəmiyə yol açılsın.
Qələban da burda idi. O zindanbanı öyrətdi. Zindanban tacirə Nəstərəni verdi. Tacir Nəstərəni götürüb getdi. Nəstərəni naqqanın ağzına atanda o dedi:
- Tacir, mənə bir qılınc verin, belimə də bir ip bağlayın, əgər naqqanı öldürə bilsəm, çəkərsiniz gəmiyə.
Tacir razı qaldı. Ona bir saz qılınc verdi, belinə də bir ip bağlayıb dəryaya salladı. Nəstərən naqqanı parça-parça eləyib öldürdü. Qan dəryanı qırmızı elədi. Onu dəryadan kənara çəkdilər. Tacir Nəstərəni oğulluğa götürdü. Gəmi yola düşdü, gedib bir ölkəyə çıxdı. Tacir çox karlı adam idi. Onu hər yerdə tanıyırdılar. Tacir bu ölkənin padşahına ənam apardı. Padşah ondan çox razı qalıb onunla oğlunu qonaq çağırdı. Tacirlə Nəstərən padşaha qonaq getdilər. Nəstərəni ziyafətdə padşah qızı görüb aşiq oldu. Tacir elçi getdi, padşah qızını Nəstərənə verdi. Qırx gün, qırx gecə toy elədilər. Şah qızını Nəstərənə verdilər. Tacir şah qızına baxanda ağlı başından çıxdı. Qız o qədər gözəl idi ki, aya deyirdi sən çıxma, mən çıxacam, günə deyirdi sən çıxma, mən çıxacam. Tacir şah qızını görüb aşiq oldu. Bu fikrə gəldi ki, Nəstərəni dəryaya salsın, qız ona qalsın. Qız bunu hiss eləyib Nəstərənə dedi:
- Səni tacir öldürəcək. Əgər səni dəryaya atmaq istəsələr, tacirə de səni bir sandığın içinə qoyub dəryaya atsınlar.
Tacir şeyləri gəmiyə yığıb yola düşdü. Dəryanın lap ortasında Nəstərəni dəryaya salmaq istədi. Nəstərən ona yalvarıb dedi:
- Ey tacir, rəhm elə, dəryaya atma. Əgər atmaq istəsən, bir sandığın içinə qoy at. Qoy naqqalar parçalayıb yesinlər, boğulub ölməyim.
Tacir fikirləşdi: "Bu böyük dəryanın içindən o hara çıxacaq, naqqalar sandığı parçalayıb onu yeyəcəklər". Onun sözünə razı oldu, bir qutu gətirtdi, Nəstərəni qutuya qoydu. Qız gözlərinin yaşını tökə-tökə qutunun ağzını müşəmmələdi. Tacir onu dəryaya atdı, ləpələr onu götürüb gözdən itdilər. Ləpələr onu gətirib Gül padşahın ölkəsinə çıxartdılar. Bağban qutunu gördü, özünü dəryaya atıb qutunu kənara çıxartdı. Ağzını açıb gördü bir gözəl oğlandı. Bağban Nəstərəni evinə aparıb oğulluğa götürdü. Nəstərən bağbanın evində yaşamaqda olsun, tacir gəlib çıxdı, qız onu qətiyyən səmtinə qoymadı, dedi:
- Əgər mənə səmt gəlsən, özümü öldürəcəyəm. Mənim sevgilim var, sən mənim atamsan.
Tacir baxdı ki, bu qıza səmt gedə bilməyəcək, getsə də biyabır olacaq. O idi ki, tacir qızı aparıb Gül padşaha verdi. Gül qızı görən kimi ona aşiq oldu, tacirə çox ənam verdi.
Qız padşaha dedi:
- Şah sağ olsun, mənə dörd ay on gün möhlət ver, mənə səmt gəlmə. Ərim təzə ölüb.
Gül şah ona möhlət verdi. Qızın Gülə bağışlanmasını, qıza dörd ay on gün möhlət verilməsini Nəstərən eşitdi. Bir gün bağban padşahın hərəmləri üçün gül dərirdi. Nəstərən ondan soruşdu:
- Ata, bu gülü kimə dərirsən?
Bağban dedi:
- Oğul, padşahın hərəmlərinə.
Nəstərən bir dəstə çöl gülü dərib, bağbana verdi, dedi:
- Ata, bu gülü padşahın təzə hərəminə verərsən.
Bağban dedi:
- Oğul, çöl gülü yaxşı deyil.
Oğlan dedi:
- Ata, deyərsən, Nəstərən gülüdü.
Bağban bir söz demədi, gülü ondan aldı. Bağban gülləri aparıb qızlara payladı. Təzə qıza da çöl gülü verdi. Qız dedi:
- Mənə niyə çöl gülü verirsən?
Bağban dedi:
- Sənin gülün güllərin hamısından yaxşıdı.
Qız dedi:
- Yox, mən qəribəm, onunçün mənə belə gül verirsən.
Bağban dedi:
Bu gülə Nəstərən gülü deyərlər. Bunu mənim oğlum Nəstərən dərib.
Qız mətləbi başa düşdü. Bildi ki, Nəstərən bağbanın evindədi, dedi:
- Bu gülü dərən oğlanı mənim yanıma göndərərsən.
Bağban dedi:
- Baş üstə.
Bağban qayıdıb əhvalatı Nəstərənə danışdı, dedi:
- Təzə qız səni görmək istəyir, nə deyirsən?
Nəstərən dedi:
- Ata, bil və agah ol, o qız mənim arvadımdır. Mənə bir dəst qız paltarı geyindir, apar məni ona kəniz ver.
Bağban şad oldu, ona bir dəst qız paltarı geyindirdi, təzə qızın yanına aparıb dedi:
- Xanımların hamısının kənizi var, sənin yoxdu. Bunu da sənə kəniz gətirmişəm.
Qız razı olub, Nəstərəni öz yanında saxladı. Qızların hamısı dağılıb gedəndən sonra, Nəstərən üzünü açdı. İki aşiq-məşuq bir-birinin boynuna sarmaşıq kimi sarıldılar.
Nəstərən qıza dedi:
- Mənim əzizim, padşah mənim qardaşımdı. Sən dur onun yanına get, de ki, bir sualım var, ona cavab versən, nə desən razı olaram. De görüm Gül Nəstərənə neylədi?
Qız durub Gül padşahın yanına getdi. Gül padşah dedi:
- İndi razısanmı?
Qız dedi:
- Bir sualım var, əgər ona cavab versən, hər nə desən razı olaram.
Gül padşah dedi:
- Sualını de.
Qız dedi:
- Şah, de görüm Gül Nəstərənə neylədi?
Bu sözü eşidən kimi padşah özündən getdi. Qız onu ayıltdı. Gül padşah ayılan kimi Nəstərəni soruşdu. Elə bu zaman Nəstərən qapıdan içəri girdi. Görüşdülər, öpüşdülər, çox şad oldular. Nəstərən bütün başına gələn əhvalatı Gülə nağıl elədi. Gül bərk qəzəbləndi, qırmızı geyinib taxta çıxdı. Əvvəl-əvvəl Qələbanı çağırtdırıb dedi:
- Əjdahanı Nəstərən öldürür, sən öz adına çıxarırsan, üstəlik onu da ağır yaralayırsan? Sənin cəzan ölümdü.
Taciri çağırtdırıb dedi:
- Öz oğlunun arvadına aşiq olursan? Sənin də cəzan ölümdü.
Əmr elədi cəllad hazır oldu. Qəl`əbanla, taciri dar ağacından asdırıb öldürdü.
Odunçu Əhmədi, bağbanı da çağırıb onlardan çox razılıq elədi. Onları özünə vəzir təyin elədi. Qardaşına da yeddi gün, yeddi gecə toy elətdirdi.
Günlərin bir günü Gül qardaşına dedi:
- Nəstərən, gedək atamızın yanına, onu görək, yenə qayıdarıq.
Onlar atlanıb yola düşdülər. Hələb şəhərinə yaxınlaşanda atalarının yanına bir qasid göndərdilər ki, sürgün elədiyin oğlanların səni görməyə gəlirlər, izn verirsən, ya yox?
Qasiddən oğlanların gəldiyini eşidən kimi padşah bütün vəzir, vəkil, əyanlarla onların pişvazına çıxdılar. Padşahla oğlanları görüşüb-öpüşdülər. Böyük dəstə ilə bargaha gəldilər.
Atası bütün əhvalatı öyrənmişdi, onları nahaqdan sürgün etdiyi də ona aydın olmuşdu. Ölkənin hər yerində şadyanalıq keçirdi, şəhəri çırağban elədi.
Onlar atalarının yanında bir müddət qalandan sonra ondan icazə aldılar, vidalaşıb öz ölkələrinə getdilər. Onlar yeyib, içib, yerə keçdilər, siz də yeyin, için dövrə keçin.


Geri dön

Ulya

  • 10 noyabr 2010 21:07
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
tesekkur hekayeye gore

SerSeRi_RuzGaR

  • 10 noyabr 2010 16:07
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
tongue MaRaqLi_HeYKaYedI)))

--------------------
<<<$aLunKa>>>

Yusif

  • 10 noyabr 2010 15:48
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqli hekayedi davamini sonra oxuyacam

Just For Legend

  • 10 noyabr 2010 15:37
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnettaram

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 29

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}